Əsas Səhifə > Ana xəbərlər, Güney Press > QOCA KÖPƏYİN SON HƏMLƏSİ...

QOCA KÖPƏYİN SON HƏMLƏSİ...


Bu gün, 10:25
QOCA KÖPƏYİN SON HƏMLƏSİ...
Yanvarın 14-də ABŞ və Ermənistan arasında imzalanan strateji tərəfdaşlıq haqda xartiya ilə bağlı ekspert dairələrində müzakirələr davam edir. Belə baxış var ki, sənədin Ermənistan daxil, bölgə ölkələri üçün konkret hansı nəticələrinin və təsirlərinin olacağını bilmək üçün zamana ehtiyac var. Yəni bir az gözləmək lazımdır. Ən azından yeni prezident Donald Tramp öz komandası ilə iş başına keçənədək.

İlkin qənaətlər isə belədir ki, saziş birbaşa Azərbaycana qarşı yönəlməyib, daha çox Vaşinqtonun Tehran və Moskva ilə maraq mübarizəsi planlarından qaynaqlanır. Hərgah xartiyada milli maraqlarımıza zidd bəndlər də var. Həmin bəndlər preambula və sənədin “Əməkdaşlıq prinsipləri” adlı 1-ci bölməsində əksini tapıb.

Orada deyilir: “Birləşmiş Ştatlar Ermənistan və Azərbaycan arasında sülh prosesini, o cümlədən 1991-ci il Almatı Bəyannaməsinə əsaslanan sərhədlərin delimitasiyası prosesini dəstəkləyir. Birləşmiş Ştatlar Cənubi Qafqazda ölkələrin suverenliyi və yurisdiksiyası əsasında regional nəqliyyat kommunikasiyalarının blokdan çıxarılmasını dəstəkləyir”.

Siyasi analitiklərə görə, bu iki məsələ Bakı-İrəvan danışıqlarında əsas ziddiyyətli və prinsipial məqam sayılır. Çünki birincisi, sərhədin delimitasiyasının Almatı Bəyannaməsinə əsaslanması SSRİ dağılanda mövcud xətlərin əsas götürülməsi deməkdir və bu, Ermənistana sovetləşmə başlayandan 80-ci illərə qədər ermənilərə verilən Azərbaycan əraziləri üzərində legitimlik qazandırır, həmçinin İrəvanın sərhəddə “güzgü prinsipi” təklifini - ordumuzun yerləşdiyi strateji yüksəkliklərdən geri çəkilməsi - aktuallaşdırır. İkincisi, kommunikasiyanın “suverenlik prinsipi” əsasında açılması Zəngəzur dəhlizi layihəsinə qarşıdır və bu, həm də “dəhliz” məntiqinə qarşı irəli sürülən alternativləri - Kalininqrad dəmir yolu xətti modeli və s. - də arxa plana keçirə bilər.

Bəllidir ki, Bayden administrasiyası hər iki məsələdə Ermənistanın mövqeyindən çıxış edib. Strateji sənədin imzalanması ilə bu siyasət rəsmiləşmiş oldu və Trampa “miras” olaraq saxlanıldı. Bununla da Bayden Azərbaycana sonuncu pisliyini də etmiş oldu.

Narahatlıq yaradan başqa məqam kimi sənəddə əksini tapan “ABŞ Dağlıq Qarabağdan didərgin düşmüş şəxslərə və qaçqınlara yardım göstərməkdə Ermənistana dəstəyi davam etdirməyi planlaşdırır” qeydi hesab olunur. Ona görə ki, bu, “erməni qaçqınları” mövzusunda Azərbaycana qarşı ittihamları və Qarabağ məsələsini aktual saxlaya bilər. Hərçənd sənəddə “etnik təmizləmə” ifadəsi işlədilməyib.

Bəs Bayden hökuməti niyə məhz son anda, getfhagetdə bu sənədi imzaladı, tutaq ki, 1-2 il öncə mümkün deyildimi? Tramp ona saxlanılan “miras”a yiyə duracaqmı?

