Əsas Səhifə > Ana xəbərlər, Güney Press > Müəllimlərin maaşı vergidən azad ediləcək?

Müəllimlərin maaşı vergidən azad ediləcək?


Bu gün, 01:27
Müəllimlərin maaşı vergidən azad ediləcək?
Son vaxtlar müəllimlərin narazılıq etdiyi məsələlərdən biri maaşlarından vergilərin tutulmasıdır . Bir çox inkişaf etmiş ölkədə müəllimlərə xüsusi vergi güzəştləri tətbiq edilir. Məsələn, Skandinaviya ölkələrində müəllimlərə azaldılmış vergi yükü ilə yanaşı, sosial dəstəklər də verilir ki, bu da onların motivasiya ilə fəaliyyət göstərməsinə imkan yaradır. Bu cür təcrübələr ölkələrdə təhsilin səviyyəsini yüksəldir və gələcək nəslin inkişafına töhfə verir.

Bəs görəsən müəllimlərin maaşı vergidən azad edilə bilərmi?

Mövzu ilə bağlı Sonxeber.az – a açıqlama verən sosioloq Mətanət Məmmədova bildirib ki, əmək haqqlarının vergidən azad edilməsi düzgün deyil:

"Ölkədə tək müəllimlərin deyil, digər sahədə çalışanların da əmək haqqlarının vergidən azad olunmasını düzgün hesab etmirəm. Çünki, bizim dövlət büdcəsinin bir hissəsi vergilərdən əldə olunan gəlirlə tənzimlənir. Ona görə də elə bir sahə yoxdur ki, orda imtiyaz oluna və maaş vergidən azad oluna. Biz müəllimlərin əmək haqlarının vergidən azad olunmasını arzulamaqdansa, onların əmək haqlarının artırılması barədə fikirlər səsləndirməliyik. Əgər əmək haqlarımız müvafiq həddə gəlib çatarsa, onlardan vergi tutulması bizi narahat etməyəcək. Ona görə də bu gün əmək haqlarının artırılması çox vacibdir. Ölkədə hər şeyin qiyməti artıb. Marketdən bu gün aldığın məhsulu sabah eyni qiymətə ala bilmirsən. Ölkədə bu sahəyə nəzarət mexanizmi çox zəifdir. Yəni, bazarlarda və marketlərdə satılan ərzaq məhsullarının qiymətlərinə nəzarət edən yoxdur. Əslində qurumlar var, amma onlar öz funksiyalarını həyata keçirmirlər. Əgər belə olmasa, qiymətlər hər gün artmazdı. Belə olan təqdirdə düşünürəm ki, bütün bunların hər biri tənzimlənməlidir. Yəni insanın xoş rifah halında yaşaması üçün dövlətimiz tərəfindən hərtərəfli tədbirlər həyata keçirilməlidir. Həm qiymətlərin tənzimlənməsi, həm də maaşların qalxmasına zərurət var. Belə olsa, vətəndaşlar heç bir şikayət etmədən vergiləri vaxtı-vaxtında ödəyəcək".
Geri qayıt