Əsas Səhifə > Ana xəbərlər, Güney Press > Gürcüstandan vasitəçilik təklifi: Azərbaycan razı, bəs İrəvan?
Gürcüstandan vasitəçilik təklifi: Azərbaycan razı, bəs İrəvan?Bu gün, 17:31 |
Gürcüstan Azərbaycan və Ermənistan arasında danışıqlarda vasitəçi rolunu oynamağa hazırdır. Bunu Gürcüstanın Birinci Kanalına müsahibəsində ölkənin Baş naziri İrakli Kobaxidze deyib. “Gürcüstanda, məsələn, vasitəçi kimi və ya danışıqların təmin edilməsi prosesində daha da fəal iştirak etmək üçün maraq varsa, buna hazırdır. Bu hazırlıq indi də qüvvədədir. Əgər müvafiq maraq olarsa, biz iki qonşu ölkəyə öz köməyimizi və dəstəyimizi təklif etməyə hazırıq”, - Kobaxidze bildirib. Qeyd edək ki, əvvəllər Gürcüstan Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması üçün bir neçə dəfə vasitəçi kimi çıxış edib. Məsələ ilə bağlı politoloq Oqtay Qasımov “Cebheinfo.az”-a şərhində qeyd edib ki, Gürcüstan yalnız təşkilatçı qismində çıxış edə bilər: “Baş nazir İrakli Kobaxidzenin bu bəyanatı xoşməramlı bəyanat kimi qiymətləndirmək lazımdır. Nəzərə almaq lazımdır ki, Gürcüstan bu məsələdə bir neçə dəfə cəhd edib. Tiflisdə Azərbayav və Ermənistan XİN rəhbərlərinin görüşü də təşkil olunub. Tiflisin bu təşəbbüsünü yüksək qiymətləndirmək lazımdır. Gürcüstan yenə də öz vasitəçilik etmək niyyətində ola bilər. Hesab etmirəm ki, Gürcüstanın vasitəçiliyi sülh prosesini irəli aparacaq. Ən azından bu məsələdə vasitəçi tərəflərin hər iki tərəfə təsir imkanları olmalıdır. Bildirim ki, vasitəçilərin iştirakı ilə aparılan danışıqlar bu günə kimi heç bir ciddi müsbət nəticə verməyib. Ən uyğun və münasib variant Azərbaycan ilə Ermənistan arasında danışıqların və təmasların ikitərəfli qaydada davam etdirilməsidir. Əgər Tiflisdə hər hansı şəkildə ikitərəfli görüş təşkil olunarsa, Azərbaycan buna etiraz etməyəcək. Tiflis yalnız təşkilatçı roluna malik ola bilər. Amma Ermənistanın buna hazır olub-olmamasına gəlincə, bu, başqa bir məsələdir. Çünki İrəvan Tiflisdə ikitərəfli görüşlərə qatılmaq üçün rəsmi Vaşinqton və Parisin rəyini nəzərə almalıdır. İrəvanın Bakıda təşkil olunan BMT-nin İqlim Dəyişiklikləri üzrə COP29 beynəlxalq tədbirdə iştirak etməkdən imtina etməsi onu deməyə əsas verir ki, İrəvan regionda sülhün bərqərar olunmasında maraqlı deyil və başqa mərkəzlər tərəfindən idarə olunur”. Geri qayıt |