Politoloq Yusif Bağırzadə “Yeni Müsavat”a bildirdi ki, Ermənistanla ABŞ arasında strateji tərəfdaşlıq haqqında xartiyanın imzalanması üçün artıq bir müddət idi haqırlıq gedirdi. İmzalanan bu sənədə əslində keçən il aprelin 5-də ABŞ, Ermənistan və Avropa İttifaqı arasında keçirilən görüşlə başlayan prosesin davamı kimi baxmaq lazımdır. Həmin görüşdən sonra ABŞ-dan Ermənistana və əks istiqamətə çoxsaylı səfərlər, keçirilən görüşlər belə bir sənədin imzalanmasına hazırlığın getdiyini göstərirdi: “ABŞ Ermənistanın Rusiyadan asılılıq səviyyəsini nəzərə alaraq, eləcə də Paşinyan hakimiyyətinin Rusiyaya qarşı konkret addılar atmaqdan çəkindiyini, Rusiya əleyhinə bəyanatların quru sözdən o yana keçmədiyini nəzərə alaraq prossesi uzadır və bununla da Ermənistan üzərinə müvafiq öhdəliklər qoyurdu.

Sənədin məhz indi imzalanmasının ən vacib səbəbi isə Tramp hakimiyyəti dövründə belə bir sənədin imzalanma perspektivinin aşağı olması ilə bağlıdır. Ermənistan tərəfi Tramp dövründə bu sənədin imzalnma ehtimalının aşağı olduğunu nəzərə alaraq sənədin məhz indi, yəni Bayden hakimiyyəti dövründə imzlanması üçün səy göstərirdi. Eyni dərəcədə ABŞ-da olan erməni lobbisi də Respublikaçılar dönəmində Trampa təzyiq rıçaqları olmadığından sənədin indi imzalanması üçün Bayden adminstrasiyasına təzyiq göstərirdilər. Nəticədə Xartiya imzalandı".

Politoloq qeyd etdi ki, bundan sonra sənəddə nəzərdə tutulan məsələlərin hansı səviyyədə icra olunacağını zaman göstərəcək. Çünki bu sənəd Bayden administrasiyası tərəfindən Tramp üçün qoyulmuş bir miras kimi qəbul olunmalıdır. ABŞ tarixində əvvəlki hakimiyyətlər dövründə qəbul olunan strateji qərarlardan sonrakı hakimiyyətlər dönəmində imtina nadir hallarda baş verir: “Xüsusilə də əgər söhbət ABŞ-ın özünün strateji maraqlarından gedirsə. ABŞ-ın Cənubi Qafqaz maraqları kimin hakimiyyətdə olmasından asılı olmayaraq hər zaman olub və olacaq. Əgər Tramp və komandası ABŞ-ın Cənubi Qafqaz maraqlarını yenə də Ermənistan üzrəindən həyata keçirmək istəyəcəklərsə o zaman Baydenin mirasına sahib çıxacaqlar. Yox əgər Tramp regionun lider dövləti olan Azərbaycanın maraqlarını nəzərə almadan ABŞ-ın öz maraqlarını təmin etməsinin çətin olacağını anlayacaqsa o zaman indi haqqında danışılan sənədin də elə bir əhəmiyyəti qalmayacaq”.

Ədalət Partiyasının sədr müavini, siyasi şərhçi Mütəllim Rəhimli isə bildirdi ki, ABŞ və Ermənistan arasında strateji tərəfdaşlıq haqqında müqavilənin imzalanması ciddi hadisədir. Bu Paşinyan iqtidarının qərbmeylli siyasətinin bir daha təsdiqidir. Müqavilədən də görsənir ki, ABŞ-yə Ermənistanda kifayət qədər geniş imkanlar açılır. Bu Qərbin Cənubi Qafqazda hərbi və siyasi təsir dairəsinin artması, güclənməsidir: “NATO-nun Şərqə doğru genişləndirilməsi, ABŞ-nin Rusiya-İran birliyini sarsıdaraq Çinin əl-qolunu bağlamaq cəhdləri, həm də Cənubi Qafqazda möhkəmlənməsini tələb edir. ABŞ-də iqtidarlar dəyişsə də, siyasətdə köklü dəyişikliklər baş vermir. Ona görə də Tramp hakimiyyətinin Ermənistanla imzalanan sənədin üzərindən xətt çəkəcəyi inandırıcı görünmür. Ən pis halda bu müqavilə siyasi alver predmeti olacaq. Dünyanın yenidən bölüşdürülməsi, super güclərin toqquşması ilə müşahidə olunan müasir beynəlxalq münasibətlərdə əsas aktor Birləşmiş Ştatlardır. ABŞ özünün super güc statusunu əldən vermək istəmir. Köhnələn və artıq özünü doğrultmayan sistemi dəyişərək yenidən öz aparıcılığını saxlamaq əzmindədir. Qəbul etmək lazımdır ki, dünyada bu qədər qanların tökülməsi ilə dəyişiklikləri aparmaqla ABŞ özünü yeniləməkdə, təzələməkdə və gələcək dünyanın tələblərinə hazırlamaqdadır”.

Geri qayıt