Əsas Səhifə > Ana xəbərlər, Güney Press > Cənubi Qafqazda yeni savaş təhlükəsi
Cənubi Qafqazda yeni savaş təhlükəsi23-12-2024, 15:55 |
“Biz adekvat tədbirlər görməyə məcbur idik. 2025-ci ildə növbəti hərbi büdcəmiz rekord büdcə olacaq. Bu, təxminən beş milyard dollardır. Bu məbləğin ən azı 60 faizini xərcləməyə məcburuq, belə təhdidlər olmasaydı, xərcləməzdik, Qarabağın bərpasına, sosial ödənişlərə və sair üçün istifadə edərdik. Lakin biz bunu etməyə məcburuq və edəcəyik”. Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Rusiyanın “RİA Novosti” Agentliyi üçün “Rossiya Seqodnya” Beynəlxalq İnformasiya Agentliyinin Baş direktoru Dmitri Kiselyova müsahibəsində deyib. Ölkə başçısı qeyd edib ki, bu, fəlakətə aparan yoldur: “Ermənistan silahların əksəriyyətini Qərbdən pulsuz və ya kreditlə almasına, onların təbii ki, silinəcəyinə baxmayaraq, bizimlə silah yarışında tab gətirməyəcək. Hətta bu halda da bizimlə silah yarışında tab gətirməyəcəklər. Onlar İkinci Qarabağ müharibəsinin və 2023-cü ilin sentyabrında keçirilən antiterror əməliyyatının nəticələrini unutmamalıdırlar. Həmçinin başa düşməlidirlər ki, Makron rejiminin, eləcə də ABŞ Dövlət Departamentinin maksimum dəstəyinə baxmayaraq, burada, bu yerdə bizə qarşı növbəti təxribat planlaşdırsalar, onlara heç kim kömək etməyəcək. Axı, Makron 2020-ci və ya 2023-cü ildə onlara necə kömək etdi, onları dəstəklədi. Bəli, əlindən, yəqin ki, başqa hansı yerindən tutdu, bilmirəm. Bax, bu qədər. Biz onun nəyə qadir olduğunu çox yaxşı bilirik. Odur ki, biz həm danışıqlar prosesi çərçivəsində, həm də Ermənistanla Azərbaycan arasında işləyən delimitasiya komissiyası çərçivəsində və erməni sponsorlara, şərti olaraq Vaşinqtondakı sorosçulara bunu dayandırmaq lazım olduğunu çatdırırıq və çatdırmağa davam edəcəyik. Bu, belə davam edərsə, sonradan bizə qarşı heç bir irad tutulmasın”. Prezident bu mesajları ilə qarşı tərəfə, Ermənistana xəbərdarlıq etmiş oldu. Və bildirdi ki, əgər rəsmi İrəvan sülhü yox, təxribatı, yeni eskalasiyanı seçərsə, bu, Ermənistan üçün növbəti fəlakət deməkdir. Bundan Ermənistan hakimiyyəti dərs çıxaracaqmı? AYNA-nın mövzu ilə bağlı suallarını hərbi ekspert, ehtiyyatda olan polkovnik Şair Ramaldanov cavablandırıb. Ekspert bildirib ki, İrəvandakılar bu mesajlardan yaxşı dərs çıxarmalı və acınacaqlı vəziyyətə düşməmək üçün havadarlarının diktəsi ilə yox, real vəziyyəti nəzərə almaqla addımlar atmalıdırlar: - Cənab Prezident müsahibəsində Ermənistana da, ona havadarlıq edən qüvvələrə də mesajını çatdırdı, Azərbaycan dövlətinin mövqeyini açıqladı. Bu gün Azərbaycanın xarici siyasət prioritetləri bəllidir. Rəsmi Bakı bölgədə sülhün və əmin-amanlığın tərəfdarıdır. Düşünürəm ki, Prezidentin dedikləri aydın və konkretdir. Təbii ki, bu mesajlar hədəfə çatdı. Artıq bu mesajlardan nəticə çıxarmaq, addımlar atmaq Ermənistana aiddir. Azərbaycanın sülh siyasəti düzgün qiymətləndirilməlidir. Bəllidir ki, Azərbaycan qonşularına, bölgəyə heç bir təhlükə yaratmır. Xüsusilə, Azərbaycanın heç bir ölkəyə ərazi uiddiası yoxdur və bu mövqe açıqdır. Bu gün Azərbaycana qarşı ərazi iddiası ilə çıxış edən Ermənistandır və bu ölkənin Konstitusiyasında ərazi iddialarını rəsmi şəkildə bəyan edir. Azərbaycanın milli maraqları var və bu maraqlar beynəlxalq hüquq çərçivəsindədir. Prezident bildirdi ki, Azərbaycan öz milli maraqlarını təmin edəcək. - Söhbət hərbi müdafiədən gedir? - Bizim maraqlarımız sülhlə bağlıdır. Azərbaycan normal münasibətlərin qurulmasında, sülh və sabitlikdə maraqlıdır və dəfələrlə bu, bəyan edilib. Amma sülhə Ermənistanın atdığı addımlar mane olur. Məsələn, Ermənistan Konstitusiyasında niyə dəyişiklik etmir? Ərazi