"Yaxın Şərqdəki böyük böhranın təsirləri Cənubi Qafqaza çatır. İranın Milli Təhlükəsizlik Şurasının katibi Əli Əhmədianın Azərbaycan və Ermənistana səfərlərinin məhz səbəbi budur”.
Globalinfo.az xəbər verir ki, bu barədə rusiyalı politoloq Stanislav Tarasovun “Svobodnaya pressa”da yayımlanan məqaləsində qeyd olunur.
Onun sözlərinə görə, Əhmədian İrəvana səfəri zamanı Ermənistanın Baş nazir Nikol Paşinyana xüsusilə vəziyyəti daha dəqiq izah edib:
“Əhmədian hər iki ölkənin rəsmiləri ilə danışıqlar aparıb. Bu səfər Yaxın Şərqdə və Suriyada baş verənlərlə birbaşa bağlı olub. Tehran ən çox da Azərbaycanla münasibətlərin gərginləşməsi və Bakının ritorikasından narahatdır. İran Zəngəzur dəhlizinin açılmasına hələ də qarşıdır və bu məsələdə Ermənistan rəhbərliyi ilə danışır. Azərbaycan regional məsələlərin elə region ölkələri və buradakı əsas aktorlar arasında həll edilməsinin tərəfdarıdır. Ona görə də, “3+3″ formatını dəstəkləyir. Bu, İranın da maraqlarına uyğun gəlir.
Lakin Ermənistan tamamilə ayrı mövzudur. Məlumata görə, Əhmədian İrəvana səfəri zamanı Paşinyana Avropa İttifaqının müşahidəçi missiyasının fəaliyyətindən imtina etmək təklifini çatdırıb. Tehran rəsmisinin təhlükəsizliyin təmin edilməsi üçün İran qoşunlarının Ermənistan ərazisində yerləşdirilməsini təklif etdiyi bildirilir. Əhmədian deyib ki, İran qoşunları sadəcə Ermənistanın qorunmasına xidmət edəcək, bu ölkənin ərazisində əbədi yerləşməyəcək”.
Tarasov bildirib ki, Ermənistan hazırda fərqli həll variantları təqdim edən iki geosiyasi mərkəz arasında qalıb və məcbur seçim etməli olacaq:
“İrəvanın düşdüyü vəziyyətdən iki çıxış yolu var. Birincisi, Azərbaycanla barışmalı, Türkiyə ilə münasibətləri yoluna qoymalıdır. Bununla da gələcəkdə yaşanacaq neqativ hadisələrdən qoruna biləcək. İkincisi, Ermənistanın Avropa İttifaqına üzv olmasıdır ki, bu zaman da müşahidəçi missiyasının fəaliyyət imkanları məhdudlaşdırılacaq.
Məsələ ondadır ki, bu missiya Ermənistan və Azərbaycan sərhədində risklərin azaldılması və sabitliyin bərqərar olunması kimi rəsmi şəkildə bəyan edilmiş funksiyalarını heç vaxt yerinə yetirməyib. Sərhəddə atışmalar onların fəaliyyət dövründə də olub. Yaxın Şərqdən sonra hədəf Cənubi Qafqazdadır. İrəvan həqiqətən də çox çətin seçim etməli olacaq. Həqiqəti nə qədər tez anlasa, həm özü, həm də başqaları üçün daha yaxşıdır”.