Əsas Səhifə > Ana xəbərlər, Güney Press > “Mayası nominalından 8-10 dəfə baha olan qəpik kimə lazımdır?”

“Mayası nominalından 8-10 dəfə baha olan qəpik kimə lazımdır?”


Dünən, 08:56
“Mayası nominalından 8-10 dəfə baha olan qəpik kimə lazımdır?”
Mərkəzi Bank (AMB) tərəfindən 1, 5, 10, 20 və 50 qəpiklik metal pul nişanlarına analoji olaraq 3 qəpiklik metal pul nişanının da yenilənməsi həyata keçirilib. Bu barədə AMB məlumat yayıb. Qeyd edilib ki, istehsal və yenilənmə prosesləri 2023-cü ildə həyata keçirilmiş 3 qəpiklik pul nişanı AMB tərəfindən mövcud ehtiyatlar və dövriyyənin tələbi nəzərə alınaraq tədavülə buraxılıb. Yenilənmiş 3 qəpiklik metal pul nişanının arxa tərəfində yeni dizayn elementləri kimi Azərbaycan Respublikasının Dövlət Gerbi, eləcə də pul nişanının istehsal ili əks olunub. Yenilənmiş 3 qəpiklik metal pul nişanının digər dizayn elementləri və texniki parametrləri hazırda tədavüldə olan eyni nominallı metal pul nişanına müvafiq olaraq dəyişməz saxlanılıb.

Yenilənmiş 3 qəpiklik metal pul nişanı hazırda tədavüldə olan eyni nominallı pul nişanları ilə paralel olaraq dövriyyədə olacaq. 3 qəpikliyi yeniləmək üçün milyon xərcə nə ehtiyac? Bu cür yenilənmələr niyə daha işlək və kağız pullarda aparılmır?

Qeyd edək ki, cəmiyyət arasında da bu yenilik birmənalı qarşılanmayıb. Sosial şəbəkələrdə bu məsələ geniş müzakirələrə səbəb olub. “Dövriyyədə 3 qəpiklik istifadə olunur ki? Nəinki 3 qəpiklik, heç 5 qəpiklik istifadə olunmur” - deyə Facebook izləyiciləri bildirirlər. “3 qəpiyi avtobusda sürücüyə verəndə adama nifrətlə baxır. Heç kim utandığından 3 qəpiyi işlətmir. Düşünürdük, dövriyyədən çıxarılacaq, əksinə, hələ vəsait də ayırırlar”, - deyə sosial media istifadəçiləri qeyd edib.

Bəzi mütəxəssislər 3 qəpiklik metal pulu yeniləmək qərarının iqtisadi əsaslara və maliyyə səmərəliliyinə bağlı olduğunu deyirlər. Qeyd edilir ki, əgər 3 qəpik ölkədə geniş istifadə olunmursa və əsasən sadəcə rəmzi dəyər daşıyırsa, yeniləmə maliyyə baxımından effektiv olmaya bilər. Belə hallarda kiçik nominal pulların dəyəri onların istehsal xərclərini ödəmir. 3 qəpiyi yenidən çap etmək və ya zərb etmə xərci onun nominal dəyərindən yüksəkdirsə, bu, iqtisadi itkilərə səbəb olur. Əksər ölkələrdə kiçik nominal pulların istehsalından mərhələli şəkildə imtina edilir. Əgər dövriyyədə olan 3 qəpikliklər istifadə olunarkən köhnəlib və ya öz funksionallığını itiribsə, onların yenilənməsi iqtisadi dövriyyəyə töhfə verə bilər. Kiçik nominal pullar bəzi hallarda ictimaiyyətin əhval-ruhiyyəsinə müsbət təsir göstərə və valyutanın sabitliyini simvolizə edə bilər. Amma bu əsas amil deyil. Əgər 3 qəpiyi yeniləməyin iqtisadi faydası xərcləri qarşılamırsa və ya əhəmiyyətli dövriyyədə iştirak etmirsə, onun yenilənməsi məqsədəuyğun deyil. Alternativ olaraq, kiçik nominal pullardan imtina edilib onların yerini yuvarlaqlaşdırma qaydaları ilə dəyişmək daha effektiv ola bilər. Azərbaycan kontekstində isə hər şey Mərkəzi Bankın mövqeyindən və cəmiyyətin tələbindən asılıdır.

İqtisadçı Natiq Cəfərli mövzu ilə bağlı deyib ki, 2023-cü ilin yanvar-noyabr aylarında Azərbaycana xaricdən 114 min 817 kiloqram sikkə gətirilib və ölkəyə daxil olan sikkələrin 84,4%-i Almaniyadan, 15,6%-i isə Türkiyədən gəlib: “Almaniyadan gətirilən 96 min 973 kiloqram sikkə üçün 5 milyon 845 min dollar ödənilib. Bu isə o deməkdir ki, 1 qram sikkənin orta gömrük dəyəri 6 sent və ya mövcud məzənnə ilə 10 qəpik olub. Türkiyədən gətirilən 17 min 945 kiloqram sikkə üçün isə 1 milyon 263 min dollar ödənilib. Nəticədə Türkiyədən gətirilən 1 qram sikkənin orta gömrük dəyəri 7 sent və ya mövcud məzənnə ilə 12 qəpik olub. 1 qəpiyin kütləsi 2, 8, 3 qəpiyin kütləsi - 3,45, 5 qəpiyin kütləsi -4,85, 10 qəpiyin kütləsi - 5,25, 20 qəpiyin kütləsi- 6,6, 50 qəpiyin kütləsi isə 7,7 qram təşkil edir. Qəpiklərin orta çəkisi 5,1 qrama bərabərdir.

