Əsas Səhifə > Ana xəbərlər, Güney Press > “Binokl diplomatiyası” bölgədə gərginlik yaradır

“Binokl diplomatiyası” bölgədə gərginlik yaradır


Bu gün, 10:37
“Binokl diplomatiyası” bölgədə gərginlik yaradır
Ermənistanın Aİ missiyasını ölkədə saxlamağa davam etməsi Nikol Paşinyan hakimiyyətinin Azərbaycanla real sülh danışıqlarında maraqlı olmadığını, mövcud ritorika və fəaliyyətin vaxt uzatmağa xidmət etdiyini təsdiq edir.
Belə ki, Azərbaycanla Ermənistan arasında hazırda müzakirə olunan sülh sazişi layihəsində razılaşdırılmayan 2 məsələdən biri üçüncü ölkəyə məxsus nümayəndələrin dövlət sərhədlərindən kənarlaşdırılması ilə bağlıdır. Rəsmi Bakı hesab edir ki, onların şərti sərhəddə fəaliyyəti sülh prosesinə kölgə salır və onun imzalanmasına maneə olur.
Xatırladaq ki, Avropa İttifaqı “binokl şousunu” davam etdirmək istəyir.
Avropa İttifaqının (Aİ) Xarici İşlər və Güvənlik Siyasəti üzrə Ali Nümayəndəsi qurumun Ermənistandakı Mülki Missiyasının müddətinin daha iki il uzadılmasını təklif edib. Avropa İttifaqına üzv dövlətlər təklifi müsbət qarşılayıb və hazırda Avropa İttifaqı Şurasının müvafiq qurumları ilə gərəkli hüquqi aktlar müzakirə edilir. Aİ Şurasının missiya müddətinin uzadılmasına dair qərarının yaxın günlərdə veriləcəyi gözlənilir.
Ermənistan xarici işlər naziri Ararat Mirzoyan da ötən ilin yekunlarına dair mətbuat konfransında deyib ki, Aİ-nin Mülki Missiyasına onun ölkəsinin ehtiyacı var.
“İranın Milli Təhlükəsizlik Şurasının katibi Əli Əhmədian isə Ermənistana səfəri zamanı Nikol Paşinyana Avropa İttifaqının müşahidəçi missiyasının fəaliyyətindən imtina etmək təklifini çatdırıb. Tehran rəsmisinin təhlükəsizliyin təmin edilməsi üçün İran qoşunlarının Ermənistan ərazisində yerləşdirilməsini təklif etdiyi bildirilir. Əhmədian deyib ki, İran qoşunları sadəcə Ermənistanın qorunmasına xidmət edəcək, bu ölkənin ərazisində əbədi yerləşməyəcək”.
Bu barədə rusiyalı politoloq Stanislav Tarasovun “Svobodnaya pressa”da yayımlanan məqaləsində qeyd olunur ki, Əhmədian İrəvana səfəri zamanı Ermənistanın Baş naziri Nikol Paşinyana xüsusilə vəziyyəti daha dəqiq izah edib: “Əhmədian hər iki ölkənin rəsmiləri ilə danışıqlar aparıb. Bu səfər Yaxın Şərqdə və Suriyada baş verənlərlə birbaşa bağlı olub. Tehran ən çox da Azərbaycanla münasibətlərin gərginləşməsi və Bakının ritorikasından narahatdır. İran Zəngəzur dəhlizinin açılmasına hələ də qarşıdır və bu məsələdə Ermənistan rəhbərliyi ilə danışır. Azərbaycan regional məsələlərin elə region ölkələri və buradakı əsas aktorlar arasında həll edilməsinin tərəfdarıdır. Ona görə də, “3+3" formatını dəstəkləyir. Bu, İranın da maraqlarına uyğun gəlir. Lakin Ermənistan tamamilə ayrı mövzudur”.
Tarasov bildirib ki, Ermənistan hazırda fərqli həll variantları təqdim edən iki geosiyasi mərkəz arasında qalıb və məcbur seçim etməli olacaq: “İrəvanın düşdüyü vəziyyətdən iki çıxış yolu var. Birincisi, Azərbaycanla barışmalı, Türkiyə ilə münasibətləri yoluna qoymalıdır. Bununla da, gələcəkdə yaşanacaq neqativ hadisələrdən qoruna biləcək. İkincisi, Ermənistanın Avropa İttifaqına üzv olmasıdır ki, bu zaman da müşahidəçi missiyasının fəaliyyət imkanları məhdudlaşdırılacaq. Məsələ ondadır ki, bu missiya Ermənistan və Azərbaycan sərhədində risklərin azaldılması və sabitliyin bərqərar olunması kimi rəsmi şəkildə bəyan edilmiş funksiyalarını heç vaxt yerinə yetirməyib. Sərhəddə atışmalar onların fəaliyyət dövründə də olub. Yaxın Şərqdən sonra hədəf Cənubi Qafqazdadır. İrəvan, həqiqətən də, çox çətin seçim etməli olacaq. Həqiqəti nə qədər tez anlasa, həm özü, həm də başqaları üçün daha yaxşıdır”.

