Əsas Səhifə > Manşet, Siyasət > “Dərmanlar bahadır, pulsuz verilməli olan dərmanlar apteklərdə tapılmır”

“Dərmanlar bahadır, pulsuz verilməli olan dərmanlar apteklərdə tapılmır”


23-10-2024, 01:51
“Dərmanlar bahadır, pulsuz verilməli olan dərmanlar apteklərdə tapılmır”
Son bir neçə aydır pulsuz verilməli olan dərmanların təminatında gecikmələr yaranıb. Xəstə yaxınları iddia edirlər ki, boy hormonu preparatı, o cümlədən dializ xəstələri üçün dərmanlar vaxtlı-vaxtında verilmir.

14 yaşlı S.M-nin valideyni Sahibə Məmmədova Meydan TV-yə deyib ki, oğlu somatotrop hormonu çatışmazlığı diaqnozu ilə qeydiyyatdadır, iynə daim vurulmalıdır. Lakin bəzən gecikmələr olur, bu isə müalicənin effektli olmasının qarşısını alır.

“Bu dərmanın ardı kəsilməməlidir. Aptekdə satışda tapılmır, olanda da çox bahadır. Bizim onu almağa gücümüz çatmır. Gecikmələr olanda məcbur gözləməli oluruq”, – Məmmədova bildirib. Valideyn qeyd edib ki, gecikmələr yaydan bəri yaranıb.

Diabet və böyrək xəstələri də dərmanların çox zaman gecikdirilməsindən şikayətlənirlər. Bildirilər ki, poliklinikalarda onlara dərmanların vaxtında verilmədiyini deyirlər. Xəstə yaxını Ədalət Əzizov bildirib ki, dərmanları almaq üçün bəzən saatlarla növbə gözləməyə məcburdur:

“Dərmanlar bahadır, pulsuz verilməli olan dərmanlar apteklərdə tapılmır. Dərman olmayanda isə xəstə çarəsiz vəziyyətə düşür, nəzərə almaq lazımdır ki, bu xəstələr onsuz da dərmana bağlı yaşayırlar”.

TƏBİB-dən Meydan TV-yə bildiriblər ki, hazırda Respublika Endokrinoloji Mərkəzində somatotrop hormonu çatışmazlığı diaqnozu qoyulan 2216 uşaq müalicə olunur. Son 9 ay ərzində Respublika Endokrinoloji Mərkəzində qeydiyyata alınan uşaqların sayında 900 nəfərə qədər artım qeydə alınıb. Bu da, 2024-cü il üçün tələbnamə ilə nəzərdə tutulandan çoxdur:

“TƏBİB-in “İnnovasiya və Təchizat Mərkəzi” tərəfindən Respublika Endokrinoloji Mərkəzi dərman preparatları ilə təmin olunub. Artıq preparatların qrafik üzrə paylanılmasına başlanılıb. Plan üzrə uşaq əhali koteqoriyasının zəruri preparatlar təmin olunması fasiləsiz olaraq həyata keçiriləcək”.

Hemodializ xəstələri “Xroniki Böyrək Çatışmazlığı üzrə Dövlət Proqramı” çərçivəsində müvafiq dərman preparatları ilə təmin edilir. Dərmanlar proqramlı hemodializ seanslarına qoşulan xroniki böyrək xəstələrinə laborator müayinələr əsasında, yalnız həkim təyinatına uyğun verilir. Şöbələrin dərmanlarla təchizatı vaxtında icra edilir.

“Bəzi dərman vasitələrinin alınmasında müəyyən texniki səbəblərlə bağlı (satınalma prosesi, dərmanların qeydiyyat problemi, xəstə sayının artması və.s) gecikmələr baş verə bilər. Bu prosesə nəzarət TƏBİB-in müvafiq struktur bölmələri tərəfindən həyata keçirilir. Hazırda hemodializ xəstələrinin təminatında hər hansı gecikmə və təminatda çatışmazlıq qeydə alınmır”, – qurumdan bildirilib.

Qeyd olunub ki, ayrı-ayrı vətəndaşlar üzləşdikləri problemlə bağlı qeydiyyatda olduqları ərazi üzrə xəstəxanalara, TƏBİB-in Çağrı Mərkəzinə (815) müraciət edə, yazılı müraciətləri birbaşa quruma təqdim edə, rəsmi internet səhifəsi, eləcə də [email protected] elektron poçt ünvanı üzərindən onlayn şəkildə müraciətlərini ünvanlaya bilərlər.

“Eyni zamanda qeyd edirik ki, bütün hemodializ mərkəzlərində avadanlıqlara mütəmadi olaraq texniki nəzarət (müvafiq mütəxəssislərin cəlb olunması ilə) TƏBİB tərəfindən aparılır. Hazırda 4022 nəfər hemodializ xəstəsi qeydiyatdadır”, – məlumatda vurğulanır.

TƏBİB-dən bildiriblər ki, bu yaxınlarda Goranboy Rayon Mərkəzi Xəstəxanasının Hemodializ şöbəsi istifadəyə verilib. Hemodializ xəstələrinin keyfiyyətli tibbi xidmətlə tam həcmdə təmin edilməsi istiqamətində xəstələrin sayını nəzərə alaraq hemodializ mərkəzləri şəbəkəsinin optimallaşdırması yeni dövlət proqramında təklif olunub.
Geri qayıt