Əsas Səhifə > Ana xəbərlər, Güney Press > Azərbaycanı hədəfə almış "şəbəkə" fenomeni Yaxın Şərqin vəkili rolunda "humanist" şərh verir

Azərbaycanı hədəfə almış "şəbəkə" fenomeni Yaxın Şərqin vəkili rolunda "humanist" şərh verir


Bu gün, 10:05
Azərbaycanı hədəfə almış "şəbəkə" fenomeni Yaxın Şərqin vəkili rolunda "humanist" şərh verir
Amerika Birləşmiş Ştatlarının vətəndaşı, erməni əsilli "iş adamı" kimi təqdim olunan Den Bilzeryan ötən gün yenə də efirdə peyda olub. O, bu dəfə Piers Morqanın YouTube kanalında "Uncensored" ("Senzurasız") adlı verilişdə çıxış edib. HƏMAS-ı "müqavimət hərəkatı" adlandırıb, İsraili Qəzzada "soyqırım törətməkdə" ittiham edib. Bundan bir müddət əvvəl - bu ilin avqustunda o, Ermənistan ictimai radiosunda çıxış edərək qondarma "erməni soyqırımı"nı tanımadığına görə İsraili tənqid eləmişdi. Bundan cəmi iki ay keçməmiş Ermənistan hökuməti özü 1915-ci ildə baş vermiş hadisələri "soyqırım" olaraq tanıtmaq cəhdinin yanlış olduğunu bildirdi.
Bilzeryanı mediada və sosial şəbəkələrdə "peşəkar poker oyunçusu" kimi təqdim edirlər. Onun "Instagram"da 30 milyondan çox təqibçisi olduğu və bu il maddi sərvətinin 200 milyon dolları keçdiyi haqda məlumatlar verilir. O, hətta bu ilki seçkilərdə namizədliyini irəli sürəcəyini də demişdi.

Bilzeryanı Azərbaycanda da yaxşı tanıyırlar: o, 2015-ci ildə Azərbaycanın o zaman işğal altında olan ərazilərinə gələrək, yerli erməni separatçı-terrorçu dəstələrinə silah-sursat hədiyyə etmişdi. Bilzeryanın bağışladığı silahlar - 30 ədəd dünyada ən yaxşılardan sayılan B82 Barret snayper tüfəngi və 50 ədəd M110 snayper tüfəngi və gecəgörmə cihazları olub. B82 Barret snayper tüfəngləri modifikasiyasından asılı olaraq, 1800-1600 metr məsafədə hədəfi vura bilir.

2018-ci ildə Ermənistana gələrək bu ölkənin vətəndaşlığını almış, daha sonra Ermənistan ordusuna yazılaraq, Qarabağa gəlmişdi. Bilzeryan Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini, yaxınlıqdakı yaşayış məntəqələrini nişan alaraq, atıcı silahlardan və qumbaraatanlardan atəşə tutmuşdu. Bu o zaman idi ki, o dövrdə Ermənistanın müdafiə naziri Davit Tonoyan: "Yeni ərazilər üçün yeni müharibə" deyirdi. Ermənistan Milli Təhlükəsizlik Xidmətinin rəisi Artur Vanesyan isə o zaman işğal altında olan Füzuliyə səfəri zamanı: "Azərbaycana bir qarış da olsun torpaq qaytarılmayacaq" deyə "and içmişdi" (bu, Birinci Qarabağ müharibəsi zamanı hardasa bir il Azərbaycanın müdafiə naziri olmuş Rəhim Qazıyevin: "Şuşa işğal olunsa, başıma bir güllə vuracam" andının erməni versiyası idi). Nəhayət, Baş nazir Nikol Paşinyan: "Qarabağ - Ermənistandır" deyə "nöqtə" qoymuşdu. Bax, həmin dönəmlərdə Den Bilzeryan da bu cür "döyüşkən" leksikadan ekstaza gələrək, yarıçılpaq fotomodellərlə birlikdə Qarabağda peyda olmuş, ön cəbhədə "döyüş pozası" almışdı. Bu cür ekstravaqant formalarda Azərbaycana qarşı hərbi cinayətlərdə iştirak edirdi.

Təbii ki, qanusuz əməllərinə, Azərbaycana qarşı törətdiyi cinayətlərə görə ölkəmizin Xarici İşlər Nazirliyi onun adını "qara siyahı"ya salmış, Baş Prokurorluqda isə Den Bilzeryan barəsində cinayət işi qaldırılmış, erməni əsilli terrorist-qumarbaz İnterpol xəttilə axtarışa verilmişdi. Ancaq Bilzeryana ən tutarlı cavabı Azərbaycan ordusu verdi; bütün işğal altındakı ərazilər azad olundu, Ermənistan kapitulyasiya aktını imzalamağa məcbur edildi.

Amma Bilzeryana bu da, deyəsən, azlıq edir. 44 günlük müharibədə və lokal antiterror əməliyyatından sonra da o, öz avantürist əməllərindən əl çəkməyib. Bu yaxınlarda Ermənistan-Azərbaycan sərhəddinə gələrək təxribatçı çıxışlar və hərəkətlər etmişdi.

Özü azərbaycanlılara qarşı soyqırım, etnik təmizləmə, hər cür hərbi cinayətlər törətmiş separatçı-terrorçu xuntaya yardım edən, silahlandıran, hətta şəxsən Azərbaycan hərbi qulluqçularına və mülki əhaliyə qarşı terrorçu əməllər törətmiş Bilzeryan indi Qəzzada gələstinlilərə qarşı "soyqırım" və "terror törədildiyi" haqda danışır. Piers Morqanın verilişindəki çıxışı zamanı hətta efirə verilməsi mümkün olmayan təhqiramiz ifadələr də işlədir. Onun bu çarəsiz çılğınlığını izləyəndə adamın düşmənə də yazığı gəlir. Ermənistan dövləti, gör, hansı vəziyyətdədir ki, qumarbaz-pleyboy Den Bilzeryan, eləcə də, 18+ mövzuların ulduzu Kim Kardaşyan və sair kimilərin umuduna qalıb...

Seyid Əhmədli, Bizimyol.info

Geri qayıt