Əsas Səhifə > Ana xəbərlər, Güney Press > Amilinin ZƏHƏRLİ AMALI...

Amilinin ZƏHƏRLİ AMALI...


Bu gün, 09:21
Amilinin ZƏHƏRLİ AMALI...
Azərbaycana qarşı düşmənçiliyi ilə tanınan İran şovinisti, Ərdəbilin imam-cüməsi Seyid Həsən Ameli növbəti sərsəm açıqlaması ilə gündəmə gəlib. “Bakı konfransında (COP29 nəzərdə tutulur-red.) iştirak etmədiyinə görə İran prezidentinə ürəkdən təşəkkür edirəm”, - deyə o bildirib.

Ameli daha sonra belə deyib: “50 min müsəlman qadın və uşaqdan ibarət qatili (İsraili nəzərdə tutur- red.) dəvət etmək təhqirdir. Biz qəzəblənirik. Biz öz ikrah hissimizi bildiririk”.

Qeyd edək ki, məlumatlara görə, rəsmi Bakı cənub qonşusu tədbirdə iştirakı üçün bütün lazımi şəraiti yaradıb və əvvəlcədən elan edilib ki, İsrail prezidenti Hersoqun başçılıq etdiyi və 3 nazirin də qatılacağı 100-dən artıq nümayəndə heyəti Bakıya “COP29 tədbirlərinin ikinci həftəsində” səfər edəcək.Yəni Azərbaycan öz qonşusu İranın prezidentinə liderlər sammitində rahat iştirak imkanı tanımışdı.

Böyük Quruluş Partiyasının sədri, deputat Fazil Mustafa “Yeni Müsavat”a açıqlamasında iranlı mollanın COP29-un nə olmasından belə xəbərsiz olduğunu söylədi: “Ümumiyyətlə, bu cür gerizəkalı ünsürlərin hər hansı bir açıqlamasını ciddiyə almağın özü doğru deyil. Başqa nə açıqlama verməlidir? Adamın normal dünyəvi təhsili, həyata baxışı yoxdur. 1400-1300-ün gerisində xəstə təxəyyüllərlə həyata baxışı olan bu insanlar nə anlayır ki, COP29 nədir? Niyə bu tədbir keçirilir? Ümuminsani dəyərlərin nə olduğunu belələri anlamaz. Bu cür xəstə təxəyyüllü insanlar özü gedib, məsələn, rusla, ingilislə, erməni ilə dodaq-dodağa öpüşür, bu, onlar üçün rəzalət sayılmır, amma başqaları ilə qiymətləndirmə aparmağa çalışırlar. COP29 iqlimlə bağlıdır, Azərbaycanla bağlı tədbir deyil ki? Bu şəxs tədbirin mahiyyətini anlamır. Ona əlifba öyrətmək lazımdır. Onu başa salmaq lazımdır ki, COP29 nə deməkdir. Bunun açılışını verəcək yetənəyə, qabiliyyətə sahib deyil. Kimsə gəlib-gəlməyib, öz işidir. Gələn sağ olsun, qonağımızdır. Gəlməyən özü bilər, gəlməyib. Uzaqbaşı hansısa bir məqsədlə, bədniyyətlə gəlməyibsə, cəhənnəmə gəlməsin. Biz elələrinin ayağına düşüb kimisə dəvət etməmişik. Biz ümumi, mədəni tədbirə mədəni insanların gəlməsini istəmişik. Kimin ki, mədəniyyəti zəifdirsə, gəlməsin, özü bilər. Biz hansısa bir ölkə ilə bağlı onun tədbirə gəlməsi ilə xoşbəxtlik tapası deyilik ki... Bu baxımdan hesab edirəm ki, hansısa bir ölkədən bu tipli çağırışlar gəlirsə, bunu sadəcə mənasız bir çağırış kimi qiymətləndirməliyik. İndi bir mollanın açıqlaması bizim üçün əsas ola bilməz. Əsas olan İran dövlətinin mövqeyidir. Nümayəndələri iştirak edib. Bizim üçün hansı səviyyədə iştirak etmələrinin önəmi yoxdur. Əsas olan odur ki, iqlim probleminə ölkələr həssaslıqla yanaşsınlar. Qalan məsələlər hərənin öz seçimidir. Buna görə Azərbaycanı ittiham etmək axmaqlıqdan başqa bir şey deyil”.

