Əsas Səhifə > Ana xəbərlər, Güney Press > Ermənistan yarımçıq sülhü çox arzulayır

Ermənistan yarımçıq sülhü çox arzulayır


Bu gün, 14:00
Ermənistan yarımçıq sülhü çox arzulayır
Ermənistanın Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan deyib ki, İrəvan sülh müqaviləsi ilə bağlı Azərbaycanın cavabını alıb. Lakin Badalyanın sözlərinə görə, digər sahələrdə - kommunikasiyaların açılması, silahların qarşılıqlı nəzarəti və yoxlanılması mexanizmi hələ də cavabsız qalıb. Qeyd edək ki, Azərbaycan 2024-cü ilin noyabrında sülh müqaviləsinin mətninə dair 11-ci təkliflər paketini Ermənistana göndərib. Bakının İrəvana göndərdiyi cavab 17 maddəlik sülh sazişi layihəsinə korrektlərin edilməsindən ibarətdir. Belə korrektlər Bakı-İrəvan xəttində uzun müddətdir davam edir. Tərəflərin son açıqlamaları fonunda 17 maddənin yalnız birində prinsipial razılaşmanın olmadığı görünür, o da "üçüncü ölkələrə məxsus qüvvələrin sərhəddən çıxarılması"dır. İrəvan Avropa İttifaqının müşahidə missiyasının müddətini daha iki il uzatmaqla bu məsələdə razılaşma perspektivini sıradan çıxardı. Saziş layihəsinin bu bənd olmadan imzalanması üçün “alternativ güzəştlər” irəli sürür. Mümkündür ki, İrəvanın layihədə “üçüncü ölkələrə məxsus qüvvələrin sərhəddən çıxarılması” bəndi ilə bağlı yeniliklər, yaxud əlavə təkliflər daxil edib, Bakının cavabı da bu məsələdə öz korrektlərini əlavə etməkdir. Ermənistanın digər məsələlər dediyi "kommunikasiyanın açılması və silahlara nəzarət mexanizmi" 17 maddəlik layihəyə daxil deyil. Çünki kommunikasiya ilə bağlı məsələ qarşılıqlı razılaşma ilə layihədən çıxarılıb. Silahlara nəzarət mexanizmi isə Ermənistanın Azərbaycn tərəfindən qəbul edilməyən, ümumiyyətlə, reaksiya vermədiyi təklifidir. Proses sülh sazişi layihəsinin 2025-ci ildə də imzalanması perspektivlərini zəiflədir.

Siyasi elmlər doktoru, professor Elşad Mirbəşiroğlu "Sherg.az"a açıqlamasında deyib ki, bir müddət öncə Nikol Paşinyan indiki mərhələdə, yəni razılaşdırılmış müddəalar əsasında Azərbaycanla sülh sazişinin bağlanmasının mümkünlüyündən danışıb. Professorun sözlərinə görə, Ermənistan tərəfi bunu, daha doğrusu, yarımçıq sülhü çox arzulayır:

"Ancaq Azərbaycanın irəli sürdüyü prinsipial şərtlər mövcuddur. Bakı natamam sülh müqaviləsini imzalamaq istəmir. Azərbaycan və Ermənistan arasında uzun müddətdir ki, sülh sazişinin mətni dövr etməkdədir. Səhv etmirəmsə, artıq 19-cu dəfə qarşılıqlı cavab vermə prosesi baş tutub. Lakin Azərbaycanın haqlı şərtləri təmin olunmadan imzalanacaq istənilən razılaşma əhəmiyyətsiz kağız parçası olacaq. Başlıca şərtimiz Ermənistan Konstitusiyasında dəyişikliyin edilməsi ilə bağlıdır. Konstitusiyanın Preambulasında Müstəqillik Aktına istinad var. Müstəqillik Aktında da Azərbaycana ərazi iddiası var. İstənilən ölkənin imzaladığı beynəlxalq sənədlər onun əsas qanunvericiliyi ilə uyğunluq təşkil etməlidir. Ermənistan Konstitusiyasının 16-cı maddəsində vurğulanır ki, qanunvericiliyə zidd istənilən sənəd heç bir hüquqi qüvvə kəsb etməyəcək".

E.Mirbəşiroğlu vurğulayıb ki, Ermənistanla sülh müqaviləsini imzalamaqla öz üzərinə ciddi öhdəliklər götürməli, Azərbaycana qarşı ərazi iddiası ilə çıxış etməməlidir:
"Necə ola bilər ki, Ermənistan Konstitusiyasında ərazi iddiası qaldığı halda İrəvan hökuməti bu məsələdə üzərinə öhdəlik götürür? Bu, paradoksdur. Ermənistanın məqsədi də odur ki, yarımçıq və gələcəkdə heç bir hüquqi qüvvəsi olmayan sülh sazişi imzalansın. Nə vaxtsa özü üçün münbit şəraitin yaranacağına və yenidən revanşa qalxacağına ümid edir. Ermənistan itirdiyi mövqeləri qaytarmaq arzusu ilə yaşayır. Məhz ona görə sistemli şəkildə silahlanır. İrəvanı dəstəkləyən dairələr də ortaq mövqedən çıxış etdikləri üçün tamamlanmamış sülh sazişinin imzalanmasında maraqlıdırlar. Ermənistanın ATƏT-in Minsk qrupunun ləğvi ilə bağlı tərəddüdü də İrəvanın gələcəkdə revanş istəyində olduğunu göstərir. Ermənistan münaqişənin olmaması faktını qəbul etmək istəmir. İrəvanın yanaşması odur ki, Minsk qrupu mövcuddursa, deməli, münaqişə də qalmaqdadır. Ona görə də diqqəti daha az əhəmiyyət kəsb edən məsələlər üzərinə yönəltməklə prosesi yubadır".

Geri qayıt