Əsas Səhifə > Ana xəbərlər, Güney Press > “Rusiya Azərbaycanda sabitliyin pozulmasına çalışır”

“Rusiya Azərbaycanda sabitliyin pozulmasına çalışır”


Bu gün, 14:00
“Rusiya Azərbaycanda sabitliyin pozulmasına çalışır”
Fevralın 3-də Azərbaycan Rusiyaya Bakıda fəaliyyət göstərən “Rus Evi” barədə nota göndərib. Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə bildirib ki, Rusiyanın “Rossotrudniçestvo” agentliyinin Azərbaycan ərazisində fəaliyyətinə xitam verilməsi ilə bağlı yerli mətbuatın sualına cavabında deyib ki, “Azərbaycan Respublikası ərazisində bu kimi təşkilatların fəaliyyəti milli qanunvericiliyə, ölkələr arasında qarşılılıq prinsipinə və ikitərəfli əsasda əldə olunmuş razılıqların tələblərinə uyğun olaraq tənzimlənir”.

““Rossotrudniçestvo”nun Azərbaycandakı nümayəndəliyi olan Rusiya İnformasiya-Mədəniyyət Mərkəzi – “Rus Evi”nin hüquqi şəxs qismində qeydiyyatının mövcud olmadığı və təşkilatın Azərbaycan qanunvericiliyini ciddi şəkildə pozduğu barədə Rusiya tərəfinə məlumat verildikdən sonra, 3 fevral 2025-ci il tarixində “Rus Evi”nin fəaliyyətinə xitam verilməsi barədə Rusiya tərəfinə nota göndərilib. Bununla, Azərbaycan tərəfinin ölkəmizdə “Rus Evi”nin fəaliyyətinə xitam verilməsi barədə qərarından irəli gələrək, Rusiya tərəfindən bu istiqamətdə müvafiq tədbirlər həyata keçirilməsi gözlənilir”, - XİN rəsmisi əlavə edib.

Ötən il dekabrın 25-də Bakıdan Qroznıya uçan AZAL-ın sərnişin təyyarəsinin raketlə vurulmasından sonra qəzaya uğraması hadisəsi Azərbaycan-Rusiya münasibətlərində soyuqluq yaradıb. Təyyarə insidenti ilə bağlı Azərbaycan tərəfi Rusiya qarşısında üç şərt qoyub: təyyarənin vurulmasına görə üzr istənilməsi, cinayətkarların cəzalandırılması və kompensasiya ödənilməsi. Rusiya tərəfi isə hər vəchlə təyyarənin raketlə vurulmasını boynuna götürmür, eyni zamanda, Bakının tələblərindən ikisini – günahkarların cəzalandırılmasını və kompensasiya tələbini yerinə yetirmir. Əvəzində Rusiya mediasında anti-Azərbaycan təbliğatı geniş vüsət alıb. Bu isə münasibətlərdə gərginliyi bir az da artırıb.

Mövzu ilə bağlı AYNA-nın suallarını cavablandıran Milli Cəbhə Partiyasının (MCP) sədri, Milli Məclisin deputatı Razi Nurullayev deyib ki, iki ölkə arasında münasibətlərin kəskinləşməsinin və indiki vəziyyətə çatmasının səbəbkarı birmənalı olaraq, Rusiya tərəfidir:

- Rusiya Azərbaycan təyyarəsi vurulandan sonra bu hadisənin üzərindən sükutla keçilməsinə çalışdı. Bu günədək isə Bakının haqlı tələblərinə Moskva adekvat münasibət bildirmir. Bunun da səbəbi bəllidir: Rusiya hegemon, imperialist düşüncə ilə məsələlərə yanaşır və Azərbaycanın tələblərini yerinə yetirməyi sanki özünə sığışdırmır. Azərbaycan tərəfi Rusiyanın bu davranışını qəbnul edə bilməz, məsələnin üzərindən sükutla keçilməsinə imkan verə bilməz. Söhbət burada insan taleyindən gedir. Bu, bağışlanılası məsələ deyil. Xatırladım ki, Ukrayna təyyarəsini İranm vurmuşdu. Əvvəlcə hadisəni törətməkdən boyun qaçırdı, amma sonra bunun mümkün olmadığını anlayanda, üzrxahlıq etdi, eyni zamanda, beynəlxalq aviasiya haqqında qanunların tələbini yerinə yetirdi. Rusiya da analoji addım atmalıdır. Amma biz bunun şahidi olmuruq, əksinə, Rusiya mediasında Azərbaycana qarşı kampaniya aparılması, Rusiyanın isə Azərbaycana yuxarıdan baxmaq yanaşmasını görürük. Bu, əlbəttə, qəbuledilməzdir. Azərbaycan məsələdə prinsipiallıq nümayiş etdirir və hesab edirəm ki, bu, doğru yoldur.

