Əsas Səhifə > Ana xəbərlər, Güney Press > Paşinyan Azərbaycandan “yox” cavabı alacaq
Paşinyan Azərbaycandan “yox” cavabı alacaqDünən, 20:00 |
“Biz Azərbaycanı yeni və təmiz səhifədən başlayaraq ikitərəfli münasibətlərin yeni dövrünü açmağa dəvət edirik”. “Cebheinfo.az”-ın məlumatına görə, Ermənistanın Baş naziri Nikol Paşinyan ABŞ-də Atlantika Şurasında çıxışı zamanı belə deyib. Atlantika Şurasının Avrasiya Mərkəzinin baş direktoru, səfir Con Herbstin suallarını cavablandıran Paşinyan Azərbaycanla sülh müqaviləsinin mətnində razılaşdırılmamış iki bəndlə bağlı açıqlama verib. Qeyd edək ki, Ermənistan tərəfi 17 bənddən 15-nin razılaşdırıldığını bildirir. Nikol Paşinyanın sözlərinə görə, iki bənddən biri Ermənistanla Azərbaycan sərhədində üçüncü ölkənin qüvvələrinin yerləşdirilməsi ilə bağlıdır: “Azərbaycan Avropanın mülki müşahidə missiyasını nəzərdə tutaraq üçüncü ölkə qüvvələrinin sərhəd boyu yerləşdirilməsinə qadağa qoymağı təklif edir. Biz Azərbaycanın bu istəyini nəzərə alırıq və bu bəndin yalnız sərhədin demarkasiya olunmuş hissələrində tətbiqini nəzərdə tutan öz təklifimizi irəli sürmüşük. Əgər biz bu ərazini demarkasiya etmişiksə, bu, o deməkdir ki, orada üçüncü qüvvələr olmamalıdır. Ona görə də biz təklifimizi yazılı şəkildə təqdim etmişik və Azərbaycanın cavabını gözləyirik”. Qeyd edək ki, Avropa müşahidə missiyasının Ermənistanın Azərbaycanla şərti sərhədində yerləşdirilməsi həqiqətən də tərəflər arasında əsas mübahisəli bəndlərdən birini təşkil edir. Ona görə də missiyanın fəaliyyət müddətinin 2027-ci ilə qədər uzadılması qarşıdakı iki il ərzində Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanacağına şübhə yaradır. Çünki Ermənistan müşahidəçilərin mövcudluğuna “Nə sülh, nə müharibə” prinsipinin həyata keçirilməsi üçün sipər kimi baxır. Yəni rəsmi İrəvan Avropa İttifaqının missiyasının Azərbaycanla şərti sərhəddə olmasından istifadə edərək sülh danışıqları ilə paralel silahlanma siyasəti yürüdür. Nikol Paşinyan hakimiyyəti müşahidəçiləri Azərbaycan istiqamətində yerləşdirməklə eskalasiyasiyanın baş verməsi halında Avropa İttifaqından Ermənistanın təhlükəsizliyinə təminat almağa çalışır. Nəticədə, Ermənistan sülh prosesində əlavə siyasi manevr imkanları qazanır. Ona görə də Azərbaycan avropalı müşahidəçilərin bölgədə qalmasını sülhə maneə hesab edərək monitorinq missiyasının fəaliyyətinə xitam verilməsini tələb edir. Bu məsələdə ikinci mühüm məqam sərhədlərin müəyyənləşməsi ilə bağlıdır. Paşinyan hökumətinin müşahidə missiyasını Azərbaycanla 1991-ci ilə dair şərti sərhədə yerləşdirməsi xüsusi məqsəd daşıyır. Bununla da Paşinyan SSRİ-nin dağıldığı dövrə aid inzibati sərhədlərin beynəlxalq səviyyədə tanınmasına nail olmaq istəyir. Əslində, Paşinyan dolayısı ilə şərti sərhədləri Ermənistanın de-yure dövlət sərhədi kimi tanımaq müqabilində müşahidə missiyasını ölkədən çıxartmaq təklifini irəli sürür. Qeyd edək ki, Azərbaycanla Ermənistan arasında sərhədlərin 1991-ci il Almatı Bəyannaməsi əsasında delimitasiya və demarkasiya olunması haqqında razılaşma imzalanıb. Lakin Sovet dövrü 70 ildən artıq bir dövrü əhatə edir və qarşılıqlı razılaşmadan asılı olaraq 1920-ci ilin aprel ayından etibarən istənilən dövrün xəritəsi tətbiq edilə bilər. Üstəlik, rəsmi İrəvan 1989-cu il dekabrın 1-də Ermənistana birləşdirlməsi haqqında qərar qəbul etməklə Azərbaycanla inzibati sərhədlərdən imtina edib. Ona görə də sərhədlər yenidən müəyyənləşməlidir. Bu baxımdan, Avropa İttifaqı müşahidə missiyasının “Ermənistanın dövlət sərhədi” adı altında şərti ayırıcı xətt boyu yerləşdirilməsi həm beynəlxalq hüquqa, həm də Azərbaycan qanunvericiliyinə ziddir. Çünki həmin sərhədlər delimitasiya və demarkasiya olunmayıb. Ermənistan hökuməti isə Azərbaycana müşahidəçilərin ofis rejiminə keçməsini və yalnız şərti sərhədin delimitasiya edilmiş hissəsində yerləşdirilməsini təklif edir. Hazırda sərhədin yalnız Qazax rayonunun Tavuş vilayəti ilə sərhədinin 12,7 kilometr hissəsi delimitasiya və demarkasiya edilib. Həmin hissə legitim və mübahisəsiz olduğundan, müşahidəçilərin yerləşdirilməsinə də ehtiyac yoxdur. Geri qayıt |