Əsas Səhifə > Gündəm, Manşet > “Üç övladı 360 manatla dolandıra bilmirəm”
“Üç övladı 360 manatla dolandıra bilmirəm”29-07-2024, 00:05 |
Yevlax rayon sakini, 37 yaşlı Qismət İbrahimov tək böyütdüyü övladlarını dolandırmaq üçün ünvanlı sosial yardım almaq istəyir. Meydan TV-yə müraciət edən Q.İbrahimov deyir ki, həyat yoldaşı 3 il əvvəl vəfat edib, şadlıq evlərinin birində ofsiant işləməklə ailəsini dolandırır. “10, 12 və 14 yaşında üç övladım var. Uşaqlar böyüdükcə tələbatları da artır. Orucluq və Məhərrəmlik ayında şadlıq evi fəaliyyət göstərmir. Sabit vergi ödəyicisiyəm, ofisiant kimi 360 manat alıram. Ünvanlı sosial yardım almaq üçün dəfələrlə tələb olunan sənədləri toplayıb aidiyyatı qurumlara təqdim etmşəm”,-şikayətçi bildirib. İbrahimov deyib ki, hər dəfə ona imtina cavabı gəlib. Səbəb kimi gəlirlərinin düzgün qiymətləndirilmədiyi göstərilir: “Üç övladı 360 manatla dolandıra bilmirəm, heç bir yerdən köməyim yoxdur. Anam 280 manat pensiya alır. Atam 2002-ci ildə iş yerində vəfat edib, mövcud qanunvericiliyə görə atamın maaşı anama verilməlidir. Lakin onu da etmirlər”. Orta təhsilli olan İbrahimov əlavə iş tapmaqda çətinlik çəkir. Deyir ki, rayonda iş tapmaq müşkül məsələdir, bundan əlavə, uşaqlara nəzarət etmək, qayğılarına qalmaq lazımdır. Buna görə də ünvanlı sosial yardım almaq üçün işinə ədalətlə baxılmasını istəyir. Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyindən vətəndaşın müraciəti ilə bağlı sualın araşdırmadan sonra cavablandırılacağı bildirilib. Geri qayıt |