Əsas Səhifə > Ana xəbərlər, Güney Press > 2025-ci il Azərbaycan iqtisadiyyatını nə gözləyir?
2025-ci il Azərbaycan iqtisadiyyatını nə gözləyir?26-12-2024, 11:09 |
Azərbaycanda mövcud uzunmüddətli iqtisadi inkişaf strategiyası, ölkənin müxtəlif regionlarının dayanıqlı və balanslaşdırılmış inkişafını təmin etmək məqsədi güdür. Bu strategiya yerli iqtisadiyyatların rəqabətqabiliyyətliliyinin artırılmasına, sosial rifahın yüksəlməsinə, təbii ehtiyatların istifadəsinə və ətraf mühitin idarə edilməsinə, eyni zamanda, ekoloji təhlükəsizliyin təminatı olunmasına yönəlmiş tədbirlərə əsaslanır. Regionların inkişafı və sosial rifah səviyyəsinin yüksəldilməsi istiqamətində həyata keçirilən layihələr şəraitin yaxşılaşdırılmasına yönəldilib. Azərbaycanda uzunmüddətli iqtisadi inkişaf strategiyası iqtisadi sahədə davamlı inkişaf prinsiplərinin tətbiqinə və hərtərəfli inkişafın təmin edilməsinə xidmət edir. Bu strategiyanın həyata keçirilməsində, o cümlədən ölkənin regionlarının sosial-iqtisadi inkişafının yeni keyfiyyət mərhələsinə yüksəlməsində regionların sosial-iqtisadi inkişafı ilə bağlı dövlət proqramları (2004-2008, 2009-2013, 2014-2018 və 2019-2023-cü illər üzrə) qəbul edilmişdir. Globalinfo.az-a danışan Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib ki, bu gün regionların sosial-iqtisadi inkişafı istiqamətində mühüm tədbirlər görülür, addımlar atılır: “Ötən dövrlərlə müqayisədə regionlarımızın müsbət istiqamətdə inkişafının şahidi oluruq. Yeni infrastruktur, yeni yollar, elektrik xətləri və s. sahədə yüksək səviyyədə işlər görülür. Əhalinin sosial rifahının yaxşılaşdırılması istiqamətində tədbirlər aparılır. Proseslər o qədər sürətlə gedir ki, bəzən bunları müşahidə etmək çətinləşir. Amma ötən dövrlərlə müqayisədə həqiqətən görülən tədbirlərin miqyası, effektivliyi göz önündədir. Təbii resursların səmərəli istifadəsi, ətraf mühitin etibarlı mühafizəsi üçün də çox ciddi ölçülüb-biçilmiş, planlaşdırılmış, önəmli addımlar atılıb. Bu dövlətin həyata keçirdiyi uğurlu siyasətin nəticəsidir. Bu gün paytaxt Bakı qədər regionlarımız da inkişaf edir. İşğaldan azad olunmuş ərazilərimizdə böyük quruculuq, bərpa işləri də görülür. Bütün bunlar dövlətin məsələyə nə qədər həssas yanaşdığını göstərir. Dövlət büdcəsindən sosial sahəyə ayrılan vəsaitin də burada xüsusi rolu var”. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai Şuranın sədri, professor Elşad Məmmədov isə məsələyə belə münasibət bildirib: “2024-cü il Azərbaycan iqtisadiyyatı üçün sabitlik və inkişaf ili kimi dəyərləndirilə bilər. Makroiqtisadi göstəricilərlə bağlı hansısa ciddi problemlər müşahidə edilmədi. Eyni zamanda rəsmi Bakının uzun müddətli iqtisadi inkişaf siyasəti ilə bağlı müvafiq iqtisadi inkişaf strategiyası da reallaşdırılmaqdadır. Bu strategiyanın əsas istiqamətləri, iqtisadiyyatın imkanlarının genişləndirilməsi, rəqabət qabiliyyətliliyinin yüksəldilməsi, sosial rifahın inkişaf etdirilməsi, resurslardan səmərəli istifadə və yaşıl gündəlik, ətraf mühitin qorunması ilə bağlı məsələlər ölkə rəhbərliyinin siyasətinin prioritet istiqamətlərindəndir. Bu ildə də sosial-iqtisadi siyasətin prezidentin şəxsi iradəsinə əsasən ilk növbədə sosial yönümlü olması göz qabağındadır. Sosial xərclərin artırılması, sosial müdafiə sistemindəki şəffaflığın təmin edilməsi, əhalinin geniş təbəqələrinin aktiv şəkildə məşğulluq siyasətinə cəlb olunması, bununla yanaşı xüsusilə həssas kateqoriyalara dövlət tərəfindən ünvanlı sosial yardımın verilməsi artan xətt üzrə davam etdirilir”. Elşad Məmmədovun sözlərinə görə, 2025-ci ildə bu istiqamətlərə vəsaitlərin daha çox artırılması nəzərdə tutulub: “Bu istiqamətdə ölkə başçısı İlham Əliyevin müvafiq sərəncamı və tapşırıqları da var. Ona görə də biz sosial amilin ön planda olmasının davamlı şəkildə şahidi olacağıq. Eyni zamanda 2024-cü il Azərbaycanda böyük beynəlxalq tədbirin keçirilməsi ilə tarixə düşdü. Belə ki, bu tədbirdə də ölkəmizin kifayət qədər uca səslə milli maraqlarımıza söykənən yanaşmasını gördük. Ətraf mühitin qorunması ilə bağlı elmi cəhətdən əsaslandırılmış praqmatik dövlət yanaşmamız mövcuddur və bu beynəlxalq müstəvidə də səsləndirildi. Eyni zamanda geniş beynəlxalq dəstək də almış oldu. İqtisadiyyatın rəqabət qabiliyyətliliyinin yüksəldilməsi, yüksək texnoloji tutumluluğunun inkişafı ilə bağlı məsələlərə də xüsusi diqqət yetirilir. Düşünürəm ki, dayanıqlı şəkildə investisiyaların həcmini artırmalıyıq. Bu məsələ ümumiyyətlə iqtisadi inkişafın prioritetində olmalıdır. Bazar iqtisadiyyatı şəraitində özəl daxili investisiyalar institutu dayanıqlı şəkildə inkişaf etdirilməlidir. Bu məsələlərin həlli və investisiya siyasətində məhz prioritetin innovativ sahələrə verilməsi ölkə iqtisadiyyatının rəqabət qabiliyyətliliyinin yüksəldilməsinə müvafiq şərait yaradılmalıdır”. Geri qayıt |