Əsas Səhifə > Gündəm, Manşet > Adil Məmmədovu oliqarxlığa aparan yollar 30 ildə haralardan keçib
Adil Məmmədovu oliqarxlığa aparan yollar 30 ildə haralardan keçib18-09-2024, 08:39 |
Əsas mətləbə keçməzdən əvvəl xatırladaq ki,dövlətimizin başçısı, Prezident cənab İlham Əliyev xüsusilə məmurların işi ilə bağlı həmişə rəsmi fikirlərini çıxışlarında bu cür bildirib: “Dövlət məmurları vicdanla işləməlidirlər. Onların, necə deyərlər, vicdanı imkan verməməlidir ki, ayrı yolla getsinlər. Amma, eyni zamanda, ictimai nəzarət də güclü olmalıdır. Xalq da siqnal verməlidir, deməlidir, məlumat ötürməlidir ki, bax filan yerdə bu və ya digər çatışmazlıq var. Belə olan halda heç bir problem bizim qarşımızı kəsə bilməz”. Eyni zamanda da, ölkə prezidenti müxtəlif vaxtlarda etdiyi çıxışlarında mövcud neqativ halların aradan qaldırılması işində mətbuatın da rolunu xüsusi olaraq vurğulayıb. Belə çıxışların birində dövlət başçısı məmur özbaşınalıqları barədə deyib: “Ölkədə sosial ədalətsizlik halları var. Məmur özbaşınalığı halları, digər xoşagəlməz hallar – korrupsiya, rüşvətxorluq, insanların hüquqlarının pozulması halları var. Əlbəttə, biz bütün bunları bilməliyik və reaksiya verilməlidir. Əgər reaksiya verilməyəcəksə, o pozuntuları törədənlər daha da böyük pozuntular törədəcək. Ona görə mətbuatın burada nadir rolu var. Mən bunu sizə çox səmimi şəkildə deyirəm və sizdən xahiş edirəm, bu sahədə öz fəaliyyətinizi gələcəkdə də davam etdirəsiniz ki, həm ictimaiyyət, həm o pozuntuları edən məmurlar bilsinlər ki, heç bir yanlış hərəkət reaksiyasız qalmayacaq”. Bəli, biz də bir mətbu orqan olaraq cənab Prezidentin çağırışına məsuliyyətlə yanaşır və məmur özbaşnalıqları barədə apardığımız araşdırma yazılarımızla onların maxenasiyalarını konkret faktlar əsasında ifşa edir və ictimaiyyətin və dövlət orqanlarının diqqətinə çatdırırıq. Məhz dövlət başçısının bu tələblərinə qarşı çıxan növbəti məmur özbaşınalıqları barədə bu dəfəki məlumatlar , Qobustan Rayon İcra Hakimiyyəti rəhbərliyinin xoşagəlməz fəaliyyəti, eləcə də şəxsən RİH başçısı Adil Məmmədovun rəvac verdiyi konkret maxinasiyalar barədədir. Əvvəlcə yada salaq ki, Adil Məmmədov 1994-2002-ci illərdə Oğuz, 2002-2004-cü illərdə Qəbələ, 2004-2011-ci illərdə Biləsuvar rayonu İcra hakimiyyətinin başçısı vəzifəsində işləmişdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 26 aprel 2011-ci il tarixli, 1471 nömrəli sərəncamı ilə Qobustan rayonu İcra hakimiyyətinin başçısı vəzifəsinə təyin olunmuşdur. Əvvəlcə Qobustan, sonra isə Oğuz rayonundan olan mənbəmizin redaksiyamıza təqdim edən məlumatlardan aydın olur ki, Qobustan rayonda baş verməkdə olmuş bu maxinasiyalar əsasən üç istiqamətdə reallaşmaqdadır. İlk növbədə, mənbə “Adil” MMC-nin fəaliyyətini diqqət mərkəzinə çəkir. Bu xüsusda açıqlamada bildirilir ki, Masallı rayonunda dövlət qeydiyyatından keçmiş bu şirkət birbaşa Qobustan RİH-nin başçısı Adil Məmmədova məxsusdur. Həmin şirkətin vasitəsilə, il ərzində Qobustan rayonunda yerləşən bütün dövlət qurum və müəssisələrinə, eləcə də bələdiyyə orqanlarına avadanlıq və ləvazimatların alınması üçün ayrılan dövlət vəsaitlərinin mənimsənilməsi həyata keçirilir. Yəni, kəsəsi, rayon daxilində əsas “TENDER KRAL”I məhz “Adil” MMC hesab olunur. Bu məqsədlə, ayrılan vəsaitlər “Adil” MMC-nin bank