Əsas Səhifə > Gündəm, Manşet > Azərbaycanda milyonluq villaların qaranlıq sahibləri

Azərbaycanda milyonluq villaların qaranlıq sahibləri


16-09-2015, 08:43
Azərbaycanda milyonluq villaların qaranlıq sahibləri
Bu günlərdə Bakıda dəyəri 4 milyona qədər yüksələn villalar satışa çıxarılıb. Belə ki, Binə qəsəbəsində tikilən “Dreamland” (Xəyal adası) yaşayış kompleksində evlərin qiyməti 240-400 min manat, villaların qiyməti isə 700 min - 4 mln. manat ətrafında dəyişir. Villaların qiyməti onun modelindən və dizaynından asılı olaraq dəyişir.

Hələ bu harasıdır? Biz mətbuatda mütəmadi olaraq, bundan da qat-qat yüksək olan villaların satışı barədə məlumatlara rast gəlirik. Məsələn, ötən ilin yayında ortaya çıxdı ki, paytaxtda 16 milyon AZN (həmin dövrün məzənnəsi ilə 20 milyon 400 min ABŞ dolları) qiymətində ev satılır. Belə ki, Avropa otelinin yanında yerləşən “iqamətgah”-ın ümumi sahəsi 1 400 kvadratmetr təşkil edir. Bu cür saraya sahib olmaq istəyən şəxs isə nə az, nə çox düz 16 milyon manat ödəməli olacaq.

Azərbaycanda milyonluq villaların qaranlıq sahibləri
Azərbaycanda milyonluq villaların qaranlıq sahibləri

Həmin vaxt məlum olmuşdu ki, bu qiymətdən də aşağı, yəni 10 milyon ABŞ dollarına Braziliyaya məxsus İlha Das Pacas adlı ada almaq mümkündür. Adanın sahəsi 1 400 kvadratmetr yox, 146 kvadrat kilometr təşkil edir.

Həmçinin bir müddət əvvəl Bakıda daşınmaz əmlakın alqı-satqısı ilə bağlı saytların monitorinqi Bilgəh qəsəbəsində 7 otaqlı 4 milyon manata satılan villanın, yaxud Şıxov qəsəbəsində 3 milyon 600 minlik villanın varlığını göstərmişdi. Məlum olmuşdu ki, Novxanıda 2,6 milyonata satılan ev, Badamdarda 2 milyon 500 minə olan ev, Novxanıda 10 otaqlı və 2 milyon 500 manata satılan villa da öz əzəməti və qiymətinin fantastik olması ilə göz qamaşdırır.

İlk baxışda Azərbaycanda belə çoxmilyonluq mülklərin alqı-satqısı təəccüb doğurmamalıdır. Necə deyərlər, “varlığa nə darlıq?!”

Amma dediyimiz kimi, bu ilk baxışda belədir. Əslində isə ortada ciddi təzad var.

Məsələ burasındadır ki, Azərbaycanda bir nəfər də olsun, rəsmi milyonçu yoxdur. Düzdür, "Forbes" jurnalının hər il açıqladığı milyarderlər sırasında əslən azərbaycanlı olan və digər ölkələrin vətəndaşlığını qəbul etmiş, xaricdə yaşayan həmyerlilərimizin adlarına rast gəlirik. Amma hələ ki həmin siyahıya Azərbaycanda yaşayan milyonçu, yaxud milyarderin adı salınmayıb.

Yəni haradan baxsan, ölkəmizdə rəsmi olaraq nə bir milyonçu var, nə də milyarder.

Elə isə sual olunur: bir nəfər də rəsmi milyonçusu olmayan bir ölkədə dəyəri milyonlarla manata çatan villaları kimlər inşa edir, kimlər alırlar? Üstəlik, hüquq-mühafizə, prokurorluq orqanlarından tutmuş Vergilər Nazirliyinədək aidiyyatı dövlət qurumlarının hərəkətə keçməsi üçün elə həmin alqı-satqı əməliyyatları kifayət deyilmi? Axı belə fantastik villaların alınıb-satılmasının özü Azərbaycanda korrupsiyanın nə qədər dəhşətli miqyas aldığının ən əyani sübutudur.

Rəsmi milyonçusu olmayan bir ölkədə kimsə təkcə bir neçə milyon manatı özünə mülk almağa, türklər demiş, şıtır-şıtır saya bilirsə, həmin ölkədə gizli iqtisadiyyat və kirli pulların hansı səviyyədə tüğyan etdiyini, büdcənin necə talan olunduğunu, vergidən yayınmaların nə qədər geniş vüsət aldığını təsəvvür etmək çətin deyil.

Sonra da deyirlər, “korrupsiya dünyanın hər yerində var”.

Bəlkə də haqlısınız, ola bilsin doğrudan da korrupsiya dünyanın hər yerində var. Amma cənablar, allah eşqinə deyin, bəs bu nəhənglikdə, bu həyasızlıqda korrupsiya dünyanın harasında var?!

Azərbaycanda milyonluq villaların qaranlıq sahibləri
Baham adalarında villa

Geri qayıt