Onu da deyim ki, qəpiklər müxtəlif materiallardan hazırlanır: 1, 3 və 5 qəpiklər mis və poladdan, 10, 20 və 50 qəpiklər isə bürünc və poladdan hazırlanır.

İstənilən halda ən aşağı tariflərlə götürərək, çəkisinin isə 3,45 qram olduğunu bilərək, demək olar ki, 3 qəpiklik sikkənin maya dəyəri, hazırlanması, gətirilməsi təqribən 25-30 qəpiyə başa gəlir.

Mən anlayıram ki, qanunlarla bu qəpiklər tədavüldə olmalıdır, dövriyyədən çıxartmaq üçün qanunlarda dəyişikliklər lazımdır, amma məntiq var da, 1, 3, 5 qəpikliklərin dövriyyədə olması indiki inflyasiya, bahalıq, kartla ödənişlərin kəskin artdığı şəraitdə nəyə lazımdır ki?! Bəlkə kimlərinsə bu sikkələrin hazırlanmasında, daşınmasında marağı var?! Çünki dövlətin marağı ola bilməz, mayası nominalından 8-10 dəfə baha olan qəpik kimə lazımdır axı?!"

Hüquqşünas, bank məsələləri üzrə ekspert Əkrəm Həsənov mövzu ilə bağlı “Yeni Müsavat”a fikrini bölüşüb: “Kağız pulların dövrü daha az olur, daha tez sıradan çıxır. Bu birinci səbəbdir. Kağız və metal pulların hərəsinin öz təyinatı var. Kağız pullar daha iri pul nişanlarıdır, metal pullar isə xırda. Düzdür, bunun təhlilini aparmamışam, reallıqda metal pullara nə qədər ehtiyac var. Ticarət nöqtələrində əksər vaxtlarda qəpik pullara ehtiyac olur. Dünyanın hər bir ölkəsində qəpik pullar var. Əgər onlarda pul nişanları böyük deyilsə. Yadınızdadırsa, 2006-cı ilə qədər pul nişanları çox iri idi. Ölkədə min, beş minlə ölçürdü hər bir şey. Onda qəpiklər yox idi. İndi isə var. Düzdür, qəpik pullara daha çox pul xərclənir, amma onlar daha uzunmüddətlidir”.

Məlumat üçün bildirək ki, Azərbaycanda qəpik pulların tarixi 1918-1920-ci illərdən, Azərbaycan Xalq Cümhuriyyəti dövründən başlayır. Bu dövrdə ölkədə qəpik pullar ilk dəfə dövriyyəyə buraxılıb. Lakin müasir qəpik pullar əsasən manatın 1992-ci ildə tədavülə buraxılması ilə gündəmə gəlib. Cümhuriyyət dövründə milli valyuta olan manatın daha kiçik hissələri, qəpik pullar buraxılmışdı. Lakin həmin dövrdə qəpik pulların istehsalı və dövriyyəyə buraxılması məhdud idi. Azərbaycanın SSRİ tərkibində olduğu müddətdə müstəqil valyutası olmadığı üçün qəpiklər sovet rubluna bağlı idi. Həmin dövrdə bütün sovet respublikalarında istifadə olunan qəpik pullar mövcud idi. Azərbaycan manatının ilk dəfə dövriyyəyə buraxıldığı 1992-ci ildə qəpiklər də onun ayrılmaz hissəsi kimi hazırlanmışdı. Lakin 1992-2006-cı illərdə qəpik pullar daha az dövriyyədə olmuş və insanlar kağız pullara üstünlük vermişdilər. 2006-cı il yanvarın 1-də manat denominasiya edildi (1 yeni manat = 5000 köhnə manat). Bu yenilikdən sonra hazırda istifadə olunan metal qəpiklər (1, 3, 5, 10, 20 və 50 qəpik) dövriyyəyə buraxıldı. Onların dizaynı Avropa standartlarına uyğunlaşdırılıb və müəyyən iqtisadi göstəriciləri nəzərə alınıb. Hazırda istifadə edilən qəpik pulların dizaynı və nominal dəyərləri 2006-cı ildəki denominasiya dövründən bu yana dəyişməz qalıb. Azərbaycanda qəpik pulların tam formalaşmış dövriyyəsi isə müasir dövrdə bu tarixin əsas mərhələsi hesab olunur.

Geri qayıt