Mövzu ilə bağlı “Sherg.az"a danışan siyasi şərhçi Azər Həsrət hesab edir ki, Minsk qrupunun qovulmasından sonra Aİ missiyasını qoruyub-saxlamağa xidmət edən bu siyasət bölgədə gərginliyi artıran faktorlardandır.
O qeyd edib ki, sözügedən missiyanın ötən müddətdəki fəaliyyətinə baxanda onun Azərbaycanla Ermənistan arasında etimad yaratma işini bilərəkdən iflasa uğratdığı, Ermənistan ərazisində Azərbaycana qarşı platsdarm yaratdığı, Ermənistanın militarizasiyasına dəstək verdiyi, regionun digər ölkələrinə də təhlükə yaradan hərbi və casusluq fəaliyyəti ilə məşğul olduğu üzə çıxır:

“Azərbaycan-Ermənistan nizamlanması üçün Avropa İttifaqının atacağı ən doğru addım “binokl diplomatiyası”ndan əl çəkmək, missiyanın fəaliyyətini sonlandırmaq və regionu tərk etməkdir. Ermənistan isə sülh istəyirsə, Avropa İttifaqı müşahidə missiyasının buna heç bir töhfə verməyəcəyini anlamalı, missiyanın ölkədən çıxarılmasına qərar verməlidir. Əks halda bundan uduzan yenə erməni tərəfi olacaq. Aİ missiyasının müddətinin uzadılması erməni tərəfinə müsbət heç nə vəd etmir. Azərbaycan dövləti və onun rəhbəri açıq şəkildə bəyan edir ki, biz Ermənistanla vasitəçilərsiz, birbaşa təmasların tərəfdarıyıq. Bakı münasibətləri normallaşdırmaq istəyir. Üçüncü tərəflər, bu tip müşahidəçilər də münasibətlərin düzəlməsini əngəlləyir.
Həmçinin rəsmi Bakı dəfələrlə bildirib ki, artıq Avropa İttifaqının mülki müşahidə missiyasının Ermənistan tərəfdən Azərbaycan sərhədi yaxınlığında fəaliyyətinə ehtiyac yoxdur. 2022-ci ilin dekabrından başlayaraq formalaşdırılmasına start verilmiş bu missiya, əslində, regionda gərginlik yaradır.
Ermənistanın bu addımları Avropa ölkələrinin iyrənc təbliğatına xidmət göstərməkdən başqa bir işə yaramır. Paşinyan ağıllı davranaraq missiyanın müddətini uzatmamalıdır. Diqqətinizə çatdırım ki, bunun bənzərini Azərbaycan sərgiləyib, Qarabağdakı sülhməramlıları vaxtından əvvəl yola saldı”.

Geri qayıt