Əsas Səhifə > Ana xəbərlər, Güney Press > Paşinyanın yeni “sülh” oyunu: “Azərbaycanın şərtlərinə...”
Paşinyanın yeni “sülh” oyunu: “Azərbaycanın şərtlərinə...”Dünən, 07:13 |
"Danışıqların yalnız bir nəticəsi ola bilərdi - Qarabağın faktiki olaraq Azərbaycana qaytarılması". Yerli mətbuatda yayılan məlumatlara görə, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan "Facebook"dakı səhifəsində yazıb. "Beləliklə, 1994-cü ildən, yəni atəşkəs başlayandan sonra Qarabağın Azərbaycana qaytarılması ətrafında danışıqlar prosesi gedirdi. Yəni, danışıqların yalnız bir nəticəsi ola bilərdi: Qarabağın faktiki olaraq Azərbaycana qaytarılması. Biz bunu etmədik və yuxarıda göstərilən danışıqlar prosesini əvvəlcədən müəyyənləşdirən beynəlxalq ictimaiyyət müharibəyə belə ciddi müqavimət göstərmədi. Reallıq budur, əziz xalqım", - Paşinyan yazıb. Maraqlıdır, Paşinyan son açıqlamaları və bəyanatları ilə Ermənistan ictimaiyyətini Azərbaycan və Türkiyə ilə barışığa, sülhə hazırlayır? Paşinyan erməni xalqına yaxın zamanda Azərbaycanla sülh sazişi imzalamağa hazırladığına dair mesaj verir? Məsələ ilə bağlı Türkiyənin Erciyes Universitetində ermənişünaslıq bölümünün rəhbəri, Azərbaycan-Ermənistan Araşdırmaları Mərkəzinin rəhbəri Qafar Çaxmaqlı “Cebhe.info”-ya açıqlamasında qeyd edib ki, Nikol Paşinyan erməni cəmiyyətində ciddi rezonans yaradan fikirlər söyləməkdə davam edir: “Paşinyan bildirib ki, Ermənistanın sabiq prezidentləri - Levon Ter-Petrosyan, Robert Köçəryan və Serj Sarkisyanın dövründə Qarabağın Azərbaycana qaytarılması ilə bağlı məsələ gündəmdə olub. Paşinyan bu kimi fikirlərini yalnız özünün “Facebook” səhifəsində deyil, həmçinin televiziya verlişlərində də səsləndirib. Təbii ki, Paşinyanın son statusu Ermənistan cəmiyyətində ciddi müzakirələrə səbəb olub. Hazırda Ermənistanın sabiq prezidentləri - Levon Ter-Petrosyan, Robert Köçəryan və Serj Sarkisyanın mətbuat katibiləri erməni mətbuatına bildiriblər ki, onlar Paşinyanın fikirləri ilə razı deyillər. Bildirim ki, Paşinyan onları bu məsələni müzakirə etmək üçün teledebata dəvət etsə də, eks-prezidentlər Paşinyanın dəvətini qəbul etməyiblər. Eyni zamanda, Ermənistanın Polşadakı keçmiş səfiri Edqar Qazaryan Paşinyanın fikirlərinə münasibət bildirib. Onun sözlərinə görə, Paşinyan müxtəlif manevrlər yolu ilə növbəti seçkilər ərəfəsində erməni xalqının etimadını qazanmaq istəyir. Qazaryan hesab edir ki, Paşinyan Qarabağın Ermənistanın əlindən çıxmasında səbəbkarlar məhz eks-prezidentlərdir. Paşinyana qatı müxalif olan Qazaryan Ermənistanın İkinci Qarabağ müharibəsində ağır məğlubiyyətə uğramasında məhz Paşinyan məsuliyyət daşıdığını bildirib”. Paşinyanın erməni cəmiyyətini Azərbaycan və Türkiyə ilə sülhə hazırlaması məsələsinə də aydınlıq gətirən Qafar Çaxmaqlı bildirib ki, bu gün Ermənistanda bu məsələ gündəmdədir: “Hazırda Ermənistanla Azərbaycan və Ermənistanla Türkiyə arasında danışıqlar prosesi gedir. Ermənistan-Türkiyə münasibətlərinin normallaşması istiqamətində müəyyən addımlar atılır. Artıq Azərbaycan-Ermənistan sülh müqaviləsinin bir çox bəndləri razılaşdırılıb. Hesab edirəm ki, Paşinyanın statusları və bəyanatları bu istiqamətdə müsbət nəticələrə gətirib çıxarmayacaq. Bu gün Paşinyan Azərbaycanla sülh sazişi imzalamağa tələsir. Amma sazişin imzalanmasından öncə Ermənistan Azərbaycanın bir sıra şərtlərini yerinə yetirməlidir. İlk növbədə Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarını nəzər tutan müddəalar aradan qaldırılmalı, ikincisi, Ermənistan Azərbaycanla birgə ATƏT-nin Minsk qrupunun ləğvi ilə bağlı ATƏT-ə müraciət etməli və üçüncüsü, Azərbaycanla sərhəd ərazilərdə Aİ-nin müşahidə missiyasının fəaliyyəti dayanmalıdır. Paşinyan bu məsələ ilə bağlı bəyanatlar versə də, hələlik bu istiqamətdə addımlar atmır. Bu isə Azərbaycanı qane etmir. Əgər İrəvan Azərbaycanla sülh sazişi imzalamaq istəyirsə, Azərbaycanın şərtlərinə əməl etməlidir”. Geri qayıt |