Əsas Səhifə > Ana xəbərlər, Güney Press > İnvestisiya Holdinqinin rəhbəri “Yeni stansiya tikiləcək” deyir, Metropoliten rəsmisi “Tikilməyəcək”
İnvestisiya Holdinqinin rəhbəri “Yeni stansiya tikiləcək” deyir, Metropoliten rəsmisi “Tikilməyəcək”Dünən, 07:11 |
Azərbaycan İnvestisiya Holdinqinin rəhbəri Ruslan Əlixanov Bakıda 10 yeni metrostansiya açılacağını, “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov isə inşaasına başlanan yeni stansiyasının tikintisinin maliyyə çatışmamazlığı səbəbindən dayandırıldığını bildirir. Bildiyimiz kimi, Bakı metrosu İnvestisiya Holdinqin tərkibindədir. Məlumdur ki, biri deyir pul var, digəri deyir yoxdur. Sual yaranır: “Bakı Metropoliteni” QSC-nin sabiq sədri Zaur Hüseynov bütün bunların nəticəsi olaraq vəzifədən azad edildi? Globalinfo.az-a danışan sabiq maliyyə naziri Fikrət Yusifov deyib ki, Bakı metrosunun keçmiş rəhbərinin konkret hansı səbəbdən vəzifəsindən azad edilməsi hələlik tam aydın deyil. Onun sözlərinə görə, sabiq sədr daha çox dəbdəbəli həyatı ilə gündəmdə olub: “Lakin cəmiyyətdə hər kəsə məlum idi ki, metropolitenin keçmiş rəhbərinin özü və ailəsi çox dəbdəbəli bir həyat tərzi sürürdülər. Belə bir həyat tərzi yalnız korrupsiyaya uğramış, dövlət vəsaitini oğurlamaqla özünə və ailəsinə dəbdəbəli yaşam tərzi yaratmış məmurlara xas ola bilir. Düzdür, onlar bir qayda olaraq belə “var-dövləti” ağıllı biznes fəaliyyəti nəticəsində əldə etdiklərini deyirlər. Amma təcrübə göstərir ki, vəzifədən çıxarıldıqdan dərhal sonra onların “biznes fəaliyyəti” də sönür. Düşünürəm ki, belələri zaman-zaman “ələnərək” üzə çıxarılacaq və dövlət qarşısında əməllərinin cavabını verəcəklər”. Sabiq nazir deyib ki, yeni metro stansiyalarının tikintisinə dair Azərbaycan İnvestisiya Holdinqi ilə onun tərkibində olan Bakı metrosunun arasındakı fikir ayrılığı idarəçilikdə yolverilməz bir haldır və ciddi paradoksdur: “Deməli, strukturun fəaliyyətində əlaqələndirmə çox pis təşkil olunub. Əgər belə olmasaydı, yeni metro stansiyalarının tikintisi ilə bağlı bir holdinqin daxilində bu qədər ciddi fikir ayrılığı mövcud olmazdı”. Geri qayıt |