Azad Vətən Partiyasının sədri Akif Nağı bu sayıqlamaları edən Həsən Ameli ilə vaxtilə olan görüşündən söz açdı: “İranın bəzi nümayəndələrinin Azərbaycanla bağlı qərəzli mövqeyi ancaq təəssüf doğurur. Təəssüflənirik ki, öz dövlət maraqlarına belə riayət etmirlər. Harada nəyə xidmət edirlər, nə üçün belə edirlər, bəzən düşünməli olursan. Belə baxırsan ki, Fransa prezidenti Emmanuel Makrona bənzəyirlər. Hər şeyi qoyaq bir kənara, öz dövlət maraqlarını belə fikirləşmirlər. Azərbaycanla qarşıdurma sizə nə verir? Azərbaycana qarşı olan mövqeyiniz sizə nə qazandırır? Ermənistanı təbliğ etmək sizə nə verir? İranda olduğum zaman bir neçə dəfə Həsən Ameli ilə görüşmüşəm. Söhbətlərimiz olub. Sizin əməkdaşınız Elşad Paşasoyla bir yerdə getmişik. Elşad bəy ondan geniş müsahibə götürüb. Müsahibələrinin hər birində Azərbaycana qarşı dost-qardaş münasibətini bildirirdi. Hərdən çıxışında türk dilinin orada inkişafının vacibliyini vurğulayırdı. Niyə türk dili ilə müqayisədə fars dilinə daha çox yer verildiyi barədə hakimiyyətə öz sərt etirazlarını da bildirir. İndi birdən-birə Azərbaycana qarşı bu cür mövqe sərgiləyir. İran prezidentinin Azərbaycana gəlməməsi ilə bağlı sevincini şərh edir, təşəkkürünü bildirir ki, "yaxşı ki, getmədin". Niyə? Azərbaycan rəhbərliyi sizinlə yaxın münasibətlər yaratmaq istəyir, dostcasına yanaşır. Azərbaycan Prezidenti dəfələrlə bildirib ki, dost münasibətlər olmalıdır, buna çalışırıq, iqtisadi layihələri birlikdə işləyirik. İndi nə baş verir? Kimin sifarişini yerinə yetirirsiz?"

Partiya sədri çox vacib suallar da ünvanladı: “Onlar belə əsaslandırma etdilər ki, guya ona görə tədbirə gəlmirlər ki, İsrail prezidenti tədbirə qatılacaqdı. O zaman sual olunur: siz niyə gedib BMT-nin tədbirində iştirak edirsiz? BMT-də İsrailin prezidenti də, baş naziri də iştirak edir, siz də. O zaman siz də BMT-nin tədbirinə qatılmayın. Yəni bunlar bəhanədən başqa bir şey deyil. Hansısa bir regional və ya digər bir tədbir olsun, İsrail iştirak etsin, bunun digər məsələlərə nə dəxli var ki? Azərbaycan tərəfi heç kəsə, heç bir dövlətə etmədiyi güzəşti onlara edib. Yəni elə bir şərait yaradılacaqdı ki, İran nümayəndələri Bakıda olanda İsrail nümayəndələri olmayacaqdı. Onlar sonra gələcəkdilər. Bundan yaxşı münasibət nəyə demək olar? Azərbaycan üçün hər hansı bir məsələ ilə bağlı cənub qonşumuz belə bir münasibət yaradırmı? Onların Ermənistana münasibətləri ilə bağlı dəfələrlə bildirmişik. Amma hələ də dözürük ki, öz dövlət siyasətləri var. Onların Ermənistana dəstək verib-verməmələrinin bizim üçün heç bir əhəmiyyəti yoxdur. Onsuz da öz sözümüzü deyirik. Ermənistanı da diz çökdürmüşük. Kim ona dəstək verirsə-versin, xeyri yoxdur. İran kimi zəif bir dövlətin Ermənistana dəstəyinin nə əhəmiyyəti ola bilər ki, biz ona qıcıqlanaq. Rusiya kimi dövlət dəstək verirdi, Qərb bu gün də dəstək verir. Amma yenə də Azərbaycan öz dövlət maraqlarına uyğun siyasətini davam etdirir. İstənilən halda, İran tərəfindən belə mövqelərin səslənməsi təəssüf doğurmaya bilməz. Cənub qonşumuz belə məsələlərə diqqət etməlidir. Yeni şəxs hakimiyyətə gəlib. Azərbaycanlıdır, Azərbaycanla bağlı müsbət fikirlər səsləndirir. İmkan versinlər, o, Azərbaycanla münasibətləri normallaşdırsın. Yəqin ki, belə təzyiqlər altında Pezeşkian Bakıya gəlməkdən imtina etdi. Görünür, hər yandan təzyiqlər olub. Amma bunlar heç nəyi dəyişən deyil. Uduzan tərəf yenə İran oldu. Azərbaycan bu cür cılız fikirlərə əhəmiyyət verməməli, öz xəttini yeritməlidir. İranla münasibətlər qarşılıqlı şəkildə sərfəlidirsə, addımlarımızı bir atırıq, xeyr, sərfəli deyilsə, biz də birlikdə eynən onlar kimi addımlar atmırıq. Azərbaycan belə bir prinsiplə yanaşmalıdır ki, nə qədər bizim maraqlara cavab verirsə, o qədər biz bu münasibətləri saxlayırıq, vəssalam. Başqa bir məsələ yoxdur. Oradakı azərbaycanlılarla bağlı belə biz İranın daxili işlərinə qarışmırıq. Sadəcə, Azərbaycan Prezidenti dəfələrlə bildirib ki, oradakı 50 milyon Azərbaycan türkünün də prezidentidir. Harada Azərbaycan türkü varsa, onların haqları, hüquqları ilə bağlı Azərbaycan yanlarındadır. Oradakı Azərbaycan türkləri Ali Baş Komandanı sevirlər. Bunu ən müxtəlif yerlərdə göstəriblər. Bunlar da normal şeylərdir. Dövlətlərarası münasibətlər nə qədər yaxşı olsa, təkcə Azərbaycanın deyil, İranın da xeyrinə olacaq”.


Geri qayıt