Əsas Səhifə > Ana xəbərlər, Güney Press > Zəngəzura görə hərbi müdaxilə…

Zəngəzura görə hərbi müdaxilə…


Dünən, 12:28
Zəngəzura görə hərbi müdaxilə…
“Bu gündən etibarən Ermənistan-Türkiyə sərhədinə Rusiya hərbi kontingenti deyil, erməni əsgərləri nəzarət edəcək. Bu barədə Ermənistan Baş naziri Nikol Paşinyan son açıqlamasında bildirib. Daha əvvəl isə Rusiya hərbçiləri Ermənistan-İran sərhədinə nəzarətdən kənar edilmişdi. İrəvan Hava limanına Rusiyanın nəzarətinə də son qoyulub. Yəni Rusiya Ermənistanda öz mövqelərini itirə-itirə gedir”.

Globalinfo.az xəbər verir ki, bu barədə məlumatı Avropada yaşayan jurnalist Elbəyi Həsənli öz Feysbuk hesabında paylaşıb.

“Ermənistan-Türkiyə sərhədinə ermənilərin nəzarət etməsi nə deməkdir? Rusiya hərbi kontingentinin sərhəddən uzaqlaşdırılması o anlama gəlir ki, Ermənistan Türkiyədən hər hansı bir hərbi müdaxilə gözləmir. Əgər gözləsəydi belə bir addım atmazdı.

Ermənistan-İran sərhədindən Rusiya hərbi kontingentinin çıxarılması da müsbət hadisədir. Bu, həm də o deməkdir ki, Ermənistan heç Azərbaycandan da Zəngəzur məsələsinə görə hərbi müdaxilə gözləmir. Gözləsəydi Rusiya qoşunlarını ərazidən çıxarmazdı.

Ermənistan nə Türkiyədən, nə də Azərbaycandan hərbi müdaxilə gözləmirsə, deməli, tərəflər arasında anlaşma var. Sadəcə bu anlaşmanın münasib bir məqamda elan olunması qalıb” – E.Həsənli bildirib.

Qeyd edək ki, Ermənistanda bəzi dairələr tez-tez Azərbaycanın Zəngəzura hücuma hazırlaşdığına dair absurd iddialar səsləndirirdilər. Rəsmi İrəvanın bu həmləsi Bakının konstruktiv mövqe sərgilədiyini bir daha sübuta yetirir.
Geri qayıt