hesabına köçürülür. Sonra isə həmin pullar nağdlaşdırılaraq, hesabdan çıxarılır. Bu zaman vəsaitlərin cəmi 70%-i tələb ( ən yaxşı halda) olunan inventarların alınmasına sərf olunur. Qalan 30% isə, bilavasitə Adil Məmmədov tərəfindən naməlum istiqamətə yönləndirilir… Açıqlamalarda Qobustan RİH-nin rəhbərliyi tərəfindən törədildiyi iddia olunan maxinasiyalardan ikincisi Mehdi Hüseynzadə adına sovxozun ərazisi ilə bağlıdır. Mənbə bildirir ki, sovxozun balansında kənd təsərrüfatı ilə məşğul olmaq üçün yararlı olan 800 hektar ərazi vardır. Lakin, başçı Adil Məmmədov və sovxozun direktoru Zümrüd Şərifova öz aralarında razılığa gələrək, Dövlət Reyestr Xidmətində həmin ərazini qeydiyyata alarkən, onun sahəsini cəmi 500 hektar göstəriblər. Qalan 300 hektar isə, Kənd Təsərrüfatı Nazirliyindən “gizlədilərək”, bu iki məmurun şəxsi mənafeyləri üçün istifadə olunmaqdadır. Nəhayət, aldığımız məlumatlarda Adil Məmmədovun rəvac verdiyi maxinasiyalardan üçüncüsü kimi də “Polad-İnşaat” şirkətinin rayondakı fəaliyyəti ilə bağlı qanun pozuntuları diqqət mərkəzinə gətirilir. Mənbə bildirir ki, türkiyəli iş adamı Polad Cəmilin rəhbərlik etdiyi bu şirkət uzun müddət Qobustan ərazisində yol çəkilişi işlərilə məşğul olubdur. Bu məqsədlə də hazırda şirkət rayonun dörd müxtəlif ərazisindən: Cəngi, Ceyrankeçməz, Diri Baba türbəsinin arxası və Pirsaat çayının üzərindəki çınqıl karxanasından Bakı-Şamaxı yolunun inşaası zamanı yol yataqlarının hazırlanması məqsədilə ölçüsü milyonlarla kub m –lə ölçülən daş-qaya parçaları, şeben -çınqıl və narın qum, torpaq daşınması həyata keçirir. Məlumdur ki, bu torpaq daşınmaları yerli bələdiyyələrlə müqavilələr bağlanmaqla, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Fövqəladə Hallar Nazirliyinin müvafiq rəyləri əsasında həyata keçirilməlidir. Həmçinin Torpaq haqqında qanuna görə, belə mineral dağ suxur və digər təbii sərvətlərin daşınaraq satılması kateqoriyalara görə konkret müəyyən olunan qiymətlərlə tənzimlənməlidir. Baxılan halda, göstərilən ərazilərdən daşınan torpağın hər bir kub.metrinə görə yerli bələdiyyə orqanlarının hesabına hər kub m material üçün 1 manat ödənilməlidir. Üstəlik mədən vergisinin də ödənişi öz yerində. Və çox təssüflər olsun ki, heç bir müqavilə imzalanmadan göstərilən ərazilərdən torpaq iri tutumlu “Shacman” yük maşınları ilə, hər gün 250-300 reys olmaqla daşınaraq Bakı-Şamaxı yolunun yol yatağının tikintisində xammal olaraq istifadə edilmişdir. Hər belə yük maşının tutumu isə 40-60 kub.metrdir. Beləliklə, gün ərzində daşınan torpağın ümumi qiyməti təxminən 10-20 min manat civarında olsa da, indiyədək yerli bələdiyyələrdən yalnız birinin hesabına, həm də cəmi 1 min manat pul ödənilib. Vəssəlam. İddia olunur ki, “Polad-İnşaat” şirkətinin həyata keçirdiyi torpaq daşımalarına görə ödənilən pullar da ( 3.000.000 manat) məhz nağd olaraq sənədsiz “şapka” kimi ödənilmişdir. Belə olmasaydı, “Polad Yol Yapı” qanunsuz olaraq müqəddəs yer hesab olunan “Diri Baba” ziyarətgahının arxa tərəfindəki dağı ağır texnikanın köməkliyilə əridib daşıya bilməzdi. Eləcə də Ceyrankeçməz çayının sağ tərəfindəki dağları yoxa çıxardaraq yerində 30 m dərinlikdə katlavan yeri qalmazdı. Biz, hələ 2023-cü ilin əvvəlində bu barədə ətraflı məlumatları dərc etsək də, nə ETSN, nə FHN-yi, nə də yerli İcra