Əsas Səhifə > Ana xəbərlər, Güney Press > Paşinyanda siyasi iradə olsa, sülh gələcək
Paşinyanda siyasi iradə olsa, sülh gələcək7-12-2024, 21:10 |
Azərbaycan və Ermənistanın qarşıdurma səhifəsini çevirmək və mehriban qonşuluq münasibətləri qurmaq üçün tarixi imkanının olduğu bu həlledici məqamda bütün səylər suverenliyə və ərazi bütövlüyünə qarşılıqlı hörmət əsasında münasibətlərin normallaşdırılması prosesinin başa çatmasına yönəldilməlidir. Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ATƏT-nin Xarici İşlər Nazirləri Şurasının 31-ci iclasında çıxışı zamanı deyib. Nazir qeyd edib ki, Azərbaycanın bu məsələdə qətiyyəti dəyişməzdir və biz buna qarşılıq olaraq Ermənistan tərəfindən də siyasi iradə və məsuliyyət gözləyirik: "Eyni zamanda bütövlükdə beynəlxalq ictimaiyyət, o cümlədən burada ATƏT çərçivəsində, hazırkı prosesə zərər verməmək, təxribatçı hərəkətlərdən və gərginliyin artmasından çəkinməkdən məsuldur". Ermənistan xarici işlər naziri Ararat Mirzoyan da deyib ki, Azərbaycan və Ermənistan sülh mətninin preambulası və 17 maddəsindən 15-i üzrə razılığa gəlib. O qeyd edib ki, Ermənistan Bakı ilə münasibətlərin tam normallaşmasına yönəlmiş danışıqlarda konstruktiv iştirakını davam etdirir. “Ermənistan” fraksiyasından olan deputat Anna Qriqoryan deyib ki, müxalif deputatlar Azərbaycan və Ermənistan sülh müqaviləsinin bəzi detalları ilə tanış olublar. Onun sözlərinə görə, keçən ilin sülh sazişi variantında ermənilərin Qarabağa qaytarılması ilə bağlı bir bənd var idi. Lakin bu məsələ gündəmdən çıxarılıb. Qriqoryan bildirib ki, keçən ilin müqavilə mətni variantında azərbaycanlıların Ermənistana qaytarılması ilə bağlı məsələ formulə edilməmişdi: “Lakin nəzərə almaq lazımdır ki, bu müddət ərzində müqavilə layihəsi dəfələrlə redaktə edilib və dəyişdirilib. Bunun bariz nümunəsi keçən ilin variantında olan kommunikasiyaların açılması məsələsidir. Bu məsələ sonradan müqavilədən çıxarılıb və əlavə müzakirəyə saxlanılıb”. Deputatın fikrincə, eyni uğurla müqaviləyə azərbaycanlıların Ermənistana qaytarılması məsələsi də əlavə edilə bilər. Hakim “Mülki Müqavilə” Partiyasının parlament fraksiyasının katibi Artur Hovhannisyan sülh müqaviləsi layihəsi ilə bağlı Azərbaycanla danışıqların dalana dirənmədiyini deyib. Deputatın sözlərinə görə, danışıqlarda müəyyən çətinliklər olsa da, davam edir: "Mübahisə doğuran məqamlar var, onların ətrafında müzakirələr daha mürəkkəbdir və müəyyən vaxt tələb edir. Amma biz çıxılmaz vəziyyətdən danışmırıq". Erməni deputat bildirib ki, danışıqlara vasitəçilik edən beynəlxalq tərəfdaşlar Azərbaycan və Ermənistanla sülh müqaviləsini son nəticəyə çatdırmaq üçün işləri davam etdirirlər. Ermənistanın Baş naziri Nikol Paşinyan da Azərbaycanla sülh sazişinin mətninin 90 faizinin razılaşdırıldığını bəyan etmişdi. Politoloq Məhəmməd Əsədullazadə "Sherg.az"a deyib ki, Ermənistan hakimiyyəti Azərbaycanla sülh müqaviləsi üzrə danışıqlarda gözləmə mövqeyinə keçib. Analitik vurğulayıb ki, erməni tərəfi sərhəddə tunellər və mühəndis istehkam işləri aparır: "Gürcüstanda etiraz aksiyaları, Qərbin burada hökuməti devirmək planı N.Paşinyanın Azərbaycanla sülh danışıqlarında tərəddüdünə səbəb ola bilər. Avropa İttifaqı, xüsusilə Fransa aktiv şəkildə Prezident S.Zurabişvilinin vasitəsilə Gürcüstanda etiraz aksiyalarını idarə edir. Əgər inqilab olarsa, Qərbyönlü siyasi qüvvələr hakimiyyətə gələrsə, Ermənistan hökuməti sülhdən imtina edə bilər. Ermənistanın silahlanmasını bu kontekstdə dəyərləndirmək olar. Fransa Gürcüstan vasitəsilə Ermənistana tam həcmdə silahlar göndərəcək. Azərbaycana təzyiqlər etmək üçün Paşinyanın müharibəyə sövq edilməsi istisna deyil. Təbii ki, Paşinyan siyasi iradə ortaya qoyarsa, Ermənistanı eskalasiyadan kənar tuta və Azərbaycanla sülh müqaviləsinə gedə bilər. Bu halda qazanan tərəf Ermənistan olar". Ekspertə görə, Azərbaycanla sülh müqaviləsinin bağlanması Ermənistanın Türkiyə ilə normallaşma prosesinə səbəb olacaq: "Nəticədə Ermənistan regional inteqrasiyaya cəlb olunmaqla normal ölkəyə çevriləcək. Baş nazir də Ermənistanı normal ölkə kimi görmək istədiyini, real Ermənistan yaratmaq planını daim vurğulayır. Ermənistan hərbi təxribatlara əl atarsa, bu, İrəvanın ərazilər itirməsinə gətirib çıxarar. Nəzərə alaq ki, Cənubi Qafqazda siyasi-hərbi vəziyyət gərgindir və nüfuz uğrunda mübarizə həlledici mərhələyə keçib. Bölgədə yeganə güc Azərbaycandır. Qərb də rəsmi Bakı ilə hesablaşır". Geri qayıt |