Əsas Səhifə > Ana xəbərlər, Güney Press > İrəvanda Qarabağ mübahisəsi: yenidən günahkar axtarışında
İrəvanda Qarabağ mübahisəsi: yenidən günahkar axtarışındaDünən, 00:11 |
Ermənistanın Baş naziri Nikol Paşinyan əvvəllər Qarabağ danışıqları prosesi ilə bağlı daxili müzakirə və mübahisədə iştirak etmək təklifini rədd edən Ermənistanın keçmiş prezidentlərini yenidən düşünməyə və bu fürsətdən istifadə etməyə çağırıb. Paşinyan öz “Facebook” səhifəsində yayımladığı videoda bu mövzuya yenidən qayıdıb. “Bu, əslində həqiqət anıdır. Çünki Ermənistan Prezidenti olmuş şəxslərə təklif etdiyim debat xalq üçün son və birmənalı nəticə çıxarmaq üçün birinci dərəcəli əhəmiyyət kəsb etməlidir. Hər kəs bilməlidir ki, Üçüncü Respublikanın bütün tarixində nə baş verib, günahkar kimdir, kim nədə və niyə günahkardır?! Bu, əsas məlumatı olan insanlar üçün üz-üzə görüşmək uzaqdan müzakirəni başa çatdırmaq üçün müstəsna fürsətdir. Üstəlik, bu, sadəcə keçmişlə bağlı söhbət deyil, gələcək strategiyaların müəyyən edilməsi, gələcək strategiyalarda oriyentasiya üçün əsas hadisədir”, - deyə Paşinyan yekun nəticə çıxarmağı, nə baş verdiyini və niyə baş verdiyini anlamaq lazım olduğunu hesab edib. Baş nazirin fikrincə, söhbət təkcə müzakirədən getmir: “Həm də öz tarixini öz xalqına şərh etmək, onu anlamaq imkanı vermək və ya bu imkandan məhrum etməkdir”. “Düzdür, keçmiş prezidentlər birbaşa və ya dolayısı ilə mübahisədən yayınmağa tələsdilər. Lakin mən onları bu barədə bir daha düşünməyə çağırıram, çünki son nəticələr çıxarılacaq", - Baş nazir qeyd edib. Bildirib ki, o, kənardan söhbətlərin, əsassız ittihamların olmasına imkan verə bilməz: “Təxminən 4 il davam edən mübahisə yarımçıq qalıb”. Baş nazir əlavə edib ki, təklifi qəbul olunmasa, “nəticələri xalq müəyyənləşdirəcək”. Paşinyan onu da qeyd edib ki, 1994-cü ildən, yəni Bişkek sazişi imzalanandan sonra bütün danışıqlar Qarabağın Azərbaycana qaytarılması ilə bağlı olub. Bundan əvvəl Ermənistanın üç sabiq Prezidenti mətbuat katibləri vasitəsilə Paşinyanın Qarabağ danışıqları prosesi ilə bağlı debat keçirmək təklifini rədd etmişdilər. Müxalif “Ermənistan” fraksiyasının rəhbəri, ölkənin keçmiş müdafiə naziri Seyran Ohanyan isə mediaya açıqlamasında bildirib ki, Paşinyanla nələrisə müzakirə etməyə ehtiyac yoxdur. Onun sözlərinə görə, Paşinyanın 1994-cü ildən bəri danışıqlar prosesinin əsas istiqamətinin “Artsaxın” Azərbaycanın tərkibində olması barədə bəyanatı erməni xalqının tutduğu yola münasibətdə cinayət və əxlaqsızlıqdır: “Paşinyan açıqlamasında tamamilə yalan danışıb. Danışıqlar prosesi 1994-cü ildə deyil, Qarabağ hərəkatının başlanğıcından başlayıb. Bu danışıqlar prosesinin nəticələri, eləcə də döyüş meydanındakı uğurlarımız atəşkəs rejiminin yaradılmasına gətirib çıxardı. Paşinyan öz hərəkətləri ilə təkcə erməni xalqına deyil, həmsədr ölkələrin işinə, nailiyyətlərinə də hörmətsizlik nümayiş etdirdi. Paşinyanın danışıqlar prosesini davam etdirmək üçün istifadə etməli olduğu böyük potensial var idi. Madrid sənədlərində gücdən istifadə etməmək, “Artsax xalqının öz müqəddəratını təyin etmək hüququ” təsbit olunub. Lakin Paşinyan Azərbaycanı gücdən istifadə etməmək prinsipini pozmağa təhrik edib. Hakimiyyətə gəldikdən sonra o, əvvəlki illərdə əldə edilmiş nəticələri öyrənmək, mövcud potensialla yaxından tanış olmaq istəmirdi. Məhz o zaman o, Ermənistanın keçmiş prezidentlərini görüşə dəvət etməli və danışıqların hansı istiqamətdə davam etdirilməli olduğunu anlamalı idi. Hər üç prezident prosesləri yaxşı bilir və Paşinyana istiqamət verə bilərdi. Lakin o, danışıqlara öz mövqeyindən başlayacağını bildirdi. Paşinyan danışıqların formatını dəyişdirməklə o zaman mövcud olan bütün potensialı məhv etdi”. “Paşinyan hakimiyyətə gəldikdən sonra sabiq rəhbərləri eşitmək istəmədi və bütün prosesi uğursuzluğa düçar etdi. İndi öz cinayətlərinə görə məsuliyyəti başqalarının çiyninə atmaq istəyir”, - Ohanyan qeyd edib. Erməni ekspertlər hesab edirlər ki, sabiqlərin Paşinyanın debat təklifindən imtinası təbiidir. Çünki onların zamanında Ermənistan ordusunda korrupsiya və rüşvətxorluq halları geniş vüsət alıb ki, bu da Ermənistanın İkinci Qarabağ müharibəsindəki acınacaqlı məğlubiyyətinin əsas səbəblərindən biridir. Analitiklər hesab edirlər ki, Paşinyan debat zamanı hakimiyyətə gəldiyi 2018-ci ilin dövlət göstəricilərini bir-bir açıqlayacaq ki, bu da indi müxalifətdə olan sabiqlərə - xüsusilə Robert Köçəryan və Serj Sarkisyana sərf etmir. Bununla belə, ekspertlər qeyd edirlər ki, əslində Paşinyanın da niyyəti onsuz da nüfuzunu itirmiş erməni müxalifətinə zərbə vuraraq onların tarixin arxivinə yuvarlanmasına nail olmaqdır. Ayna.az Geri qayıt |