Əsas Səhifə > Ana xəbərlər, Güney Press > Talıbovun gedişindən, Nəcəflinin gəlişindən 2 il ötür: Naxçıvanda nələr dəyişib?

Talıbovun gedişindən, Nəcəflinin gəlişindən 2 il ötür: Naxçıvanda nələr dəyişib?


Bu gün, 07:06
Talıbovun gedişindən, Nəcəflinin gəlişindən 2 il ötür: Naxçıvanda nələr dəyişib?
Naxçıvan Ali Məclisinin keçmiş sədri Vasif Talıbov və onun dəstəsinin vəzifədən azad edilməsindən 2 il ötür. 2022-ci ilin bu günlərində muxtar respublikada baş verən proseslər ölkə gündəmini silkələyirdi. Çünki 30 ilə yaxın hakimiyyətdə möhkəmlənmiş Talıbov klanı darmadağın edilirdi. Bu, siyasi zəlzələ effekti verdi.

Bəs, ötən iki il müddətində nə dəyişib? Naxçıvanda Talıbov dövründən yığılıb qalmış problemlərin həllində nə kimi dönüş olub?

Globalinfo.az-a danışan əslən Naxçıvandan olan Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu muxtar respublikada hər şeyin daha da çətinləşdiyini bildirib.

O, işsizliyin artdığını deyib:

“Vasif Talıbovdan sonra hər şey daha da pisləşib. İşsizlik və özbaşınalıq artıb, qohumluq, yerlibazlıq kadr siyasətində baş alıb gedir. Bir sözlə, Vasif Talıbovun dövründən bu günə kimi vəziyyət pisə doğru dəyişib. Korrupsiya olan yerdə iş yerlərinin açılması kiməsə maraqlı olmur”.

Naxçıvanlı jurnalist, siyasi şərhçi Heydər Oğuz isə bir qədər fərqli mövqedən çıxış edib.

Jurnalist Naxçıvanda müəyyən qədər müsbət qərarların verildiyini bildirib:

“2 il müddətində doğrudan da dəyişilən məqamlar var və bunu inkar etmək olmaz. Məsələn, Vasif Talıbovun dövründəki repressiya hazırda yoxdur. Buna isə səbəb odur ki, yeni sistemi Bakı formalaşdırıb. Əvvəl Naxçıvanda bütün güc strukturları Talıbova tabe idi. Amma indi bu, belə deyil. Maliyyə və iqtisadiyyat sektorundan başqa heç bir qurum Naxçıvandakı nümayəndəyə tabe deyil. Müsbət cəhətdir ki, onlar birbaşa Bakıda olan nazirliklər qarşısında hesabatlıdırlar. Ona görə də, yaxşıya doğru addımlar atılır və repressiya ləğv edilib”.

H.Oğuz mənfi tərəflərdən də söz açıb:

“Mənfi tərəf odur ki, büdcəyə düzgün nəzarət edilmir, tenderlər düzgün aparılmır, işsizlik artıb. Qeyd edim ki, Naxçıvanın keçmiş əmək və əhalinin sosial müdafiəsi naziri, indi baş nazir olub. O bu vəzifəyə təyin olunduqdan sonra bir həftə ərzində özünün işlədiyi vaxt qəbul etdiyi tender nəticələrini elə özü ləğv etdi. Bunu isə qanunsuzluqla əlaqələndirdi. Adam bir növ qanunsuz tender keçirdiyini etiraf etdi. Əslində, bunun ləğv edilməsində də Bakının rolu var. Çünki bildi ki, Bakıdan Hesablama Palatası, İqtisadiyyat Nazirliyi yoxlama aparan zaman etdiyi əməllər üzə çıxacaq”.

Jurnalistin fikrincə, müsbət dəyişikliyin Naxçıvanda olan hakimiyyətlə əlaqəsi yoxdur:

“Bakıdan hökumət elə gözəl islahatlar aparıb ki, ona görə də bu gün Naxçıvanda əvvəlki kimi repressiya tətbiq etmək, kimisə dəlixanaya atmaq mümkün deyil. Məsələn, Vasif Talıbovun dövründə hər şey onun öz əlində idi. Adam sevmədiyi şəxsləri psixi dispanserə yerləşdirirdi. Ora müalicə mərkəzi olsa da, Talıbov xəstəxanadan cəza yeri kimi istifadə edirdi. Elə olurdu ki, axırda ağıllı adam da oradan dəli olub çıxırdı. İndi isə bu kimi şeylər yoxdur və olması da mümkün deyil. Çünki Naxçıvanda struktur dəyişiklikləri aparılıb və aparılır. Bir sözlə, Bakı tərəfindən mənfi məsələlərin qaşısı alınır”.
Geri qayıt