Əsas Səhifə > Manşet, Ölkə > Hakim Rauf Əhmədov qanunun ANASINI AĞLATDI...

Hakim Rauf Əhmədov qanunun ANASINI AĞLATDI...


23-10-2024, 10:51
Hakim Rauf Əhmədov qanunun ANASINI AĞLATDI...
"Xəbər verdiyim kimi, Nizami rayon məhkəməsinin hakimi Rauf Əhmədov çox biabırçı qərardad qəbul edib. Hüququn, qanunun nəzəriyyəsini, ruhunu, hərfini, hər şeyini ağlar qoyub. Onu dərc edirəm..." "DİA-AZ" xəbər verir ki, bunu özünün sosial şəbəkə hesabında tanınmış hüquqşünas Əkrəm Həsənov qeyd edib.
O daha sonra bildirir: "Deməli, «KURSUS-NİZAMİ» Mənzil Tikinti Kooperativi (MTK) Nizami rayonunda 4 binanı söküb yerində yeni binalar tikmək istəyir. Bakı şəhər İcra hakimiyyəti qanunsuz sərəncamı ilə həmin 4 binanın altındakı torpaq sahələrini (başqasının əmlakını) MTK-nin istifadəsinə verib və deyib ki, get sakinlərlə razılığa gəl, sök və tik (guya binalar qəzalı vəziyyətdədir, halbuki bu halda Fövqəladə Hallar Nazirliyi binanın sökülməsi ilə bağlı məhkəməyə müraciət etməlidir). Sakinlərin xeyli hissəsi MTK ilə razılığa gəlməyib və Nizami rayon məhkəməsində çoxsaylı proseslər başlayıb və davam edir. Onların çərçivəsində bir neçə qərardad da çıxarılıb ki, bu işlər davam etdiyi dövrdə bina sökülə və sakinlər oradan çıxarıla bilməz. Həmçinin şəhər icra hakimiyyətinin sərəncamının qanuniliyi məsələsinə də Bakı İnzibati Məhkəməsində baxılır.
Lakin bu işlərin bitməsini gözləmək istəməyən MTK məhkəməyə yeni ərizə ilə müraciət edərək müvəqqəti təminat tədbiri qismində sakinlərin köçürülməsi, mənzillərin boşaldılması, binalara girişin qadağan edilməsi, binaların ətrafının şərti olaraq çəpərlənməsi və xəbərdarlıq nişanlarının qoyulması barədə qərardad qəbul edilməsini xahiş edib. Rauf Əhmədov da qərardadı ilə ərizəni təmin edib (baxmayaraq ki, digər hakimlərin çıxardığı MTT-lər üzrə bunu etmək olmaz!).
Onu da deyim ki, qanuna görə müvəqqəti təminat tədbiri (MTT) cavabdehin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə tətbiq edilir və dərhal qüvvəyə minir. Məsələn, kimdənsə borc tələb edilir və məhkəmə bitənədək borclunun əmlak vəziyyəti dəyişə bilər deyə indidən bank hesablarına həbs qoyulur.
Aşkardır ki, bu işdə belə hal yoxdur. MTK ilə sakinlər arasında məhkəmə işləri bitənədək MTK-nin hüquqlarını poza biləcək nə baş verə bilər ki? Sakinlərin mənzilərində yaşaması buna necə mane olacaq ki? Əksinə, sakinlərin indidən binadan çıxarılması onları MTK ilə razılaşmağa məcbur etmək (vəziyyətlərini bərpa edilməsi mümkün olmayan hala salmaq) deməkdir. Qanuna görə MTT müvəqqəti xarakter daşıyır və işin qabaqcadan mahiyyəti üzrə həll edilməsi hesab edilmir. Lakin bu qərardad faktiki olaraq işi mahiyyəti üzrə həll edib: sakinlər çıxarılması mülkiyyət hüququndan məhrum olmaları deməkdir.
Bu qərardadın digər dəhşətli məqamları var. Belə ki, bu cür ərizədən sonra MTK iddia ərizəsi də verməlidir. Lakin verə bilməz. Çünki artıq sakinlərə qarşı belə ərizələr verib. Yəni mahiyyəti üzrə məhkəmə prosesləri artıq gedir. Digər tərəfdən, bu ərizədə MTK cavabdehlərin adını yazmalı idi. Yazmayıb. Qərardadda da sakinlərin, yəni cavabdehlərin adı yoxdur. Sanki söhbət mənzillərdəki insanlardan yox, tövlədəki qoyunlardan gedir. Cavabdeh yoxdursa, hansı iddiadan, hansı MTT-dən söhbət gedə bilər axı?
Faktiki olaraq bu qərardad o deməkdir ki, istənilən şəxsin əmlakı sorğu-sualsız əlindən alına bilər. Məhkəmədə mübarizə aparmağın da heç bir mənası yoxdur. Mülkiyyət hüququ qorunmayan, normal məhkəməsi olmayan məmləkətdə isə dövlətçiliyin özü sual altındadır. Əgər Bakı Apellyasiya Məhkəməsi sakinlərin bu biabırçı qərardaddan şikayətini təmin etməsə, sual-zad da qalmayacaq...
P.S. Yeri gəlmişkən, şəhərimizin bu gün adi yağış nəticəsində iflic olması elə bu xaotik bina sökülməsi və tikilməsi prosesinin məntiqi nəticəsidir. Tikinti şirkətlərini də, məmurları da ancaq pul maraqlandırır. Vətəndaşlarımız və şəhərimiz onları maraqlandırmır..."

Hakim Rauf Əhmədov qanunun ANASINI AĞLATDI...
Hakim Rauf Əhmədov qanunun ANASINI AĞLATDI...
Hakim Rauf Əhmədov qanunun ANASINI AĞLATDI...
Hakim Rauf Əhmədov qanunun ANASINI AĞLATDI...
Hakim Rauf Əhmədov qanunun ANASINI AĞLATDI...
Hakim Rauf Əhmədov qanunun ANASINI AĞLATDI...

Geri qayıt