Əsas Səhifə > Ana xəbərlər, Güney Press > Qərbi Azərbaycana MƏHKƏMƏ YOLU ilə qayıda bilərikmi?

Qərbi Azərbaycana MƏHKƏMƏ YOLU ilə qayıda bilərikmi?


7-12-2024, 09:43
Qərbi Azərbaycana MƏHKƏMƏ YOLU ilə qayıda bilərikmi?
"Ermənistandan zorakılıqla qovulmuş qərbi azərbaycanlıların öz tarixi dədə-baba yurdlarına, ev-eşiklərinə qayıtmaq hüquqları mövcuddur. Ermənistan bu hüququ təmin etməyə borcludur, çünki Qərbi Azərbaycan tarixi bir ərazidir. Ermənistanın nəzarətində olsa da, bu, tarixi Azərbaycan torpağıdır və orada tarixən azərbaycanlılar yaşayıblar. Tarixin bir neçə mərhələsində azərbaycanlılar həmin bölgədən deportasiya olunublar. Sonuncu dəfə isə silah gücünə, öz dəyərli əşyalarını və mülkiyyətlərini orada buraxaraq, Qərbi Azərbaycandan çıxmaq məcburiyyətində qalıblar (zorakılıqla çıxarılıblar)".

Bunu Sonxeber.az-a politoloq Elçin Xalidbəyli danışıb.

O, açıqlamasında qeyd edib ki, Ermənistanda rəsmi Bakının bu haqlı yanaşmasına münasibətdə ciddi narahatlıq mövcuddur:

"Qərbi azərbaycanlıların Ermənistanda mülkiyyət və azad yaşamaq hüquqları kobud şəkildə pozulub. Ermənistan bu cinayətlərə görə mütləq cavab verməlidir. Azərbaycan, Ermənistanı bu məsələ ilə bağlı beynəlxalq məhkəməyə vermək hüququna malikdir. Beynəlxalq məhkəməyə tarixi faktları təqdim etməklə Ermənistanı qərbi azərbaycanlıların qayıdışına şərait yaratmaq məcburiyyətində buraxmaq mümkündür.

Hazırda rəsmi Bakının atdığı addımlar onu göstərir ki, Azərbaycan dövləti bu məsələyə olduqca ciddi yanaşır. Bu məsələ, artıq həm Azərbaycanda, həm də beynəlxalq məkanda aktuallaşdırılmaqdadır. Ermənistanda da rəsmi Bakının bu haqlı yanaşmasına münasibətdə ciddi narahatlıq mövcuddur. Bütün bunlar onu göstərir ki, Ermənistan nə qədər cəzasız qalsa da (indiyə qədər), belə anlaşılır ki, bu cəzasızlıq əbədi deyil. Bir gün törədilən cinayətlərə görə mütləq cavab vermək lazım gəlir. Ermənistanda hal-hazırda bu vəziyyətlə qarşı-qarşıyadır.

Azərbaycan dövlətinin mövqeyi qətidir. Zorakılıqla öz dədə-baba yurdlarını tərk etmək məcburiyyətində qalmış azərbaycanlıların Ermənistana, daha dəqiq desək, Qərbi Azərbaycan bölgəsinə qaytarılması mütləq hansısa formada təmin olunmalıdır. Bunun mümkün variantlarından biri də beynəlxalq məhkəmədə bu məsələnin gündəmə gətirilməsidir. Ermənistan, törətdiyi cinayətlərə görə cavabdehlik daşımağa məcbur qalsın və eyni zamanda qərbi azərbaycanlıların öz ev-eşiklərinə, tarixi dədə-baba yurdlarına qayıtmaq hüquqları təmin edilsin".

Geri qayıt