Əsas Səhifə > Ana xəbərlər, Güney Press > Paşinyan “qızıl qayıdış”a başladı

Paşinyan “qızıl qayıdış”a başladı


Dünən, 17:50
Paşinyan “qızıl qayıdış”a başladı
Rusiyanın Ermənistandakı səfirinin son açıqlaması diqqətləri yenidən Moskva-İrəvan əlaqələrinə yönəldib. Səfir Sergey Kopirkin deyib ki, 2024-cü ilin birinci yarısında Rusiya ilə Ermənistan arasında ticarət dövriyyəsi 8,3 milyard dollar həddini keçib. Ötən il bu göstərici 7,4 milyard dollar təşkil edib. Səfir həmçinin vurğulayıb ki, hədəfləri 14-16 milyard dollarlıq ticarət dövriyyəsinə çatmaqdır.

Oxşar açıqlamanı daha öncə Rusiyanın baş naziri və digər rəsmilər də verib. Qərbə yaxınlığı ilə tanınan, Moskva ilə çəkişən Paşinyan hökumətinin Rusiya ilə ticarət dövriyyəsini fantastik həddə qədər yüksəltməsi suallar yaradır.

Ermənistan Qərbin Rusiyaya tətbiq etdiyi sanksiyaları heçə sayaraq rəsmi Moskvaya dəstək verir? Bəs Qərb buna görə Paşinyanı niyə cəzalandırmır? Onu bu fəaliyyətdən niyə çəkindirmir?

Globalinfo.az-a danışan analitik Aqşin Kərimov deyib ki, Ukraynada müharibə başlayandan bu yana Rusiya ilə Ermənistan arasındakı pərdəarxası razılaşmaların əsasını qeyri-leqal iqtisadi-ticari əlaqələr təşkil edir:

“Yeni yayılan məlumatlara əsasən, Ermənistanda qızıl alveri ilə məşğul olan şirkətlərin əksəriyyəti 2022-ci ildən sonra açılıb. Bu da onların beynəlxalq sanksiyaya məruz qalan Rusiya qızılını başqa ölkələrə ixrac etmək üçün yaradıldığını göstərir – hər halda gəlinən qənaət bundan ibarətdir.

Başqa bir məlumata görə, Ermənistanda Rusiya qızılının maneəsiz ixracını təmin etmək üçün mənşələr gizlədilir. Beləliklə, yeni araşdırmanı təhlil edəndə bu fikir yaranır ki, Ermənistan Qərbin tətbiq etdiyi qızıl ticarəti sanksiyalarından yan keçmək üçün Rusiyaya yardım edir və ixrac etdiyi qızılı üçüncü ölkələrə satır.

Təzadlısı budur ki, son zamanlar Rusiya ilə Ermənistan arasındakı münasibətləri əks etdirən qarşılıqlı “qızıl qayıdış” siyasəti Qərbdə ciddi narahatlıqlar doğurmur. Yəni əslində, Ermənistan sanksiyalardan yayınmaq üçün Rusiyaya yardımlarını əsirgəmirsə, məntiqlə Qərb İrəvana qarşı qeyri-ənənəvi qərar qəbuletmə prosesi başlatmalı idi. Ancaq bunlar baş vermədiyindən artıq bu ehtimal üzərindəki şübhə pərdəsi qalxır. Aydın olur ki, Ermənistan Ukrayna müharibəsi fonunda Qərblə Rusiyanın gizli əməkdaşlıq çarxlarını fırladan aparatdır”.

Politoloq qeyd edib ki, Rusiya Ermənistanla bağlı xarici siyasətdəki prioritetlərində İrəvanı cəzalandırma mexanizmi üçün lazım olan norma və prinsiplərdən geri çəkilməyib:

“Bir sözlə, İrəvan Qərblə Rusiyanın sövdələşmə meydançası kimi qalsa da, regional rəqabətdə ağır icbari öhdəliklər götürən tərəf kimi çıxış edir. Bu, Azərbaycanla sülh gündəliyi fonunda Ermənistanı Qərblə Rusiyanın, bu azmış kimi İranın kritik təhdidlər hesab etdiyi siyasət məqsədlərinə xidmət etməyə məcbur edir.

Ermənistan hansısa bir gücün siyasətindən boyun qaçıran tendensiya ilə xilas olmağa çalışır, lakin vəziyyəti daha da çətinləşir.

Qısası, Ermənistan nə qızıl orta tapa bilir, nə də rəqabət tərəflərindən birinin bucağına əyilə bilir”.

Geri qayıt