Əsas Səhifə > Manşet, Cəmiyyət > BU NƏDİ BELƏ: Keniya və İtaliya İslam ölkələri kimi Şuşadakı tədbirdə təmsil olunacaq?

BU NƏDİ BELƏ: Keniya və İtaliya İslam ölkələri kimi Şuşadakı tədbirdə təmsil olunacaq?


17-10-2024, 11:26
BU NƏDİ BELƏ: Keniya və İtaliya İslam ölkələri kimi Şuşadakı tədbirdə təmsil olunacaq?
Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin keçirdiyi tender müsabiqəsinin (Açıq tender) qalibi “Laguna Group” MMC (VÖEN-1004604201) olub.
Yeniavaz.com xəbər verir ki, tenderin qalibi olan şirkət Şuşa 2024-cü il "İslam dünyasının mədəniyyət paytaxtı" ili çərçivəsində İCESCO-ya üzv ölkələrin memarlarının iştirakı ilə "Şuşa simpoziumu" 2024-cü il tədbirinin keçirilməsi xidmətini həyata keçirəcək və qarşılığında 173 min 775 manat 6 qəpik alacaq.
Məlumat üçün bildirək ki, tender müsabiqəsinin şərtlərində xarici ölkələrdən Azərbaycana 17 əcnəbi qonağın gələcəyi qeyd olunub. Maraqlıdır ki, tədbirin Şuşa 2024-cü il "İslam dünyasının mədəniyyət paytaxtı" ili çərçivəsində və İCESCO-ya (İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı) üzv ölkələrin memarlarının iştirakı ilə keçiriləcəyi nəzərdə tutulsa da, əcnəbi qonaqların 3-ü İCESCO-ya üzv olmayan – Keniya, İtaliya və Böyük Britaniyadan gələcəklər.
Qeyd edək ki, tenderin qalibi olan “Laguna Group” MMC daha əvvəl də dövlət qurumlarının keçirdiyi çoxsaylı tender müsabiqələrində qalib olub. Yüz minlərlə manat dəyərində tender müsabiqələrinin qalibi olan şirkət barədə açıq internet resurslarında geniş məlumat yoxdur. “Laguna Group” MMC-nin nə rəsmi saytı, nə də sosial şəbəkə hesabları mövcuddur. Dövlət Vergi Xidmətinin yenilənmiş “Kommersiya qurumlarının dövlət reyestri məlumatları”nda da şirkət barəsində məlumatlar mövcud deyil.
Qeyd edək ki, “Laguna Group” MMC 15 fevral 2017-ci ildə dövlət qeydiyyatına alınıb. MMC qeydiyyata alınan zaman nizamnamə kapitalı 10 manat olub. Hüquqi ünvanı Bakı şəhəri, Binəqədi rayonu, Əcəmi Naxçıvani ev 27, m. 102-də yerləşib, qanuni təmsilçisi isə Qarayev Ərtoğrul Hafiz oğlu olub.
Binəqədi rayonu, Əcəmi Naxçıvani ev 27, m. 102-də daha bir şirkət – “My Vings” MMC (VÖEN – 1002351891) dövlət qeydiyyatına alınıb və bu şirkətin qanuni təmsiçisi Rəfiyev Müzadil İlqar oğludur. Hazırda bu şirkət fəaliyyət göstərmir. Rəfiyev Müzadil İlqar oğlunun qanuni təmsilçisi olduğu başqa bir şirkət – “Aqroman” MMC də (VÖEN – 1202544661) Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin keçirdiyi 800 min manatlıq tender müsabiqəsində qalib olub.
Rəfiyev Müzadil İlqar oğlu xarici işlər nazirinin müavini Rəfiyev Yalçın İlqar oğlunun qardaşıdır. Hazırda xarici işlər nazirinin müavini olan Yalçın Rəfiyev də Binəqədi rayonu, Əcəmi Naxçıvani ev 27, m. 102 ünvanında qeydiyyatdadır. Tenderin qalibi olan “Laguna Group” MMC-nin qanuni təmsilçisi olmuş Qarayev Ərtoğrul Hafiz oğlunun da Yalçın Rəfiyevin yaxın qohumu olduğu bildirilir.

Geri qayıt