Əsas Səhifə > Ana xəbərlər, Güney Press > Sülhün əsas şərtindən imtina: İrəvan çağırışları qulaqardına vurur
Sülhün əsas şərtindən imtina: İrəvan çağırışları qulaqardına vururDünən, 19:00 |
![]() “Ermənistanın Konstitusiyaya düzəlişlər vasitəsilə Azərbaycana qarşı ərazi iddialarından qanuni şəkildə imtina etməklə normallaşma prosesində əsas maneəni aradan qaldıracağını gözləyirik. Ötən il ərzində Azərbaycan və Ermənistan birbaşa ikitərəfli müzakirələr yolu ilə, xüsusilə ikitərəfli sülh sazişinin hazırlanması, dövlət sərhədinin delimitasiyası və demarkasiyası istiqaməti daxil olmaqla normallaşma prosesində əhəmiyyətli irəliləyiş əldə ediblər”. Bu sözləri Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov Cenevrədə İnsan Hüquqları Şurasının 56-cı Sessiyasının Yüksək Səviyyəli İclasında deyib. E.Məmmədov vurğulayıb ki, digər bir mühüm məsələ isə münaqişənin ilk illərində Ermənistandan qovulmuş 250 mindən çox azərbaycanlının təhlükəsiz və ləyaqətli şəkildə geri qayıtmasını təmin etməkdir: "Onlar beynəlxalq insan hüquqları hüququnun açıq-aşkar pozulması ilə öz ata-baba yurdlarından məhrum qalıblar. Bir vaxtlar Ermənistanda ən böyük milli azlığı təşkil edən Qərbi Azərbaycan İcmasının onların dinc qayıdışının asanlaşdırmaqla bağlı dialoqa başlamaq çağırışlarına yenə də məhəl qoyulmur və bu səylər Ermənistan hökuməti tərəfindən Azərbaycanın ərazi iddiası kimi qəsdən yanlış şərh edilir. Bu, BMT-nin müvafiq mexanizmləri tərəfindən lazımi qaydada nəzərdən keçirilməli olan bizi narahat edən məsələdir". Beləliklə, nazir müavininin rəsmi Bakının gözləntiləri ilə bağlı dediklərindən belə qənaətə gəlmək olar ki, Azərbaycanın əsas tələbi – Ermənistan Konstitusiyasının dəyişdirilməsi gündəmdə qalır. Mövzu ilə bağlı AYNA.AZ-a danışan politoloq Anar Əliyev deyib ki, Ermənistan tərəfi və onun havadarları Bakının tələbini təzyiq kimi qiymətləndirirlər: - Əslində isə bu heç tələb də deyil, Ermənistanın atmalı olduğu addımdır. Əgər Ermənistan sülh istəyirsə, o zaman sülhə əngəl yaradan əsas amil aradan qaldırılmalıdır. Fakt budur ki, Ermənistan Konstitusiyasında Azərbaycana ərazi iddiaları mövcuddur ki, bu, sülhün təminatına, sülhə imkan vermir. Azərbaycanın bu mövqeyində haqlıdır və bunu təzyiq kimi qiymətləndirmək yanlışdır. Demirlər ki, sülh olmalıdır? O zaman Ermənistana havadarlıq edən qüvvələr zəhmət çəksinlər İrəvana desinlər ki, Ermənistan Konsktitusiyasının dəyişdirilməsi zəruridir. Azərbaycan beynəlxalq icimaiyyətə xarici işlər nazirinin müavininin dili ilə bir daha çatdırdı ki, bu məsələdə Ermənistana təzyiqlər edilməsini istədiyini bildirdi. Bilirsiniz, bu barədə beynəlxalq güclərdən Ermənistana heç bir çağırış edilmir. Sülh sazişinin imzalanması ilə bağlı ümumi sözlərlə çağırışlar edilir, amma konkret detallardan danışan yoxdur. Hesab edirəm ki, Azərbaycanın haqlı gözləntisi Ermənistan tərəfindən yerinə yetirilmədən sülh sazişinin imzalanması real deyil. - Ermənistan rəsmiləri ara-sıra Konstitusiya dəyişikliklərinin vacib olduğunu dilə gətirirlər. Sizcə, bu əməldə nə zaman yerinə yetiriləcək? - Məncə, Ermənistanda növbəti parlament seçkilərindən sonra Konstitusiya dəyişikliyinə getmək istəyirlər. Baş nazir Nikol Paşinyan seçkilərlə hakimiyyətdə növbəti dəfə qalmaq və vundan sonra Ermənistan Konstitusiyasında dəyişiklik etməyi planlaşdırır. Konstitusiya islahatlarının 2027-ci ilədək başa çatması məsələsini gündəmə gətirmələri də məhz bununla bağlıdır. Amma bu, Ermənistanın “sülhpərvər” davranışına, guya sülhə həır an hazır olmaları ilə bağlı bəyanatlarına uyğun deyil. Bu, sülhün tərəfdarı olmaq yox, əksinə, sülh prosesini uzatmaq deməkdir. Hesab edirəm ki, dünya ictimaiyyəti, xüsusən də sülhə çağırış edən güclər bu nüansa diqqət etməlidirlər. -- Sülh müqaviləsinin imzalanmaması müharibə riskini nə qədər artırır? - Ümumiyyətlə, sülh sazişi imzalanmadığı müddətdə hərbi toqquşma riski qalmaqdadır. Ermənistanın silahlanması, hücum silahları ilə təchiz olunması da sülhü təhdid edən əsas amillərdən biridir. Əlbəttə, Ermənistanın şərti sərhəddə hərbi təxribat törətməyəcəyinə zəmanət yoxdur. Çünki dediyim kimi, qarşı tərəf hücum silahları ilə silahlanır. Sülhdən danışan Ermənistan niyə silahlandırığını arqumentlərlə əsaslandıra da bilmir. Eyni zamanda, Ermənistan cəmiyyətində revanşa çağırışlar var. Bunlar əlbəttə, sülh prosesinə təhdid yaradan məsələlərdir. Amma Ermənistan da, ona havadarlıq edən dövlətlər, qüvvələr də yaxşı anlamalıdırlar ki, istənilən təxribatın qarşısı Azərbaycan Ordusu tərəfindən qətiyyətlə alınacaq. Yeni müharibə Ermənistanın tamamilə məhv olmasına gətirib çıxaracaq. Geri qayıt |