- Rusiya bu davranışı ilə nəyə nail olmaq istəyir?

- Mən belə görürəm ki, Rusiya Azərbaycanda sabitliyin pozulması, qarışıqlığın yaranması üçün addımlar atmaq istəyir, buna çalışır. Bakıdakı “Rus Evi”nin bağlanması da buna işarədir. Sözügedən ünvanda gizli görüşlərin keçirilməsi, etnik zəmində qarşıdurmanın yaranması istiqamətində Rusiya tərəfindən addımların atılması halları var. Bunlar isə qəbuledilməzdir. Azərbaycan bu gün siyasi cəhətdən stabil, milli birliyi olan ölkədir. Düşünürəm ki, Moskva bu milli birliyi, stabilliyi pozmağa cəhdlər edir. Bu, Rusiyanın köhnə siyasətidir. Rusiya hər zaman qonşu ölkələrində, keçmiş SSRİ respublikalarında stabilliyi pozur, münaqişə ocağı yaradır və sonradan bu münaqişəni həll etmək adı altında vasitəçilik edir. Yəni problemi, daha doğrusu separatizmi yaradır, qondarma qurum ərsəyə gətirir, o quruma “rəhbər” təyin edir və sonra da problemi həll etməyə yardımçı olmaq adı altında münaqişə yaratdığı ölkəyə soxulur, bu məsələlərdən həmin ölkəyə siyasi təzyiq vasitəsi kimi istifadeə erdir. Buna Qarabağ münaqişəsi, Moldovadakı münaqişə, Gürcüstandakı münaqişə, Ukraynadakı münaqişə nümunədir. Hətta zaman-zaman Rusiya Qazaxıstana da bu problemi yaratmağa cəhd göstərir. Görünən odur ki, Azərbaycanda yenidən belə bir problemin yaranmasına çalışılır. Amma düşünürəm ki, bu metodlar artıq köhnəlib və effektiv olmayacaq. Azərbaycan da ötən əsrin 80-90-cı illərindəki Azərbaycan deyil.

- Yəni münasibətlərin gərginləşməsi Rusiyanın marağındadır...

- Əlbəttə, Rusiyanın marağı vəziyyətin kəskinləşməsidir. Ən azı, görünən budur. Əksi olsaydı, o zaman dediyim kimi, təyyarə qəzası ilə bağlı Bakıdan irəli sürülən tələblər yerinə yetirilərdi. Azərbaycan heç vaxt heç bir qonşu ilə, xüsusilə də Rusiya ilə münasibətlərin pisləşməsinin tərəfdarı olmayıb, indi də deyil. Azərbaycanla Rusiya arasında strateji müttəfiqlik barədə sənəd imzalanıb və bu günədək həmin sənəddən irəli gələn məsələləri Azərbaycan nəzərdə tutulan şəkildə icra edib. Amma Rusiya bu sənədə də məhəl qoymur. Üstəlik, Azərbaycanla bağlı təxribatlara əl atır. Bu, yolverilməzdir.

- Azərbaycan təyyarənin vurulması ilə bağlı Rusiyanı beynəlxalq məhkəməyə verəcəkmi?

- Təbii ki, biz istəməzdik məsələ məhkəmə müstəvisinə çıxsın. 40 gündür ki, gözləmə mövqeyindəyik ki, bəlkə Moskva fikrini dəyişər. Hələ də inanırıq ki, Rusiya özündə güc, iradə taparaq Azərbaycanın tələblərini yerinə yetirəcək. Məsələ burasındadır ki, bu, Azərbaycanın hikkə ilə irəli sürdüyü tələblər deyil. Beynəlxalq hüquq, mülki aviasiya haqqında qəbul olunmuş qərarlar, qanunlar bu şərtlərin yerinə yetirilməsini tələb edir. Əlbəttə, Rusiya bunları yerinə yetirməsə, Azərbaycanın beynəlxalq məhkəməyə müraciət etməsi istisna deyil. Məsələ məhkəmə müstəvisinə çıxarsa, birmənalı olaraq, haqlı tərəf Azərbaycan olduğuna görə, qərar da Azərbaycandan yana olacaq. Bu isə Rusiya üçün ayrıca zərbə deməkdir. İnanıram ki, Rusiyadakı ağıllı rəsmi şəxslər münasibətlərin daha da kəskinləşməməsi üçün çağırışlar edəcək.

Geri qayıt