Əsas Səhifə > Ana xəbərlər, Güney Press > Bu ərazilər nəzarətimizə keçə bilər
Bu ərazilər nəzarətimizə keçə bilərBu gün, 06:05 |
Yanvarın 16-da Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayev və Ermənistan Respublikası Baş nazirinin müavini Mqer Qriqoryanın sədrliyi ilə delimitasiya və demarkasiya komissiyaların on birinci iclası keçirilib. Görüş zamanı tərəflər növbəti mərhələdə delimitasiya işlərinin həyata keçirilməsi üçün sərhəd xəttinin sahələrinin/hissələrinin ardıcıllığı məsələsi ilə bağlı fikir mübadiləsini davam etdirib. Həmçinin dövlət sərhədinin delimitasiyası üzrə kompleks işlərin şimal sahəsindən başlayaraq Azərbaycan, Ermənistan və Gürcüstanın sərhədlərinin qovuşma nöqtəsi ərazisindən cənub istiqamətində, şimaldan cənuba, İran İslam Respublikası ilə sərhədinə qədər başlanması barədə razılığa gəlinib. Delimitasiya və demarkasiya prosesi ilə bağlı yaxın zamanda nə kimi yeniliklər ola bilər? Ümumiyyətlə hazırda sülh prosesi ilə bağlı vəziyyət nə yerdədir? Globalinfo.az-a danışan politoloq Aytən Qurbanova deyib ki, ötən il kifayət qədər uğurlu nəticələr əldə edən delimitasiya və demarkasiya komissiyasının 2025-ci il üçün fəaliyyətindən gözləntilər yüksəkdir: “Heç şübhəsiz, bu istiqamətdə əsas gözlənti dörd anklav (Qazaxın işğalda olan Yuxarı Əskipara, Bərxudarlı, Sofulu, Naxçıvanın Kərki – red.) kəndimizin geri qaytarılması ilə bağlıdır. Düşünürəm ki, bu məsələnin həlli komissiyasının fəaliyyətində prioritet istiqamətlərdən biridir. Digər tərəfdən on birinci görüş çərçivəsində əldə olunmuş razılıqların yaxın müddətdə yerinə yetirilməsi də mühüm istiqamətdir. Ümumilikdə delimitasiya və demarkasiya prosesi vaxt tələb etdiyi üçün mərhələli şəkildə razılıqların əldə olunması və icrası əsas hədəf olaraq qalır. Paralel olaraq sülh danışıqları çərçivəsində artıq ümumi müddəalar müəyyən edilib və onların 17-dən 15-i üzrə razılıq əldə olunub. Bundan sonrakı mərhələdə əsas məsələ Ermənistanın razılaşdırılmamış iki müddəa ilə bağlı öhdəliklərini icra etməsidir”. Politoloq bildirib ki, ABŞ-da yeni Prezident Donald Trampın səlahiyyət müddətinin başlanması nəticəsində yaxın gələcəkdə bu istiqamətdə müsbət irəliləyişlərin olması ilə bağlı gözləntilər son günlərdə artıb: “Trampın verdiyi bəyanatlara nəzər yetirdikdə, bu ehtimalın kifayət qədər real olduğunu aydın şəkildə ifadə edə bilərik. Xüsusilə də Ermənistanın silahlandırılmasının dayandırılması indiki mərhələdə Vaşinqtonun sülh danışıqlarına verə biləcəyi ən önəmli töhfə olar”. Geri qayıt |