Əsas Səhifə > Ana xəbərlər, Güney Press > İlahə Əhmədova 390 min manatı hansı ehtiyaclarına xərcləyib?
İlahə Əhmədova 390 min manatı hansı ehtiyaclarına xərcləyib?27-12-2024, 16:11 |
Dələduzluqda ittiham olunaraq 7 il müddətinə azadlıqdan məhrum edilən Əhmədova İlahə Yaşar qızının əvvəllər Əmək və Sosial Müdafiə Nazirliyi yanında Sosial Müdafiə fondunun Xəzər rayon şöbəsində, sonra isə Sosial Müdafiə Fondunun Pirallahı şöbəsində məsləhətçi mütəxəssis işlədiyi məlum olub. Musavat.com xəbər verir ki, 14 nəfərə qarşı külli miqdarda dələduzluqda ittiham edilən İlahə Əhmədova aldığı pulları şəxsi ehtiyaclarına xərclədiyini desə də bu barədə ətraflı danışmayıb. Yəni şəxsi ehtiyacları nə olub və bu qədər pulu hara xərcləyib. O, həyat yoldaşından ayrılıb və bir övladı ilə tək yaşayırmış. İ.Əhmədova ümumilikdə 390 min manat məbləğində pulu dələduzluq yolu ilə ələ keçirməkdə günahlandırılır. O, ayrı-ayrı şəxslərə pensiya təyin edəcəyi, zərərli işdə işləməsi əsasında çalışdığı şirkətdən müavinət alacağı, pensiya məbləğini 2-3 qat artıracağı, yeni hesablama üsulları ilə keçmişdə aldıqları pensiyaların əlavələrini alacağı, sığorta ödənişlərindən xeyli miqdarda pul ala biləcəyi vədləri ilə insanları aldada bilib. Əməllərini etiraf edən İlahə Əhmədova zərərçəkmişlərin məbləğləri şişirtməsindən narazılıq edib. Bildirib ki, bəzi şəxslər ondan lombard faizlərini, kredit faizlərini də tələb edir. İstintaq zamanı müəyyən edilib ki, İ.Əhmədova zərərçəkmiş şəxslərə dəymiş ziyanı ödəməyib. Amma məhkəmədə də söz verib ki, ödəyəcək. Zərərçəkənlər pullarını geri ala bilmədikləri üçün Əhmədovanın cəzalandırılmasını istəyiblər. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə İ.Əhmədova Cinayət Məcəlləsinin 178.2.3-cü (külli miqdarda dələduzluq törətmək) maddəsi ilə ittiham olunaraq 7 il müddətinə azadlıqdan məhrum edilib. Geri qayıt |