Əsas Səhifə > Manşet, Hadisə > "Siz elm deyəndə nəyi nəzərdə tutursunuz, İsa müəllim?"

"Siz elm deyəndə nəyi nəzərdə tutursunuz, İsa müəllim?"


17-10-2024, 11:12
"Siz elm deyəndə nəyi nəzərdə tutursunuz, İsa müəllim?"
"Azərbaycan elmini "ağ gün"ə çıxaranlardan biri olan akademik İsa Həbibbəylinin 75 illiyi qeyd olunur. Vəzifələrdə olub yaxşı pul qazanmaq qabiliyyəti istisna, İ.Həbibbəylinin heç bir xidməti və savadı mənimkindən artıq deyil. Amma mənim və əhlimin güzəranına baxın, onunkuna baxın! Müqayisəyə gəlmir. Bir qütbdə alim-akademik libaslı iri mülkədar, digər qütbdə isə yeyib-dağıtmaq məsləkindən uzaq, kasıb, evsiz-eşiksiz, ailəsi ilə məşəqqətlərə tərk edilmiş, haqqı çalınmış miskin bir Azərbaycan alimi..." dia-az.life xəbər verir ki, bunu öz ittiham dolu açıqlamasında AMEA Nəsimi adına Dilçilik İnstitutunun Nəzəri dilçilik şöbəsinin müdiri, filologiya elmləri doktoru İdris Abbasov bildirib.
İ.Abbasov daha sonra əlavə edib: "Niyə belədir? Ona görə ki, elm müəssisəsi öz təyinatı üzrə çalışımır. Təsəvvür edin, qurumda alim-makler, alim-dələduz, alim-fırıldaqçı, alim-saxtakar, alim plagiatorlar və bu qəbildən olan ziyanvericilər maddi-sosial təminat altındadırlar, həyatını ciddi əməyə sərf etmiş biçarələr isə zülüm və səfalət içindədirlər...
Siz elm deyəndə nəyi nəzərdə tutursunuz, İsa müəllim? Axı möhtəkirlik, aldatma, saxtakarlıq, fırıldaq, plagiatlıq, dövlətin elmin inkişafı üçün ayırdığı vəsaitlərin mənimsənilməsi elm deyil axı. Yadınızdadırmı, hətta Baş redaktoru olduğunuz plagiat kitabı dövlət vəsaiti hesabına nəşr etdirib "məqsədyönlü siyasətin məntiqi davamı" başlığı ilə mətbuata vermişdiniz.
Mənim halal əməyimə isə minimum yaşayış səviyyəsi əldə etmək imkanı belə, vermirsiniz. Bu, nə düşmənçilik, bu nə qısqanclıq, bu nə qəddarlıq, nə şüursuzluqdur?! Budurmu sizin elm təəssübkeşliyiniz, elm anlayışınız, dövlətə sədaqətli elmi xidmətiniz?!
Ölkəyə və xalqa can yandırmaq üçün vicdan, milli heysiyyət, ədalət, dürüstlük sahibi olmaq lazımdır. Nə yazıq ki, bu müqəddəs nemətlər özünə alim deyən hər kəsə əta olunmur, hərçənd ki, ədalətsiz və qəddar davranışlar onlara qanlı pul, mal-dövlət, şöhrət və gözükölgəlilik gətirir.
PS. Mən, vallah, AMEA prezidenti postu daxil, 30-40 il elm aləmində müxtəlif vəzifələr tutsaydım, elmin bu günə salınmasında özümü suçlu sayıb nəinki təntənəli yubiley keçirməzdim, həmçinin dəsmal götürüb hönkür-hönkür ağlayar, tövbə edərdim, yığdığım milyonları ağlaya-ağlaya gətirib akademiyanın büdcəsinə atıb çıxıb gedər, qalan ömrümü də inzivaya çəkilərdim bəlkə Allah günahlarımdan keçsin deyə..."

Geri qayıt