iddialarına niyə son qoymur? Yaxud da, üçüncü qüvvələrin hərbçilərini mülki missiya adı altında Azərbaycanla sərhədə yerləşdirməkdə maraq nədir? Əgər İrəvan sülh istəyirsə, o zaman bu addımları atmamalıdır və qalib tərəf olan Azərbaycanın şərtlərini qəbul etməlidir. Lakin Ermənistan faktiki olaraq, silahlanma ilə məşğuldur. Havadarları da Ermənistanı silahlandırır. Çünki həmin qüvvələr, regionda maraqları toqquşan güclər Cənubi Qafqazda görünür ki, sabitliyi istəmirlər. Ermənistanın silahlanması bölgənin təhlükəsizliyinə təhdid törədən amildir. Nəzərə almaq lazımdır ki, qarşı tərəf revanşa hazırlaşdığını nümayiş etdirir. Ermənistanın silahlanması yenidən hansısa təxribata əl atacağını istisna etmir. Biz anlayırıq ki, atəşkəs müharibənin olmayacağına zəmanət vermir. Faktiki olaraq, sülh sazişi imzalanmayıb və bunun da günahkarı, səbəbkarı məhz Ermənistandır. Ermənistanın bu gün aldığı silahlar müdafiə yox, hücum xarakterli silahlardır. Ona görə də, Azərbaycan hər an qarşı tərəfin təxribatlarına hazır olmalıdır və layiqli cavabını verməlidir. - Prezident mesajında “tab gətirməyəcəklər” ifadəsini işlətdi. Bu ifadənin mahiyyəti nədir? - Ali Baş Komandan mesaj verdi ki, təxribata əl atsalar, ağır şəkildə cavabını alacaqlar. Ölkə başçısı Azərbaycan Ordusunun gücünü bir daha xatırlatdı. Qeyd edim ki, İkinci Qarabağ müharibəsindən əvvəl də Ali Baş Komandan Ermənistana xəbərdarlıqlarını etmişdi. Dəfələrlə bildirmişdi ki, İrəvan sülhə gəlməlidir, əks halda, hərbi yolla Azərbaycan ərazilərini işğaldan azad edəcək. Aprel döyüşləri Ermənistan üçün bir siqnal idi. Amma Ermənistanın əvvəlki də, indiki hakimiyyəti də bu mesajlardan, xəbərdarlıqlardan nəticə çıxarmadılar. Sonda nəticə bəllidir: 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusu Ermənistan silahlı qüvvələrini darmadağın etdi, topraqlarını işğaldan azad etdi, ərazi bütövlüyümüz bərpa olundu. Ermənistan indi yenə silahlanır, havadarlarının diktəsi ilə bölgədə gərginliyin artmasına xidmət edən addımlar atır. Bakıdan isə mesaj verilir ki, bu silahlanma dayanmalıdır, bu revanş meylləri aradan qalxmalıdır. Yoxsa nəticəsi yenə Ermənistan üçün ağır olacaq. Cənab Prezident “tab gətirməyəcəklər” dedikdə onu nəzərdə tutur ki, Ermənistan havadarlarının diktəsi ilə təxribata əl atmasın. Açıq şəkildə bildirildi ki, Ermənistanı silahlandıranlar sonradan bu dövlətə kömək edə bilməyəcəklər. Bilirsiniz, hər bir ölkə silah ala bilər və bu, təbiidir. Qonşularına ərazi iddiası olmayan ölkə niyə hücum silahı almalıdır? Müdafiə silahları alsaydılar, bu, bəlkə də anlaşılardı. Amma Ermənistan hücum silahları ilə silahlanır. Burada məqsəd aydındır. Hesab edirəm ki, Ermənistan odla oynamamalıdır, silahlanmanı dayandırmalı, sülh sazişini imzalamaqdan yayınmaq üçün bəhanələrinə son qoymalıdır. Sülh sazişinin imzalanması, onun dayanıqlı olması üçün İrəvan addımlar atmalıdır, silahlanmanı dayandırmalıdır. Yalnız bu, regionun sabitliyinə, bölgədə əmin-amanlığın yaranmasına xidmət edə bilər. Bu, həmçinin Ermənistanın, erməni xalqının xeyirinədir. Bunları nəzərə almalı olan erməni rəhbərliyi iradə nümayiş etdirməlidir. Ermənistan rəhbərliyi öz dövlətlərinin maraqlarını xarici havadarlarının maraqlarına qurban verməməlidir. Məntiqli davranış nümayiş etdirməli olan Ermənistan tərəfidir. Yenə deyirəm, Azərbaycanın şərtləri var və bunlar kifayət qədər ədalətli şərtlərdir. Əgər 4 il bundan qabaq Ermənistan bu şərtlərlə razılaşsaydı, indi regionun çiçəklənməsinin şahidi idik. Təəssüf ki, Ermənistan rəhbərliyi bunu etmədi və indi də etməməkdədir. Əksinə, təxribatçı addımlar atılır ki, bu, Ermənistan üçün növbəti fəlakət olar. Geri qayıt |