Hakimiyyəti tərəfindən heç bir ciddi reaksiya olmamışdır. Yəni, nəticəyə gəlirik ki, bu dövlət qurumları gizli sövdələşərək Polad Yol Yapının qeyri rəsmi ödədiyi pulları dədə malı kimi bölüşdürmüşlər. Ziyan görən isə dövlət büdcəsi və 3-ildən sonra dağılan yollarımız olmuşdur. Budur, Bakı-Şamaxı yolunun 73-74 cü km-də çökmələrə diqqət yetirmək kifayətdir. elə hissə varki, məcbur olub çöküntü yerinə 8-9 sm qalınlığında asfalt vurublar ki, yol normal vəziyyətdə görünsün. Belə olmasaydı, cənab A.Məmmədov Gənci aşırımının günbatan hissəsində özünə 1200 başlıq öküz ferması, 10 min hektarlarla taxıl sahələri, Qobustan şəhərinə çatmamış yolun sağ tərəfindəki konusvarı formada əlvan metaldan hazırlanmış və hər biri 25000 ton tutuma malik içi doldurulmuş taxıl anbarlarına necə sahib ola bilərdi? Təkcə Gəncidəki öküz fermasının 6 km-lik yoluna cibindən xərc çəkərək 2 qat asphalt örtüklü yol çəkdirmişdir. Lakin Gənci aşırımını qalxdırdan sonra yolun sağ istiqamətində yerləşən 900 illik tarixi olan Qaracüzlü kəndinə gedən yola hələ də asphalt salınmamışdır. Ona görə kənd sakini İbrahim Hüseynov Ali Baş Komandana müraciət edərək “Qənimətlər parkı”ndan bir ədəd erməni tankının kənd camaatının keçilməz yolla daşınması üçün payız və qış aylarında ayrılmasını xahiş etmişdir. Bildiyimiz kimi cənab Adil Məmmədov 1952-ci ildə Oğuz rayonun Xaçmaz kəndində anadan olmuşdur. Və 1994-cü ildən sonra doğma rayonda icra başçısı vəzifəsində işləmişdir. Oğuz rayonundan olan məlumatlı mənbəmizin qeyd etdiyi faktlardan belə məlum olur ki, cənab Adil müəllim vaxtilə Ramiz Mehdiyevin birbaşa göstərişi və təqdimatı əsasında icra başçısı olduqdan keçən 30 il ərzində aqrar sector oliqarxına çevrilmişdir desək, yəqin ki, yanılmarıq. Belə ki, cənab Məmmədov doğma kəndi olan Xaçmaz kəndinin Vahamalı adlanan ərazisində 200 ha taxıl sahəsinə malik olmaqla yanaşı, ərazinin daxilində 100 baş iribuynuzlu malı olan fermaya da sahibdir. Yenə həmin kəndin Daşyüz adlanan ərazisində isə 300 ha taxıl sahəsi, 2 ha-lıq balıq gölü, və böyük mal-qara ferması mövcuddur. Eləcə də Oğuz rayonun Bayan kəndində 250 başdan ibarət camış fermasına da malikdir. Xaçmaz kəndinin özündə də 100 ha yer və ferması vardır. Bundan əlavə, Oğuz rayonunda olan bütün daşınar və daşınmaz əmlakların hamısı qardaşı Saatov Saat Məcnun oğlunun adına sənədləşdirilmişdir. Göründüyü kimi, Qobustan RİH-nin başçısı Adil Məmmədova qarşı irəli sürülmüş ittihamlar kifayət qədər əsaslı və ciddidir. Həm də dünyanı bürümüş qlobal iqtisadi böhranın öz təsirlərini artıq ölkəmizə də göstərməyə başladığı bir vaxtda, dövlət məmurunun bu kimi mənimsəmələrə rəvac verməsi tamamilə yolverilməz bir haldır. Ümid edirik ki, müvafiq qurumlar bütün bu deyilən məqamların araşdırılması və məsələyə tam aydınlıq gətirilməsi istiqamətində lazımi tədbirləri görəcəklər. P.S. Bizdə olan məlumata görə cənab Adil Məmmədov 2023-cü ilin yazında Prezident Administrasiyasında olmuş və xəstəliyilə əlaqədar olaraq işdən azad edilməsi barədə ərizənin cənab Prezidentə təqdim edilməsini xahiş etmişdir. Hətta ərizəsi qəbul edildiyi zaman PA-dan çıxdığı zaman qarşısına çıxan ilk dilənçiyə 3 manat sədəqə də verəcəyini bildirmişdir. Lakin onun bu xahişi bizə məlum olmayan səbəblərdən hələlik nəzərə alınmamışdır. İfadetv.com Geri qayıt |