Əsas Səhifə > Manşet, Cəmiyyət > Naxçıvanda absurd qərarlar silsiləsindən...
Naxçıvanda absurd qərarlar silsiləsindən...30-10-2024, 11:14 |
Son vaxtlar Naxçıvanda qəbul olunan qərarlar ictimaiyyət tərəfindən birmənalı qarşılanmır. Bu da təbiidir. Çünki muxtar respublikada elə qərarlar qəbul olunur, elə addımlar atılır ki, bu, nə məntiqə sığır, nə də qanunlara uyğun olur. TNS-ə özəl mənbələrdən daxil olan məlumata görə, muxtar respublika rəhbərliyi daha bir absurd qərar qəbul etmə ərəfəsindədir. Məlumatlı mənbə əməkdaşımızla söhbət zamanı bildirib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin xidməti avtomobili olan “Mercedes-Benz S 500” markalı maşın Naxçıvan Muxtar Respublikasının Bakı şəhərindəki Daimi Nümayəndəliyinin balansına verilir. Qeyd edək ki, ciddi bir funksiyası olmayan nümayəndəliyin balansında hazırda bir ədəd “BMW”, bir ədəd “NAZ-Lifan” markaları avtomobil var. Cəmi 7-8 aktiv işçisi olan daimi nümayəndəliyə 3-cü, özü də bahalı avtomobilin verilməsi başadüşülən deyil. “Mercedes-Benz S 500” markalı avtomobilin qiyməti 300 min manatdan bahadır. Bu avtomobildən paytaxt Bakıda yüksək vəzifəli şəxslər istifadə edir. Prezident Administrasiyasının, Nazirlər Kabinetinin, Milli Məclisin məsul vəzifəli şəxslərinin xidməti istifadəsi üçün belə bahalı avtomobillər verilməyib. Məsələn, Milli Məclisin komitə sədrləri “Mercedes-Benz E 300” markalı xidməti avtomobildən istifadə edir. Bu zaman belə bir sual ortaya çıxır. Naxçıvan Muxtar Respublikasının Bakı şəhərindəki Daimi Nümayəndəliyinə niyə belə bahalı maşın verilir? Bəlkə Naxçıvanın Bakıdakı daimi nüməyəndəsi muxtar respublika rəhbərliyindən daha statuslu, daha vəzifəli şəxs imiş bizim xəbərimiz yoxdur. Niyə bu qənatə gəlirik? Çünki Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini, ali vəzifəli şəxsin səlahiyyətlərini icra edən Bəxtiyar Məmmədovun xidməti avtomobili həmin maşından xeyli ucuz olan “BMW 750”dir. Naxçıvan rəhbərliyinin məntiqinə görə, Ali Məclis sədrinin birinci müavini Bəxtiyar Məmmədov ucuz “BMW”də, muxtar respublikanın Bakı şəhərindəki daimi nümayəndəsi Bəxtiyar Əsgərov isə bahalı “Mercedes”də gəzləməlidir. Bu qərarı Bəxtiyar Məmmədovun özü verir. Çünki həmin avtomobil Ali Məclisin balansındadır. Deməli, Bəxtiyar Məmmədov qəbul edir ki, adaşı ondan daha üstün, daha vacib vəzifəli şəxsdir. Xatırladaq ki, Ali Məclis sədrinin sabiq müavini, ali vəzifəli şəxsin səlahiyyətlərini icra edən Anar İbrahimov məhz bu avtomobildən istifadə edib. Naxçıvan Muxtar Respublikasındakı iki bahalı və lüks avtomobildən biri olan həmin maşının nə iş gördüyü bəlli olmayan, müftə əməkhaqqı alan Naxçıvanın Bakı şəhərindəki daimi nümayəndəsinin istifadəsinə verilməsi növbəti absurd qərardır və qəbuledilməzdir. Həmin avtomobil Naxçıvan Ali Məclisi sədrinin xidməti maşınıdır. Daha bir sual. Ali Məclisin sədri seçilsə, hansı avtomobildən istifadə edəcək? Yoxsa ona da Ali Məclisin qarajındakı köhnə “BMW”lərdən birini vermək fikrindədirlər. Həmin avtomobil Naxçıvana Bakıda yox, muxtar respublikada lazımdır. O avtomobildən Bakıda çoxdur, Naxçıvanda isə yoxdur. Naxçıvana yüksək vəzifəli bir qonaq getsə, məsələn, Azərbaycanın Baş naziri, Milli Məclisin sədri, Prezident Administrasiyasının rəhbəri muxtar respublikaya səfər etsə, hansı avtomobildən istifadə edəcək? Görəsən, Naxçıvan rəhbərliyi bu barədə nə düşünür? Məlumatlı mənbə onu da deyib ki, “Mercedes-Benz S 500” Bakıya daimi nümayəndə Bəxtiyar Əsgərovun xidməti istifadəsi üçün aparılmır. “Bəs kimin üçün aparılır?” sualımıza isə cavab verilməyib. Geri qayıt |