Əsas Səhifə > Ana xəbərlər, Güney Press > Sülhün olmaması təhlükəli proseslərə zəmin yaradır

Sülhün olmaması təhlükəli proseslərə zəmin yaradır


Dünən, 09:00
Sülhün olmaması təhlükəli proseslərə zəmin yaradır
Geosiyasi müstəvidə ABŞ-Rusiya danışıqlarının əsas gündəm olduğu vaxt Ermənistanda revanşist qüvvələr yenidən ümidlənib. Daşnaklar ümid edirlər ki, Qarabağı yenidən işğal edə bilərlər. “Daşnaksütyun” Partiyasının üzvü, “Ermənistan” fraksiyasından olan deputat Artur Xaçatryanın iddiaları bu kontekstdə xüsusilə diqqət çəkir. Xaçatryan bildirib ki, dünyada və regionda baş verənlər ya tamamilə məhvə, ya da ümid qapılarının açılmasına doğru gedir: “Buna görə Qarabağ məsələsini qapalı hesab etməyə tələsməyin. Ermənistan hakimiyyəti çox yöndəmsiz vəziyyətdə qalır. Nikol Paşinyan Azərbaycan Prezidenti İlham Əliyevin tələbini yerinə yetirərək, Minsk qrupunun buraxılmasına haqq qazandırmağa çalışır. Halbuki, dünən Səudiyyə Ərəbistanında ABŞ və Rusiya arasındakı danışıqlarda təkcə Ukrayna deyil, həm də Qafqaz və Mərkəzi Asiya da müzakirə edilib”. Səudiyyədə keçirilən görüşdə belə bir müzakirə haqda nəinki informasiya, heç ehtimal belə yoxdur. Bu, daşnakların xəyallarından başqa bir şey deyil. Ermənistanın ikinci Prezidenti Robert Köçəryanın aktivliyi açıq hiss olunur. Köçəryan qarşıdan gələn seçki proseslərində fəal iştirak etmək niyyətində olduğunu açıqlayıb. Uzun sükutdan sonra revanşistlərin fəallaşması müəyyən suallar yaradır. Rusiyalı politoloq Yevgeni Mixaylov da deyib ki, Cənubi Qafqazın bütün ölkələri vəziyyətin - Rusiya ilə ABŞ arasında danışıqlar prosesinin inkişafını diqqətlə izləyir. Onun sözlərinə görə, nəzərə çarpacaq dərəcədə istiləşmə olsa, bu, təbii ki, Cənubi Qafqazda güclərin geosiyasi balansına təsir edəcək: “Buradan görünür ki, İrəvana daha az dəstək veriləcək. Fransanın Ukrayna rejiminə uğursuz dəstəyindən sonra onun artıq Ermənistan dövlətinə vaxtı olmayacaq. Düşünürəm ki, ən azı AB-nin dəstəyi kəskin şəkildə azalacaq. Ermənistanın isə ağlı başına gələ və Moskvanın zəmanəti ilə İrəvanla Bakı arasında razılaşmanın bütün şərtlərini yerinə yetirə bilər".

Politoloq Azər Qasımov "Sherg.az"a açıqlamasında deyib ki, Ermənistanda revanşist qüvvələrin varlığı həmişə olub və bundan sonra da olacaq. Ekspertin sözlərinə görə, əslində, bütün erməni xalqının əksər hissəsi revanşist düşüncəlidir:

"Bəziləri imkanlarının olmadığından, bəziləri də məqamın gəlmədiyindən sakit dayanıblar. Amma onların hamısı məqam gözləyir. Aralarında "Qarabağ klanı"nın qeyd edilən şəraitə baxmadan, Ermənistanın gələcəyini fikirləşmədən revanş götürmək istəyi daha güclüdür. Xüsusən, kənardan veriləcək dəstək vədləri onları da ürəkləndirir. Rusiya isə həmişəki kimi məkrli oyunlarından əl çəkmir. Oyunun əsas hədəfi Paşinyan olsa da, Azərbaycana qarşı təzyiq yolları bu planın tərkib hissəsidir. Paşinyan regionda təkdir. Onun arxasında Qərb dairələri dursa da, artıq onlara da Ukrayna hadisələri fonunda ümid qalmayıb. Rusiyanın regionda aktivləşmək cəhdləri də bununla bağlıdır ".

Analitik qeyd edib ki, revanşistlərin Moskvaya ümid edərək yenidən aktivləşmək cəhdləri təhlükəli ssenarilərdən xəbər verir:

"Bu, regiona yeni dağıdıcı dövrün başlanğıcını vəd edir. Görünür, Paşinyan da bundan çəkinir. Azərbaycan və Ermənistan arasında sülhün olmaması da təhlükəli proseslərə zəmin yaradır. Hesab edirəm ki, Paşinyan Azərbaycanın tələblərini tezliklə yerinə yetirib sülh müqaviləsi imzalamalıdır. Əlbəttə, Ermənistanda revanşistlərin aktivləşməsi özlərinə ziyan vuracaq. Bundan da Azərbaycan istifadə edəcək. Azərbaycana bunun ciddi təsiri olmayacaq. Odur ki, Ermənistan nəticələri gözə alıb hərəkət etməlidir".

Geri qayıt