Əsas Səhifə > Manşet, Cəmiyyət > Quba sakinləri dərdlərini KİMƏ DESİNLƏR...

Quba sakinləri dərdlərini KİMƏ DESİNLƏR...


28-09-2024, 11:04
Quba sakinləri dərdlərini KİMƏ DESİNLƏR...
Qubanın Bad kəndinin sakinləri iki ay əvvəl bir neçə kəndin geliş-gəlişi üçün istifadə olunan körpünün dağılmasından və indiyədək bərpa edilməməsindən narazıdır. Kənd sakini Ağalar Bayramovun dediyinə görə, Baddan başqa Məccə Xacə kəndindəki məktəbə gedən ətraf kəndin şagird və müəllimləri də bu körpüdən istifadə edirdi. İndi şagirdlərin məktəbə getməsi problemə çevrilib:

“İki ay keçib, dağılmış körpü hələ də bərpa edilməyib. Qəfil yağış başlasa, uşaqlarımız çayın o tayına necə keçib məktəbə gedəcək, bilmirik. Belə getsə, uşaqlar təhsildən geri qalacaq. Biz övladlarımızın həyatını təhlükəyə ata bilmərik”.

Körpünü taxta parçaları əvəz edir

Bad kəndində 80 ailənin təqribən 200 uşağı məktəblidir. Kənddə məktəb olmadığına görə uşaqlar iki kəndi bölən çayın üzərindəki köhnə körpünü adlayaraq dərsə gedirlərmiş. Qonşuluqdakı bir neçə kəndin uşaqları da bu körpüdən istifadə edib. İki ay əvvəl sel körpünü aparıb. İndi iki kənd arasındakı körpünü çayın üzərinə atılmış taxta parçaları əvəz edir.
Kəndlilər deyir, əvvəllər körpünün möhkəmləndirilməsi üçün dəfələrlə yerli bələdiyyəyə, icra nümayəndəliyinə müraciət etsələr də, faydası olmayıb. Nəticədə köhnə, sınıq-salxaq körpü sel sularına qərq olub.

Kənd sakini Şərafəddin Nəzərov deyir, taxta parçaları uşaqların həyatı üçün təhlükəlidir:

“Bilirdilər ki, qarşıdan məktəb mövsümü gəlir. Vaxtında çarə etmədilər. O günlərdə gedib kənd icra nümayəndəsinə demişik ki, heç çayın içərisindəki ağacları ləğv eləyin, uşaqların gediş-gəlişinə çətinlik yaradır, Deyir, rayonun ekologiya şöbəsi icazə vermir”.

Bələdiyyə deyir, fondda pul yoxdur

Bad bələdiyyəsindən bildirilib ki, qurumun fondunda vəsait olmadığına görə körpünü təmir edə bilmirlər. Məktəbə getmək üçün isə alternativ yol var. Sakinlərsə deyir, bələdiyyə sədri belə bir yol tanıyırsa, onlara da göstərsin:

“Kənddə tək-tük adamların maşını var ki, o yoldan keçib gedə bilsin. Bəs maşını olmayanlar necə etsin? Uşağı kürəyinə götürüb çaydan keçsin?”

On gündür məktəb fəaliyyətə başlayıb, kəndlilər hələ də suallar qarşısında qalıb. Onlar körpü bərpa edilməzsə, yağış yağanda övladlarını axar çayın üzərindəki taxta parçalarına etibar etməyəcəklərini bildirirlər.

dia-az.life

Geri qayıt