Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/dia-az.life/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/dia-az.life/engine/modules/sitelogin.php on line 108 Çap versiya > Şoyqu Azərbaycan TŞ-nin katibini Moskvada gözləyir
Əsas Səhifə > Ana xəbərlər, Güney Press > Şoyqu Azərbaycan TŞ-nin katibini Moskvada gözləyir

Şoyqu Azərbaycan TŞ-nin katibini Moskvada gözləyir


Bu gün, 08:42
Şoyqu Azərbaycan TŞ-nin katibini Moskvada gözləyir
Mayın 27-29-da Rusiya paytaxtında 150-dən çox ölkənin nümayəndələrinin iştirakı ilə təhlükəsizlik məsələlərinə dair böyük forum keçiriləcək. Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqunun sədrliyi ilə keçiriləcək tədbirdə MDB, KTMT, Aİİ, ŞƏT, eləcə də Asiya, Afrika və Latın Amerikası ölkələrindən yüksək səviyyəli nümayəndələr iştirak edəcək. Təşkilatçılar 20-dən çox beynəlxalq təşkilatın rəhbərlərinə dəvət göndəriblər. Forumda məqsəd indiki gərgin vəziyyətdə, Rusiyanın təhlükəsizlik üzrə beynəlxalq dialoq mərkəzi kimi yüksək statusunun təsdiqlənməsinə xidmət edir.

Təhlükəsizlik Şurası 2010-cu ildən təhlükəsizlik məsələlərinə cavabdeh olan yüksək səviyyəli nümayəndələrin illik beynəlxalq toplantısını keçirir. Forum qlobal təhlükəsizlik məsələlərinin müzakirəsi və terrorizm, ekstremizm, transmilli cinayətlər və narkotiklərin qanunsuz dövriyyəsi ilə mübarizədə ölkələr arasında əməkdaşlığın gücləndirilməsi üçün platforma rolunu oynayır. Bundan əvvəlki toplantı 2024-cü ilin yazında Sankt-Peterburqda keçirilib. Tədbirdə təhlükəsizlik şuralarının katibləri, milli təhlükəsizlik müşavirləri, baş nazirin müavinləri, təhlükəsizlik orqanlarının və xüsusi xidmət orqanlarının rəhbərləri, BMT və digər aidiyyəti qurumların nümayəndələri iştirak ediblər. Yada salaq ki, Azərbaycan Prezidenti yanında Təhlükəsizlik Şurasının katibi Ramil Usubovdur. R.Usubov 1994-2019-cu illərdə ölkənin daxili işlər naziri olub. Rusiyanın indiki vaxtda belə bir tədbiri keçirməkdə əsl məqsədi nə ola bilər? Azərbaycan iştirak edəcəkmi?

Politoloq Oqtay Qasımov “Yeni Müsavat”a bildirdi ki, mayın sonlarında Rusiyada keçiriləcək təhlükəsizlik məsələlərinə dair böyük forum, əlbəttə, diqqətəlayiq tədbirdir: “Nəzərə alsaq ki, Rusiya Ukraynaya qarşı başlatdığı təcavüzdən sonra dünyada ciddi şəkildə izolə edilmiş durumdaydı. Amma son yarım ildə Rusiya sanki bu izolyasiyanı müəyyən qədər dağıtmağa nail olub. Keçən ilin oktyabrında Kazanda keçirilən BRİCS toplantısının genişləndirilmiş formatından sonra Rusiya xeyli izolyasiyadan çıxmış kimi göründü. Xüsusilə bu ilin əvvəlindən Donald Tramp ABŞ-da hakimiyyətə gələndən sonra Rusiya-Amerika danışıqları faktiki olaraq Moskvaya dünya siyasətində yenidən masaya qayıtmasına şərait yaratdı. Yenidən Rusiya aktiv şəkildə beynəlxalq birliyin üzvünə çevrildi. Məhz bu izolyasiyanın yarılması məqsədilə Rusiyada çox müxtəlif tədbirlər keçirilir. Buraya çox müxtəlif beynəlxalq təşkilatlar və dövlət başçıları dəvət olunur ki, bunlardan biri də 9 mayda Moskvada keçirilən parad idi. Orada da dünyanın əksər dövlət başçılarına dəvətlər göndərilsə də, Rusiyanın umduğu səviyyədə təmsilçilik olmadı və cəmi 20-yə yaxın ölkə və hökumət başçısı bu tədbirə qatıldı. Mayın sonlarında təşkil olunacaq təhlükəsizlik məsələlərinə həsr olunduğu elan edilən forum da qeyd etdiyimiz niyyətlə keçiriləcək tədbirlərdən sayıla bilər. Bu tədbirlər, bir daha qeyd etmək istəyirəm, Rusiyanın izolyasiyadan çıxması üçün nəzərdə tutulan tədbirlərdir. Burada iştirak eləyəcək beynəlxalq təşkilatların əksəriyyəti məhz Rusiyanın təmsil olunduğu təşkilatlardır. O cümlədən dəvət edilən ölkələr Rusiya ilə yaxın münasibətlərə malik olan ölkələrdir. Onların müvafiq təmsilçiləri foruma qatıla bilər. Əlbəttə ki, tədbirin adının təhlükəsizlik məsələlərinə həsr olunan forum olaraq seçilməsi diqqəti cəlb etmək üçündür. Son illər dünyada təhlükəsizlik məsələləri ön plana çıxıb və daha çox dünyanı narahat eləyən əsas bir neçə problemdən biridir. Ona görə də Rusiya məhz bu ad altında tədbir keçirir”.

