Əsas Səhifə > Ana xəbərlər, Güney Press > Trampın qərarı Azərbaycana necə təsir edəcək?
Trampın qərarı Azərbaycana necə təsir edəcək?Dünən, 16:07 |
“Trampın neft siyasəti Azərbaycana da təsir göstərə bilər”. Bu sözləri iqtisadçı-ekspert Natiq Cəfərli “Cebheinfo.az”-a şərhində 2025-ci ilin yanvarında formalaşacaq Tramp administrasiyanın neft siyasətini və bunun Azərbaycana təsirləri barədə fikirlərini bölüşərkən bildirib. Onun sözlərinə görə, Donald Tramp Bayden administrasiya dövründə neft istehsalı ilə bağlı qəbul olunan bütün qərarları ləğv edəcək. “Prezident seçkilərindən öncə seçki kampaniyası zamanı Donald Tramp və onun komandasının üzvləri dəfələrlə bəyan edib ki, əgər onlar hakimiyyətə gəlsələr, neft-qaz istehsalını artıracaqlar. Demokrat Bayden administrasiyası ölkənin müxtəlif ərazilərində yeni neft yataqların istismar olunması üçün lisenziyaların verilməsini dayandırmışdı. Lakin 2025-ci ilin yanvarından ABŞ-yə rəhbərlik edəcək Tramp administrasiyası yeni neft yataqlarının istismar olunması üçün şirkətlərə lisenziyaların verilməsini bərpa, hətta vergi güzəştləri də tətbiq etməyi planlaşdırır. Bu, böyük potensiala sahib olan Amerika bazarı üçün yeni fürsətlər yaradacaq”. Ekspert xatırladıb ki, Amerikada neft və qaz ehtiyatları həddən artıq çoxdur: “ABŞ qlobal neft hasilatında lider ölkədir. ABŞ-nin gündəlik neft hasilatı 13,5 milyon bareldir. Halbuki on il bundan əvvəl 6 və 7 milyon barel arası idi. ABŞ neft hasilatında Rusiya və Səudiyyə Ərəbistanını da keçib. Bu gün hər iki ölkənin neft hasilatı 8-9 milyon barel civarındadır. Trampın yeni neft strategiyası ABŞ-nin neft hasilatını artırmaq və xaricdən neft alışını azaltmaqdır. Bu isə dünya neft bazarında neft qiymətlərinin ucuzlaşdırılmasına gətirib çıxara bilər”. Ekspert deyib ki, bu, Azərbaycana təsir edə bilər: “Təəssüf ki, Azərbaycanın büdcə gəlirlərinin böyük hissəsi neft gəlirlərindən ibarətdir. Əgər neftin qiyməti aşağı düşərsə, Azərbaycanın gəlirlərində azalma baş verəcək. Amma bunun müsbət tərəfi bundan ibarət olacaq ki, belə bir halda Azərbaycan daha çevik davranıb qeyri-neft sektoruna daha çox diqqət ayıracaq”. Xatırladaq ki, Donald Trampın komandası enerji sektoru üçün yeni mayeləşdirilmiş təbii qaz layihələri üçün ixrac icazələrinin təsdiqlənməsini və ABŞ-də neft hasilatının artırılmasını əhatə edən geniş plan hazırlayır. Bunu iki mənbə “Reuters”-ə bildirib. Onların sözlərinə görə, Tramp Co Baydenin qəbul etdiyi əsas iqlim qanunlarını ləğv etməyi planlaşdırır. Mənbələrin dediyinə görə, ilk prioritetlərdən biri yeni LNG ixrac icazələrindəki fasilənin aradan qaldırılması olacaq. Tramp federal torpaqlarda qazma işlərinə icazənin verilməsini sürətləndirəcək və ABŞ-də dənizdə qazma planlarını canlandıracaq. O, həmçinin Keystone Pipeline layihəsi üçün təsdiq almağa çalışacaq. Plan inauqurasiyadan bir neçə gün sonra təqdim olunacaq. Milyarder Oleq Deripaska Trampın seçkilərdəki qələbəsini mənfi qiymətləndirib. “Sabahın xeyir, yeni dünya. May ayına qədər neft 50 dollara çatacaq, deyəsən hər yerdə sülh hökm sürür”, - deyə biznesmen yazıb. Hələ seçkilərdən əvvəl Tramp neft quyularının kütləvi işlənməsinə başlamağa söz vermişdi. “Dünyanın hər hansı digər ölkəsindən daha çox qara qızılımız var! Səudiyyə Ərəbistanından, Rusiyadan daha çox”, - Tramp bildirmişdi. O bəyan edib ki, neftin qiyməti 40 dollar olduğu halda Rusiya hərbi əməliyyatlar keçirə bilməz. Tramp enerji resurslarını Avropaya sataraq sərvət qazanacağını bildirib. Geri qayıt |