Əsas Səhifə > Manşet, Sosial > "Kamal Abdullayev öz çömçəsi ilə qazanı elə qarışdırıb ki..."
"Kamal Abdullayev öz çömçəsi ilə qazanı elə qarışdırıb ki..."18-10-2024, 09:23 |
"Azərbaycan Dillər Universiteti 70-80-ci illərin Beyrutunu – qaynar qazanı xatırladır. Bu qazanın baş aşpazı Kamal Abdullayev öz çömçəsi ilə qazanı elə qarışdırıb ki, onun içindəki adı bilinməyən maye xörək indi artıq özü fırlanır..." dia-az.life bildirir ki, bu açıqlama ilə xeyli müddətdir ki, Azərbaycan Dillər Universitetində müşahidə olunan qanunsuzluqlarla bağlı ilginc iddiaları səsləndirən professor Həbib Zərbəliyev çıxış edib. O daha sonra bunları əlavə edib: "Son günlər yazılı mətbuat və teleleviziyalar bu universitetdə tələbələrin iyun ayından sonrakı təqaüdlərini hələ də ala bilmədiklərindən şikayətlənirlər. Universitetdən isə təqaüdün verilməməsini burada elektron sistemə keçilməsi ilə əlaqələndirirlər. Rektor Kamal Abdullayev, görünür, tələbələrin bir çoxunun yalnız təqaüd hesabına yaşadığını tamam unudub, çünki toxun acdan xəbəri olmur. Ondan soruşmaq lazımdır ki, sənin elektron sistemin qurulana qədər tələbə acmı qalmalıdır? Onu da soruşmaq lazımdır ki, sən iynə vurdurmağa Almaniyaya vaxtında getməsən, vəziyyətin necə olar? Universitetin büdcəsində maliyyə vəsaiti niyə yoxdur? Vəsait yoxdursa, sən niyə az qala Somaliyə qədər onlarla ölkədə ADU-nun mərəkəzlərini açırsan? Oğurluq materiallar əsasında tərtib etdiyin kitablarının tərcümə edilməsi və orada çap edilməsi, özünün reklamın üçünmü? Sən Universiteti niyə bu vəziyyətə gətirdin? Sənin verdiyin yalan məlumatlar əsasında ADU-nun reytinq siyahısında müəyyən yer tutduğunu ictimaiyyətin bilmədiyinimi sanırsan? Azərbaycan Dillər Universiteti, həqiqətən, qaynar qazandır. Burada hər gün nəsə baş verir. Məsələn, bu günlərdə tələbə qızlardan biri Universitetin mühasibliyinin əməkdaşı – Ümumi dilçilik kafedrasının müdiri, rektorun bacısı oğlu Azad Məmmədovun bacısının nəvəsi, yaxud Kamal Abdullayevin bacısının nəticəsi, amma özünü rektorun bacısı oğlu kimi qələmə verən Bayram İsmixanovdan ona qarşı etdiyi hərəkətə görə polis şöbəsinə şikayət edib. Bundan xəbər tutan kimi Kamal Abdullayev onu dərhal köhnə tarixlə işdən azad edib, yəni onun guya ADU-ya aidiyyəti yoxdur. Bəli, rektor belə metodlarla işləyir. ADU-ya bir salnaməçi lazımdır ki, oturub orada baş verənlərin hamısını qələmə alsın. Onu da qələmə alsın ki, rektor Kamal Abdullayev möhür imzasını köməkçisi, altıaylığında işləməyə başlamış Kərəmovu xatırladan, 6 aya dissertasiya yazıb müdafiə etmiş “vunderkind” Çoşqun Dadaşova “bağışlayıb”. O da bu imza ilə istədiyi adama istədiyi sənədi verir. Onun elə ustadı Kamal Abdullayev kimi tezliklə diplom da imzalayıb satacağını artıq proqnozlaşdırmaq olar. Kamal Abdullayevin ezoterikliyi xüsusi və çox geniş bir yazı mövzusudur. Onun ADU-nu ezoterika, numerologiya prinsipləri ilə idarə etdiyini oxucular da, Universitetin əməkdaşları da artıq yaxşı bilirlər. Görünür, elə bu səbəbdən dünən ADU-nun müəllimlərindən biri mənə zəng vurub bir məsələni ona izah etməyimi xahiş edir: “Həbib müəllim, siz son vaxtlar Kamal Abdullayevin “ezoterika”sından tez-tez yazırsınız və yəqin ki, onun cikini-bikini də bilirsiniz. Mən bir neçə gündür ki, ardıcıl olaraq onunla bağlı yuxular görürəm. Xahiş edirəm, bu yuxuları mənə Kamal Abdullayevin ezoterika prinsipləri ilə izah edin. Görürəm ki, Kamal Abdullayev vaxtaşırı Xaqani (keçmiş Molokan) bağının yanında ikimərtəbəli binanın ikinci mərtəbəsində taxta qapılı bir mənzildə bir gün arıq, bir gün kök görünən bir qadınla görüşür və ona tapşırıqlar verir. Mən Kamal müəllimə hər cümləsində “can”, “ay can”, “ay canım” deyən o qadını universitetimizdə adı gedən, ancaq işdə çox nadir hallarda görünən müəllimlərdən birinə bənzədirəm. Onu hərdən televiziyada, mətbuatda “yuxarılar”ın tədbirlərində də görürəm. Gördüm ki, Kamal müəllim ona caduya bənzəyən xırda bir bükülü və vazelin qabında qurd yağına bənzəyən bir şey verir, onun “yuxarılar”da gizlətməli olduğu yeri təsvir edir və qurd yağını necə sürtməyin təlimatını verir, sonra deyir ki, bunları edə bilməsən, mən yoxam, mən yoxamsa, deməli, sən də yoxsan. Səni mən “sən” etmişəm. Baş tutmasa, əvvəlki kimi gündə bir banan yeməklə kifayətlənməli olacaqsan. Həbib müəllim, bu yuxular mənə rahatlıq vermir. Fikirləşdim ki, bəlkə, siz bunun yozumunu bilirsiniz”. Mən həmin müəllimə o yuxuları, əlbəttə, izah edə bilmədim, çünki, necə deyərlər, yuxu “yozer”i deyiləm. Amma Kamal Abdullayevin həmişə həm də cadu ilə işlədiyini bildirdim. Elə ona görə də Kamal Abdullayev arxayınlıqla ADU-nu ona “vəd edilmiş universitet” (“университет обетованный”) kimi görür. Mən də bir dəfə yuxumda Kamal Abdullayevin özünün “Kamaputra” (“putra” qədim hind dili sanskritdə “övlad, oğul” deməkdir) adında bir “müqəddəs” kitab “toqquşdurduğu”nu və orada ADU-nu ona “vəd edilmiş universitet” kimi göstərdiyini görmüşdüm. Onun bu universitetə öz obyekti kimi baxması, yəqin ki, elə özünün də gördüyü yuxular və xəyallarından qaynaqlanır. Kamal Abdullayev ADU-ya tələbələrin mitinqini təşkil edib aranı qarışdıraraq gəlmişdi. Deyəsən, elə də gedəcək. Atalarımızın dediyi kimi, “Hay ilə gələn huy ilə də gedər”..." Geri qayıt |