Bəzən sosial şəbəkələrdə Bakını və Bakının nəqliyat sistemini dünyanın başqa şəhərləri və onların nəqliyyat sistemi ilə müqayisə edirlər. Amma unudurlar ki, Bakı gözəl şəhər ola bilər. Aidiyyatı qurumlar elə bir vəziyyətə salıb ki, şəhərdə tıxac insanı boğaza yığır. Məsələn; ADY yeni qatarlar alarsa və var olan xəttlər üzərində müvafiq stansiyalar yaradarsa, sərnişin yükü azalar. Rəhbərlik dəyişsə də, sistem və işə yanaşma eynidirsə, hansı yenilikdən söz gedə bilər ki... Ekspert deyir ki, sovet dövründə vəziyyət müvafiq dövrlə müqayisədə daha əlverişli olub. Bu gün cəmi 7 qatar... gülməlidir, yoxsa ağlamalıdır… Burada sual yaranır: “görəsən, ADY-də gəlir hara gedir?
Nəqliyyat məsələləri üzrə ekspert Rauf Ağamirzəyev Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, birbaşa analogiyalar doğru yanaşma deyil, hər bir şəhərin fərqli inkişaf mərhələsi və ya fərqli yaşam tərzi ola bilər.
“Azərbaycan sovet dönəmində 71 il inkişaf edib və standartları, infrastrukturu buna uyğun qurulub. Postsovet dövründə də yeni bazar iqtisadiyyatı dövrünə qədəm qoymuşuq. Bunun da fərqli reallıqları var. Ölkənin qarşılaşdığı problemlər və maliyyə qıtlığı şəhər nəqliyyatına da fəsadsız ötüşməyib. Azərbaycanda ictimai nəqliyyat çox təəssüf ki, istənilən səviyyədə deyil və bunun da obyektiv və subyektiv səbəbləri var.
Nəqliyyatın fərqli növlərinə nəzər yetirsək, ümumi olaraq, milyonluq şəhərlərdə əsas yükü relsli nəqliyyat daşıyır. Çox təəssüf ki, biz relsli nəqliyyatın yüngül relsli növünü - tramvayı ləğv etmişik. Ümumiyyətlə 20 ildir ki, paytaxtda tramvay yoxdur. 2009-cu ilə qədər fəaliyyət göstərən şəhərətrafı elektrik qatarının müəyyən sahələri demontaj olunub: Mərdəkan-Əncirlik sahəsi. 2015-ci ildən ilkin bərpa olunan istiqamətlər müşahidə olundu. 2019-cu ildə tamamlanandan sonra Abşeron dairəvi var dəmir yolu fəaliyət göstərməyə başladı. Amma orada da hərəkət tərkibi çatışmazlığı var. Bu da birbaşa intervala təsir edir.
Yük trafikinin sərnişin trafikindən ayırmaq üçün mühəndis həlləri icra olunmalıdır ki, daha intensiv hərəkət təmin olunsun. Həmçinin yük trafikini şimal-cənub nəqliyyat dəhlizi üzrə olan hissəsini ayırmaq üçün Güzdək-Sahil yolu tikintisi 2019-cu ildə başlayıb, amma yarımçıq qalıb. Onu tamamlamaq lazımdır”-deyən Rauf Ağamirzəyev qeyd edib ki, sərnişin yükünün parçalanması üçün əlavə stansiyalar tikilməlidir.
Ekspertin sözlərinə görə, Dərnəgül-Keşlə və “Böyükşor” stansiyaları tikilməli, Nərimanov stansiyasınn fəaliyyəti təmin olunmalıdır, eyni zamanda "mini-hub" tikilməlidir. Ekspert bildirib ki, bu layihələr həyata keçərsə, sərnişin axınının parçalanmasına gətirib çıxaracaq.
“Bu mənada bu işlər baş planda da nəzərdə tutulsa da, ilin sonuna gəlib çıxmışıq, heç bir layihə icra olunmayıb. Baş planda məhz relsli nəqliyyatın dəmir yolu seqmenti üzrə işlərin daha real görülməsi daha realdır. Ümumi olaraq, bu gün Bakı şəhərində dəmir yolu var, modernləşmiş sahələr var. Təəssüf ki, 100 kilometrlik radiusda biz mobilliyi təmin edə bilmirik. Dəmir yolu var, amma hərəkət tərkibi çatmır. Hərəkət tərkibinin alınmasına ehtiyac var. Yeni qatarların alınıb xəttə buraxılmasına və yerüstü metro funksiyasını daşınmasına gətirib çıxartmaq lazımdır. Bu gün ən çox hərəkətdə olan avtobusdur.
Gün ərzində dəmiryolu 37 min sərnişin daşıyır. Potensialı bundan dəfələrlə böyükdür. Çünki bizim əlimizdə datalar var ki, 1985-ci ildə Abşeronun 500 minlik əhalisinin mobilliyini 15-20 dəqiqə intervalla 120 cüt qatar təmin edirdi. Hazırda 37 min sərnişini daşıyır, amma əhali dəfələrlə çoxdur və cəmi 7 qatar hərəkət edir. Bu qatarların sayını artırmaq, yeni sifarişlər vermək lazımdır. Çünki dəmir yolu var. Onda davamlı hərəkəti təmin etmək lazımdır və fəaliyyət göstərməyən sahələrin fəaliyyəti təmin olunmalı, hərəkət üçün modernləşdirməli, sürət təmin olunmalı, təhlükəsizlik təminatı təmin olunmalı, yeni reallığa uyğun süni qurğular qurmaq lazımdırsa qurulmalı, çəpərlənmə işləri görmək lazımdırsa, görülməlidir ki, sürətli hərəkət təmin olunsun”-deyə ekspert bildirib.
Rauf Ağamirzəyev qeyd edib ki, Binə kəndində 200 minə yaxın əhali yaşayır, Maştağa kəndində 100 minə yaxın əhali yaşayır, sərhədlər durmadan artır və ictimai nəqliyyat təkcə avtobusun üzərində durub: “Bu mənada şəhər ətrafında əsas yükü şəhərətrafı elektrik qatarı şəbəkəsi götürməlidir".