Əsas Səhifə > Manşet, Gündəm > Pirverdiyev əlini çəkdi, "Express bank" çöküşdə

Pirverdiyev əlini çəkdi, "Express bank" çöküşdə


11-10-2024, 08:23
Pirverdiyev əlini çəkdi, "Express bank" çöküşdə
Azərbaycanda bank deyəndə ağıla dərhal faiz verən, sələmçi gəlir. Çünki bank sistemi bizdə sümürücü mahiyyət kəsb edir. Avropa nədir, qonşu ölkələrə baxaq, aşağı faizlərlə kreditlər paylanır. Azərbaycanda isə banklar müştərilərin dərisini soyurlar, soğan qabığına çevirirlər. Çünki yüksək faizlə verilən kreditlərin altından çıxmaq müşkül məsələdir. Vətəndaşların gəlirləri o səviyyədə deyil ki, krediti rahatlıqla ödəsinlər. O baxımdan banklar müştərilərə "Məşədi İbad" kimi yanaşırlar - maksimum çox qazanmaq. Daha müştəri məmnuniyyəti, bankın reytinqi, insanları razı salmaq prioritetlər deyil. Ona görə banklar funksionallığını itiriblər. Onların işi-gücü kredit paylayıb, sonra ikiqat artıq geri almaqdır. Hazırda bankların ayrı əməliyyatı, başqa fəaliyyəti və layihələri yoxdur. Bütün bu sistem vətəndaşı soymaq üzərində qurulub.
Rubrika.Az araşdırıb ki, bu siyahıda yer alanlardan biri də "Express bank"dır.
Bankın Müşahidə Şurasının sədri Əfqan Cavadovdur. İdarə heyətinin sədri isə Mehman Məmmədovdur. Onların idarəetmə sistemi faizə pul verib gəlir götürməkdir. Halbuki dünyada banklar nəhəng proyektlər həyata keçirirlər. Amma çi fayda, bu qədər kredit paylanmasına rəğmən rəqəmlərə baxanda "Express bank" geriləməkdədir. Maraqlıdır, niyə?
Belə ki, beynəlxalq konsaltinq və araşdırma şirkəti “Markswebb” Azərbaycan banklarının mobil bankinq üzrə reytinqini açıqlayıb. “Express bank” yeddinci sırada qərarlaşıb. Bu da mobil bankçılıq işinin qurulmasında xidmətin aşağı səviyyədə təşkilini xəbər verir. Deməli, mobil işi də o səviyyədə qura bilməyiblər.
Bundan əlavə, 2024-cü ilin yanvar-iyun ayları ərzində “Express Bank”ın xalis mənfəəti ötən ilin müvafiq dövrü ilə müqayisədə 4.8% azalaraq 6 milyon 19 min manat təşkil edib. 2023-cü ilin müvafiq dövründə bank 6 milyon 320 min manat xalis mənfəət əldə etmişdi.
Digər faktlara keçid edək: Cari ilin iyulun 1-nə bankın aktivləri ilin əvvəli ilə müqayisədə 3.3 milyon manat azalaraq 556.8 milyon manata enib. Cari ilin ilk 6 ayında “Express Bank”ın kredit portfeli (müştərilərə verilmiş kreditlər) 7.7% və ya 31.7 milyon manat artaraq 440,9 milyon manata çatıb. Bankın kredit portfelində istehlak kreditləri 205.4 milyon manat ,biznes kreditləri 126.8 milyon manat, daşınmaz əmlak kreditləri isə 108.8 milyon manat təşkil edib.
Bu dövrdə “Express Bank”ın cəmi öhdəlikləri 193 milyon 432 min manat təşkil edib ki, bu da ilin əvvəlinə nisbətən 2.2% və ya 9.7 milyon manat azdır. Hesabat dövründə bankda fiziki şəxslərin depozit portfeli artsa da, hüquqi şəxslərin depozit portfeli kəskin azalıb. Belə ki, cari il iyulun 1-nə bankda fiziki şəxslərin depozitləri 12.2% və ya 18.6 milyon manat artaraq 170.7 milyon manat, hüquqi şəxslərin ( şirkətlərin) depozitləri isə 39.1% və ya 30.6 milyon manat azalaraq 47.7 milyon manat təşkil edib. Beləliklə, bankın ümumi depozit portfeli cari ilin ilk 6 ayında 5.2% və ya 12 milyon manat azalaraq 218.4 milyon manata enib.
Göründüyü kimi, yalnız AZALMA var. Yəni depozitlər geri çəkilir, banka etimad azalır, bu qədər kredit payıansa belə, "Express bank" rentabelli işləmir. Hətta istisna deyil ki, bu rəqəmlər məqsədli şəkildə açıqlanır. Bank özü haqda Mərkəzi Bank və ictimaiyyət qarşısında zərərə düşmüş təəssürat yaratmaq istəyir ki, ondan daha böyük hesabat tələb olunmasın. Hərçənd, bu da məntiqə sığmır, hansı kommersiya qurumu özü barəsində mənfi imic yaratmaq istəyər?
Bununla yanaşı, “Express Bank” ASC-nin Mərkəzi Bank və digər dövlət fondları qarşısında öhdəliyinin məbləği 1 milyon 192 min manat olub. Bu, 2022-ci illə müqayisədə 1 milyon 192 min manat, yaxud da 50% azdır.

Xatırladaq ki, “Express Bank” ASC 2023-cü ildə 12 milyon 015 min manat xalis mənfəət əldə edib. Bankın əldə etdiyi xalis mənfəət 2022-ci illə müqayisədə 3,1% azdır.
Eyni zamanda, Mərkəzi Bankın vaxtaşırı müştərilərin bank xidmətlərindən istifadəsi üzrə şikayət indeksini açıqlaması insanların Azərbaycandakı banklarla bağlı fikrinin hansı yerdə olduğunu göstərir. Bu, həm də bank sektorunda özbaşınalığın qarşısının alınması üçün nəticəli bir metoddur. Orta şikayət indeksində "Expressbank" da yer alıb. Onu da deyək ki, bu bank "Azərenerji" ASC-nin keşmiş prezidenti Etibar Pirverdiyevə məxsus olub. KİV yazır ki, Pirverdiyevin qaynı Hikmət Xammədov "Express Bank”ın 16%-ə yaxın səhmdarıdır. Pirverdiyevdən sonra bankın zəiflədiyi haqda iddialar var. Artıq yuxarıda açıqlanan rəqəmlər də belə deməyə təsəvvür yaradır. Lakin " Express bank" haqda məlumatlar təkcə bunlar deyil və biz növbəti yazılarımızda yeni araşdırmaları, o cümlədən ölkədəki digər problemli banklar barədə məlumatları ictimaiyyətə təqdim edəcəyik. Bu statistika ilə bağlı bankın mətbuat xidmətinin mövqeyini işıqlandırmağa hazırıq.

Rubrika.Az

Geri qayıt