Azərbaycanın sözügedən forumda iştirak edib-etməyəcəyinə gəlincə, ekspertin sözlərinə görə, bunu indidən söyləmək çətindir: “Amma nəzərə alsaq ki, Rusiya Azərbaycanla münasibətlərində son altı ayda yanlışlıqlara yol verib və müttəfiqlik münasibətlərinə uyğun olmayan davranışlar sərgiləyir, bu sual açıq qalır. Azərbaycan Rusiyanın maraqlarına və müttəfiqlik münasibətlərinə hər zaman hörmətlə yanaşıb, öz müttəfiqlik öhdəliyini yerinə yetirib. Hər halda, Azərbaycan Prezidenti İlham Əliyev 9 may paradında iştirak etməməklə əslində Rusiyaya mesaj verdi. Lakin düşünürəm ki, 27-29 mayda Rusiya paytaxtında keçiriləcək təhlükəsizlik forumunda Azərbaycanın iştirakı mümkün ola bilər. Prezident səviyyəsində deyil, Təhlükəsizlik Şurasının katibi və ya təhlükəsizlik sektorunda dövləti təmsil eləyəcək şəxslərdən biri iştirak edə bilər. Belə bir ehtimal var. Bu prinsipial bir tədbir sayılmadığı üçün və siyasətə xüsusi ciddi təsir etmədiyinə görə iştirak etməyimiz mümkün variantdır”.

Politoloq onu da dedi ki, Azərbaycan təhlükəsizlik məsələləri ilə bağlı özünün ən yaxın müttəfiqi Türkiyə ilə əməkdaşlığa xüsusi önəm verir. Bunu Azərbaycan Prezidenti İlham Əliyevin mayın 13-də Türkiyə Milli Təhlükəsizlik Şurasının Baş katibi Okay Məmişi qəbul etməsi də təsdiqləyir: “Dövlətimizin başçısı Okay Məmişin Türkiyə Respublikasının Milli Təhlükəsizlik Şurasının Baş katibi təyin olunmasından sonra ilk səfərini ölkəmizə etməsinin əhəmiyyətinə toxunub və bu səfərin uğurlu olacağına ümidvarlığını bildirib. Okay Məmiş də öz növbəsində bu vəzifəyə təyin olunmasından sonra ilk səfərini qardaş Azərbaycana etməsindən məmnunluğunu diqqətə çatdırıb. Verilən rəsmi məlumata görə, söhbət zamanı ölkələrimiz arasında bütün sahələrdə qardaşlıq və müttəfiqlik əlaqələrinin dərinləşməsindən məmnunluq ifadə olunub. Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında səmimi münasibətlərin əməkdaşlığımızın daha da genişlənməsi işinə böyük töhfə verdiyi vurğulanıb. Görüşdə ölkələrimizin bütün istiqamətlər üzrə, o cümlədən təhlükəsizliklə bağlı məsələlərdə uğurlu qarşılıqlı fəaliyyəti qeyd edilib”.

Geri qayıt