Əsas Səhifə > Manşet, Gündəm > Ceyhun Cəlilov özünü HARDA HİSS EDİR...

Ceyhun Cəlilov özünü HARDA HİSS EDİR...


28-10-2024, 08:21
Ceyhun Cəlilov özünü HARDA HİSS EDİR...
Naxçıvanda şəhid anası Muxtar Respublikanın Baş naziri Ceyhun Cəlilovdan Prezident İlham Əliyevə şikayət edib. "DİA-AZ" xəbər verir ki, bu barədə tanınmış jurnalist Heydər Oğuz paylaşım edib.
Jurnalist daha sonra yazır: "Şəhid anasının sözlərinə görə, dövlətin şəhid ailələrinə ayırdığı imtiyazlardan yararlana bilmir. Baxmayaraq ki, Ceyhun Cəlilov Naxçıvan MR Əmək və Sosial Müdafiə naziri işlədiyi dövrdə qanuni haqqı ilə təmin olunacağına dair şəhid anasına söz veribmiş. Amma qısa müddətdən sonra Ceyhun Cəlilov Baş nazir təyin olunandan sonra verdiyi sözlər də havadan asılı qalıb. Başı təbii ki, nazir işlədiyi dövrdə keçirdiyi qanunsuz tenderləri legitimləşdirməyə və ya tamamilə ləğv etməyə qarışıb.
Anaya cavab isə Ceyhun Cəlilovun nazirlikdə yüksək vəzifəyə təyin etdirdiyi yoldaşının xalası oğlundan gəlib: “Sizə şəhid ailələrinə verilmiş imtiyazlar düşmür”. Vəssəlam, şüt-tamam..."

***

"DİA-AZ" bildirir ki, bunun ardından H.Oğuz Ceyhun Cəlilovla bağlı əldə etdiyi digər ilginc faktları da açıqlayıb. O yazır:
"Dilimizdə məşhur bir ifadə var – kölgəli adam. Adətən, hakimiyyət səlahiyyətlərindən öz qohum-əqrəbaları üçün faydalanan kadrlara belə deyirik. Bəzən isə hakimiyyətə gəlib qanunu hər şeydən üstün tutan, qohumbazlıq etməyən, korrupsiyaya bulaşmayan dövlət məmurlarını da eyni məntiqlə “öz dibinə işıq salmayan çırağa” bənzədirik.
Naxçıvanın Baş naziri Ceyhun Cəlilov da Maşallah, Maşallah, göz dəyməsin, kölgəli adamlardanmış. Eynilə “canişin” əfəndi kimi.
Şəhid anasının Prezidentə video-müraciəti ilə bağlı bizimlə əlaqə saxlayan bir Naxçıvan sakini yazıda keçən bəzi məqamlara aydınlıq gətirərkən belə deyib. Onun iddiasına görə, şəhid anasının şikayətində adı keçən Atabəy Məmmədli əslində Naxçıvanın Baş naziri Ceyhun Cəlilovun yoldaşının yox, yeznəsinin (bacısının yoldaşı) xalası oğlu imiş. Yəni Baş nazir təyin olunar-olunmaz yeznəsinin xalası oğlunu da yaxşı işə düzəldəcək qədər kölgəli adam imiş.
Sual edə bilərsiniz: Ceyhun müəllimin kölgəsi hətta yeznəsinin xalası oğlunun da başına düşübsə, bəs yeznənin özü bundan necə faydalanıb?
Məktub müəllifinin iddiasına inansaq, yeznəsinin özünə həqiqətən də bu kölgənin ən qaymaq yeri düşüb. Kölgəli Baş nazir onu hətta Bakıda “Dost” xidmətində rəhbər vəzifəyə təyin etdirməyi bacarıb. Şamxal adlı yeznə hazırda Departament rəhbəridir. Birinci ixtisası isə ədəbiyyatşünaslıq imiş.
Yadıma Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sabiq aparat rəhbəri Əjdər Ol düşdü. Vaxtilə özünü şair sayan bu adam nazir Səlim Müslümovla əlbir olub sosial yardıma möhtac əhalinin haqqını yeyir və daha sonra yazdığı şeirlərdə kasıb-kusubun halına ağlayırdı. Amma bu timsah yaşları uzun sürmədi. Əjdər Ol külli miqdarda mənimsəmədə və rüşvət almaqda təqsirli bilinərək 8 il 6 ay azadlıqdan məhrum edildi. Bir növ nazir Səlim Müslümovun yerinə yatmaq vəzifəsini öhdəsinə götürdü.
Prinsipcə, “Dost” Xidməti də elə Əmək və Sosial Müdafiə Nazirliyinin nəzdində yaradılmış bir qurumdur. İndi onun Departament rəhbərini belə Naxçıvanın Baş naziri təyin etdirir. O da Əjdər Ol kimi ədəbiyyat adamıdır. Görünən budur ki, ƏƏSMN şeir-sənət adamları olmadan keçinə bilmir. Yəqin işin sonunda nazirin əvəzinə yatmaq üçün bu bədii hissəyə də ehtiyac var.
Allah Şamxal müəllimə Əjdər Ol taleyini yaşatmasın. Yoxsa o da Ceyhun Cəlilovun kölgəsinin və əzbərlədiyi şeirlərin qurbanı ola bilər..."

Geri qayıt