Əsas Səhifə > Manşet, Cəmiyyət > "Dövlət əmlakı dağıdılıb, həqiqi alimlər dalana dirənib..."
"Dövlət əmlakı dağıdılıb, həqiqi alimlər dalana dirənib..."24-10-2024, 12:00 |
"AMEA-nın prezidenti İsa Həbibbəyli deyib ki, AMEA-nın 2025-2030-cu illər üzrə inkişaf konsepsiyası və yol xəritəsi hazırlanacaq. O bildirib ki, "akademiyanın strukturu əsaslı olaraq modernləşdirilib, elmin yeni prioritetləri dünya elminin çağırışları və dövlət siyasətinin strateji hədəfləri ilə uyğunlaşdırılıb". Nə gözəl səslənir, deyilmi?! Kaş bu gəlişigözəl sözlərin 5-10 faizi gerçək olaydı!" "DİA-AZ" xəbər verir ki, bu açıqlama ilə AMEA Nəsimi adına Dilçilik İnstitutunun Nəzəri dilçilik şöbəsinin müdiri, filologiya elmləri doktoru İdris Abbasov çıxış edib. O daha sonra davam edir: "Akademik yeniləşmə və inkişaf nağıllarının tirajlanması ilə, görəsən, kimisə aldatmaq olur?! Axı hər şey ortadadır. Dövlət əmlakı dağıdılıb, həqiqi alimlər dalana dirənib, gözüm-çıxdıya salınıb, haqları yeyilib, maddi səfalətə tərk edilib, rüşvəti, fırıldağı, plagiatçılığı, müftəxorluğu, dövlət vəsaitini mənimsəməni bacaranlar yaxşı alim modeli kimi irəli çəkilib və s. Elm adına yalnız imitasiya qalıb. İsa müəllim, məgər siz bilmirsiniz ki, akademşəbəkənin bais olduğu hazırkı şəraitdə, pula təslim edilmiş elmdən kənar işbaz alimlərlə, yeyimcilliyə vərdiş etmiş akademşəbəkə üzvləri ilə elmi inkişaf etdirmək mümkünsüzdür?! Uzun illər ərzində aşıladığınız təkcə o pis vərdişləri tərgitdirmək üçün 10 illərlə vaxt lazımdır. Məgər siz 10 ildir, vitse-prezident postunu tutub dövlətçiliyə vurulan zərbələri görmürsünüz? Niyə vecinizə almadınız, bilmirəm. "Mən salim olum, cümlə-cahan batsa da, batsın" prinsipi ilə çıxışlarınızı etdiniz, şənliklərinizi keçirdiniz, özünüzün və əhli-əyalınızın gün-güzəranını təminat altına aldınız, vəssalam. Yaşınızın nisbətən cavan çağında Azərbaycan elmi mühitini saflaşdırmaq üçün bir şey edə bilmədinizsə, ya etmək istəmədinizsə, 75-dən sonra nə edəcəksiniz?! Bu işləri etmək üçün Vətənə, millətə, dövlətə bütün varlığı ilə bağlı olmaq lazımdır. Uzun illər ərzində niyə bir dəfə də olsun, akademik eybəcərliklərəqarşı səsinizi çıxarmadınız, milli maraqlar naminə etiraflar etmədiniz?! Çünki qəlbiniz sızlamadı! Ona görə də laqeyd qaldınız, hətta dağıdıcı qüvvələrin tərəfində oldunuz və akademik həqiqətləri açıb-ağardanları əlaltdan təqib etdirdiniz! O boyda plagiata abidəni akademik dostlarınızla siz qoymadınızmı?! İndi zinətli sözlərin sehri ilə kimi inandıra bilərsiniz ki, ələyini ələyib xəlbirini göydə fırlatdığınız akademiyada inkişaf, yeniləşmə olacaq?! "Dövlət siyasətinin strateji hədəflərinin müdafiəçisi", vallah, belə olmur, İsa müəllim!..." Geri qayıt |