Əsas Səhifə > Gündəm, Manşet > "Qayı Bulaq"da "Qara Bulaq" havası...
"Qayı Bulaq"da "Qara Bulaq" havası...7-09-2015, 08:30 |
““Qayı Bulaq” – Qusarın üz qarası” başlıqlı material diqqətinizə təqdim etmişdik. Materialda bu rayonun Sağ sahil ərazisində yerləşən və Şövkət Əbdürəhmanov adlı şəxsə məxsus olan “Qayı Bulaq” istirahət mərkəzinin fəaliyyətində müşahidə olunan neqativ hallardan bəhs olunurdu. Belə ki, yerli mənbələrdən aldığımız məlumatlarda da təsdiq edilir ki, bu istirahət mərkəzi əslində artıq çoxdan öz profilini dəyişmişdir və dəyişiklik nə yerli sakinlərdə, nə də bura gələn bir çox qonaqlarda qətiyyən rəğbət doğurmayıb. Məsələ bindadır ki, “Qayı Bulaq” əvvəldən insanların məhz ailəvi şəkildə istirahət edə biləcəkləri məkan kimi təqdim olunub. Lakin bura gələnlər tez bir zamanda bu obyektin əsil priton kimi fəaliyyət göstərdiyinin şahidi olurlar. Məlumatlarda bildirilir ki, Şövkət Əbdürəhmanov istirahət mərkəzindən əldə etdiyi gəlirlərlə kifayətlənməyərək, buranın əxlaqsızlıq yuvası kimi fəaliyyət göstərməsinə şərait yaratmışdır.Açıqlamalara görə, “Qayı Bulaq”da nələrin baş verdiyini də, bura gələnlərin məhz nəyin “arzusunda” olduğunu da bu obyekti tanıyan hər kəs yaxşı bilir. Buna baxmayaraq, bu pritonun fəaliyyətini hələ də durduran yoxdur. Təqdim olunan açıqlamalarda bildirilir ki, bu obyektin intim xidmətlər sahəsində formalaşmış fəaliyyəti ətraf ərazilərdə yaşayan gənclərin mənəviyyatına ciddi zərbələr vurmaqdadır. Belə ki, burada “mədəni istirahət” adı altında təklif olunan seksual xidmətlər mənəvi-psixoloji cəhətdən hələ tam formalaşmamış bəzi gənclərin gündəlik müzakirə mövzusuna çevrilmişdir. Ötən saylarımızda da mövzuya dair dərc etdiyimiz materiallarda biz göstərmişik ki, son vaxtlar ölkə ərazisində iaşə obyektləri kimi qeydiyyatdan keçmiş, əslində isə əxlaqsızlıq yuvası kimi fəaliyyət göstərən müxtəlif səviyyəli pritonların sayında bir artım müşahidə olunur. Acınacaqlı haldır ki, bu gün istər paytaxt Bakıda, istərsə də respublikanın digər şəhər və rayonlarında bu kimi əxlaqsızlıq yuvalarına arzuolunmaz dərəcədə çox rast gəlmək mümkündür. O cümlədən, ölkəmizdə turizm sahəsinin inkişaf etdirilməsinə dövlət tərəfindən göstərilən diqqət və qayğının sayəsində, respublikamızın rayon və bölgələrində əyləncə və istirahət mərkəzlərinin də getdikcə artmasını bəzi işbazlar yalnız şəxsi mənafeləri baxımından dəyərləndirirlər. Həm də heç bir hüquqi və əxlaqi normaları gözləmədən yararlanmağa çalışan bu şəxslər, bu sahədə əldə olunan nailiyyətlərə kölgə salmağa çalışırlar. Təəssüflər olsun ki, əksər hallarda biz hətta hüquq-mühafizə orqanlarının da onların fəaliyyətinin qarşısının alınması üçün kifayət qədər səy göstərmədiklərinin şahidi oluruq. Yerli hakimiyyət və hüquq-mühafizə orqanlarının gözü qarşısında baş verən və cəmiyyətin mənəviyyatına qarşı yönəldilmiş rüsvayçı fəaliyətin durdurulmaması isə bir çox hallarda növbəti və daha böyük qanun pozuntularının, ağır cinayət hadisələrinin baş verməsini stimullaşdırır.Mövzuya dair ötən sayımızda dərc etdiyimiz materialda biz artıq belə bir məqamı da qeyd etmişdik ki, “Qayı Bulaq” istirahət mərkəzinin sahibi Şövkət Əbdürəhmanov iddia edir ki, o, obyektinin “rahat” fəaliyyət göstərə bilməsi üçün hər ay rayonun hüquq-mühafizə orqanlarına külli-miqdarda pul ödəyir. Təbii ki, belə bir ağır ittihama aydınlıq gətirmək üçün biz həm Qusar Rayon Prokurorluğu ilə, həm də Qusar Rayon Polis Şöbəsilə əlaqə saxladıq. Təəssüflər olsun ki, RPŞ-nin rəisi cənab Arif Əsədovla danışmaq mümkün olmadı. Lakin növbətçi hissənin əməkdaşı məlumatı qəbul edərək, bu xüsusda rəhbərliyə məruzə edəcəyini bildirdi. Prokurorluq ilə əlaqə cəhdimiz isə daha uğurlu oldu. Belə ki, əməkdaşımız rayonun prokuroru cənab Zahid Vəliyevlə şəxsən danışaraq, aldığımız açıqlamalar barədə onu məlumatlandırdı. Qeyd etmək istəyirik ki, Zahid müəllim deyilənləri diqqətə alaraq, ən qısa zamanda təqdim edəcəyimiz rəsmi sorğu əsasında araşdırma aparılacağını bildirdi. Ümid etmək olar ki, aidiyyatı olan digər qurumlar da “Qayı Bulaq” istirahət mərkəzinin fəaliyyətinin ciddi şəkildə araşdırılmasını və burada baş verən qanun pozuntularına son qoyulmasını təmin edəcəklər. Materialda adı keçən bütün tərəflərin mövqeyini dinləməyə hazırıq. Geri qayıt |