Əsas Səhifə > Manşet, Hadisə > Nəhayətdə ELM ADI ALTINDA büdcə oğurluğu durdurulmalıdır...

Nəhayətdə ELM ADI ALTINDA büdcə oğurluğu durdurulmalıdır...


21-10-2024, 09:07
Nəhayətdə ELM ADI ALTINDA büdcə oğurluğu durdurulmalıdır...
"Elmi-tədqiqat müəssisəsində elmə heç bir dəxli olmayan direktor, direktor müavini, rəis, katib, müdir, saysız-hesabsız vəzifələr ləğv olunmalıdır. Elmi inzibatçılıqdan xilas edib öz mehvərinə qaytarmaq lazımdır". dia-az.life xəbər verir ki, bu ilginc təkliflə AMEA Nəsimi adına Dilçilik İnstitutunun Nəzəri dilçilik şöbəsinin müdiri, filologiya elmləri doktoru İdris Abbasov çıxış edib.
O daha sonra davam edir: "Dövlətin elm müəssisəsi kimlərinsə müftəxorluğu, varlanıb titullanması üçün bəhanə yeri ola bilməz. Elmə dəxli olmayan bütün bu vəzifələr imha edilməlidir. Yalançı plan işləri ilə, saxta elmi nəticələrlə Azərbaycan elmi heç bir uğur, nailiyyət qazana bilməz. Yalançı nəticələrin ömrü isə su üzərində sabun köpüyünün ömrü qədər olur.
Orta əsrlərə məxsus macəralar baş verir: Bir də görürsən ki, qurumun rəhbərləri işçilərsiz darıxırlar. Tez "işə davamiyyət" (hansı işə??!!) reydləri keçirilir, baş əyditdirilir, yalvartdırılır, gözükölgəli etdirilir, imdad diləndirilir və s. Elmə dəxli varmı? Qətiyyən. İnzibatçıların heç birini elm maraqlandırmır. Hər şey şəxsi zövq-səfa, şəxsi maraq üzərində qurulur...
Bu sahədə müəyyən təcrübəsi olan biri kimi deyirəm ki, elm müəssisəsində bu tip təsisatların, vəzifələrin intriqadan, dövlət vəsaitini boşuna xərcləməkdən, qeyri-elmi cızma-qaralara elmi don geyindirib dövlətin elm potensialını çökdürməkdən savayı ikinci bir funksiyası yoxdur.
Soruşa bilərsiniz ki, sən İdris Abbasov qiymətli tədqiqatlarını harada yerinə yetirmisən? Cavab: Mən elmi sanbalı ilə fərlənən əsərlərimi intriqalarla, provokasiyalara dolu olan akademiya institutlarından yayınaraq tamam kənarda yerinə yetirmişəm, yəni o mühitdə idraka əsaslanan tədqiqat aparmaq qeyri-mümkündür. Transliterasiya, üzünü köçürmə kimi texniki işlər istisnadır.
Deməli, var qüvvəmlə akademiya binasından kənarda işləmişəm, cüzi olsa da, bəlli maaşı heç bir direktorun, ya akademikin qanlı cibindən deyil, halal dövlətimdən almışam.
Dövlətinə fayda verəcək alim, tədqiqatçı üçün qurum daxilində bu qədər inzibati strukturlar, vəzifələr elmə xidmət sayıla bilməz. Tədqiqatçı üçün sakit bir laboratoriya, ya otaq kifayətdir. Direktora, müdirə, rəisə baş əymək onun nəyinə lazımdır?!
Elmi-tədqiqat müəssisəsi sex deyil, zavod deyil ki, işçi işə getməsin və sexin işi dayansın. Heç auditoriya da deyil ki, müəllim getməyəndə dərs boş keçsin. "İşə gəlmədi" demək "Çay dəstgahına gəlmədi", yaxud "Dedi-qodudan, intriqadan kənarda qaldı" deməkdir. Elmdə bu qədər müdir, rəis və digər çoxsaylı vəzifələrin mövcudluğu absurddur.
Elm qurumunda bir para şəxsə xidmət edən inzibati təsisatlar, məsələn, sabiq AMEA prezidenti Ramiz Mehdiyevə və onun sədaqətli xələflərinə ideal vaxt keçirmək vasitəsi kimi hava və su qədər lazımdır.
Beləliklə, belə lüzumsuz strukturların mövcudluğu büdcəyə qarşı qurulmuş tələdir. Bunlar intriqaların səbəbi, elmi inkişafın buxovudur.

***

Mən bütün qiymətli və faydalı əsərlərimi akademiya və institut rəhbərliyinin provokasiya və intriqa orbitindən yayınaraq bir qrup akademşəbəkə tərəfindən zəbt olunmuş elmi-tədqiqat institutundan kənarda ərsəyə gətirmişəm. Onların yaratdıqları qeyri-elmi mühitdə dövlətə və xalqa qara qəpik qədər fayda verən işlər görmək mümkünsüzdür. Halbuki təzyiq, provokasiya, intriqa mühiti yaratmaq əvəzinə iş şəraiti yaratmalı idilər. İşbazlıqla ömür çürütmüş dəstəyə dövlət vəsaiti hesabına saxta kitab, dissertasiya, formal müdafiələr, dissertant və ya doktorant "ovu" və digər yollarla pul qazanmaq və əyləncə qurmaq maraqlıdır.
Ey yeyimcillər! Bilin ki, inzibatçılıqla elm bir araya sığmır. Vəzifəni pul qoparmaq və əyləncə vasitəsi kimi görməklə, onun-bunun əməyini öz adına yazdırtmaqla, yaxud ziyanlı nəşrlərlə quşəppəyi lotusu olmaq olar, amma həqiqi alim olmaq olmaz.
Qoy Ramiz Mehdiyevin əmanət qoyub getdiyi və onun nakam arzularının icraçıları bilsinlər ki, mən onlar kimi canımı Vətən övladlarının canını almaq üçün bəsləməmişəm. Onların bədxahlıqları üzündən ağır maddi-sosial şəraitə düçar edilsəm də, dörd nəfər ailə üzvü ilə qaranlıq, rütubətli və əlverişsiz bir yataqxana otağına sıxışdırılsam da, təklif etdikləri xəyanət yolunu tutmayacağam!
Eybi yoxdur, biz Vətənə qurban gedərik, təki sizin övladlarınız yağlı tikə kimi baxdıqları vəzifələrə nail olsunlar, nail olmadıqları təqdirdə isə payımıza düşən milyonları xərcləyib ölkə xaricində bəslənsinlər!
Unutmayın ki, alim qılafında etdiyiniz iqtisadi, mənəvi və dövləti cinayətlərdən yaxa qurtara bilməyəcəksiniz!
Şəxsən mənə qarşı illərdir ki, etdiyiniz zülüm və işgəncələrin dünyəvi bədəli ilə yanaşı üxrəvi bədəlini də görəcəksiniz!
Hansı elminizə, hansı xidmətinizə, hansı əməllərinizə görə eyş-işrət içində yaşayırsınız, ey alim diplomuna bürünmüş zalım pul kisələri?!
Ey arxadan vuran paxıl və qısqanc namərdlər! Xain planlarla dəstə ilə üstümə gəlməyin, rəqabətə gəlin! Xalqa, millətə, dövlətə və onun elm potensialına xidmət edən rəqabətə! Hazırsınızmı?!.."



YAZILARA İSTİNAD MÜTLƏQDİR...
Geri qayıt