“Orta məktəbi güclə bitirib, qabağına aparat qoyub yazıb ki, “həkim-lazeroloq!” - MALƏSƏF...
Bugünlərdə Baş prokuror Kamran Əliyev jurnalistlərə açıqlamasında Səhiyyə Nazirliyi və Baş Prokurorluğun saxta sertifikatlı plastik cərrahlarla bağlı birgə komissiya yaratdığını, Səhiyyə Nazirliyinin müraciəti əsasında faktlarla bağlı cinayət işi başlanıldığını bildirib.
Maraqlıdır, bu sahədə aparılan araşdırmalar, saxta sertifikatlı şəxslərin ifşası cəmiyyətdə həkimlərə inam və etibarı artıra, onların nüfuzunu yüksəldə bilərmi?
Moderator.az-a açıqlama verən professor Adil Qeybulla mövzu ilə bağlı maraqlı fikirlər səsləndirib:
“Bu məsələyə bir az fərqli yanaşmaq lazımdır. Əvvəla, Azərbaycanda bu gün Almaniyada, qardaş Türkiyədə hazırlıq keçib gəlmiş xeyli peşəkar həkimlər var. Gərək elə edək ki, onları da küsdürməyək. Onlar gedib çox rahatlıqla Almaniyada, Fransada, Türkiyədə işləyə bilərlər.
Bu da bir həqiqətdir ki, müxtəlif fırıldaqlarla həkimlik edənlər də var. Elə adam var ki, orta təhsili var, ya yox, bilinmir, yaxud güclə orta təhsil alıb, qabağına bir lazer aparatı qoyur. Qarşısına da yazıb qoyur ki, “həkim-lazeroloq”. Belə biabırçılıqlara son qoymaq lazımdır.
Sertifikatı həkimə yalnız ixtisaslaşmış müəssisənin tabe olduğu təşkilatlar, cəmiyyətlər verə bilər. Məsələn, Estetik Cərrahlar Cəmiyyəti Səhiyyə Nazirlyinin qeydiyyatından keçən qurum kimi kiməsə bunu verə bilər. Bu sənəd də nazirlik tərəfindən təsdiq olunur. Bizdə isə belə deyil. Buna görə də bu sahədə belə bir araşdırmanın aparılması faydalıdır”.