Əsas Səhifə > Manşet, Güney Press > Başçı təzə olsa da...
Başçı təzə olsa da...Bu gün, 17:07 |
"57 yaşımda kimsəsiz tənha qadınam, səhhətimdə ciddi problemlərim var. Yaşadığım ev də çox şəraitsiz, bərbad vəziyyətdədir. Yağan yağış evimin içinə yağır. Heç yerdən də bir gəlirim yoxdur ki, heçolmasa evimin damını təmir edim, üstəlik dolanışıq və dərmanlarımı da çox böyük çətinliklərlə əldə edirəm. Bununla bağlı icra başçısı Adil Əliyevin də qəbulunda oldum. Adil müəllim yanımda icra nümayəndəsinə və bələdiyyə sədrinə mənə kömək etmələrini tapşırdı. İcra nümayəndəsi cəmi bir dəfə bir dərmanımı almağa kömək etdi, bələdiyyə sədri isə ümumiyyətlə heç nə etmədi. Nömrəsini tapıb zəng etdim, telefonda üstümə qışqırdı, bir də onu narahat etsəm başqa cür olacağı ilə təhdid etdi və bildirdi ki, "mənim pulum yoxdur, get, Adil müəllim öz cibindən sənə kömək etsin"." "DogruXeber.az" xəbər verir ki, bu sözləri bir müddət əvvəl Suraxanı rayonu Qaraçuxur qəsəbəsi, Mədən 4 ünvanında yaşayan İsmayılova Səlminaz Allahverdi qızı redaksiyamıza müraciətində bildirib. Doğrusu, xanımın müraciəti ilə tanış olduğumuzda ilk reaksiyamız yeni təyin edilmiş icra başçısının fəaliyyətinə kölgə salmağa çalışdıqlarını düşünməyə başladığımız icra nümayəndəsi ilə bələdiyyə sədrini qınamaq oldu. Çünki, dəfələrlə sosial şəbəkələrdə və iştirak etdiyimiz tədbirlərdə gənc idmançılarla, şəhid ailələri və qazilərlə mehriban görüşüb, qol-boyun şəkillər çəkdirdiyinin şahidi olduğumiz Adil Əliyevin barəsində həm vətəndaş, həm də media nümayəndəsi olaraq, özümüz də müsbət fikirdə olmuşuq. Həmçinin, keçmiş millət vəkili, hazırkı Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı olan Adil Əliyevin çox məmurlardan fərqli olaraq, ən azından heçolmasa qayğıya ehtiyacı olan şəxslərə mehriban münasibəti, xoş davranışları ilə mənəvi dəstək olduğunu düşünərək, onu təqdir etmişik. Hətta, imtiyazlı şəxslərin dövlət qurumları ilə bağlı olan problemlərinin həlli istiqamətində Adil müəllimin əlində hər hansı bir səlahiyyəti olarsa, o, səlahiyyətin verdiyi imkanlar daxilində əlindən gələni edəcəyindən əmin olduğumuz üçün ölkə başçısı ona etimad göstərib, icra başçısı təyin etdiyində Suraxanı sakinləri adına sevinib, onu təbrik edənlərdən biri də biz olmuşuq. Lakin, qısa müddət sonra Səlminaz İsmayılovanın redaksiyamıza ünvanladığı müraciəti bizi biraz təəccübləndirdi. Barəsində yerli mediada və sosial şəbəkələrdə kifayət qədər mənfi məlumatlar yer almasına baxmayaraq, biz yenə də onun qazilərlə olan səmimi şəkillərini, çıxışlarında və söhbətlərində dilindən düşməyən Allah kəlməsini dəyərləndirib, əgər xəbəri olarsa Səlminaz xanıma dərhal köməklik göstərəcəyinə ümid etdik. Odur ki, oktyabr ayının 22-də Suraxanı Rayon İcra Hakimiyyətinə xanımın müraciəti əsasında rəsmi sorğu göndərdik. Bu gün noyabr ayının 15-dir və hələ də göndərdiyimiz sorğunun cavabı yoxdur. Biz dəfələrlə icra hakimiyyəti ilə telefon əlaqəsi saxlayıb, sorğumuza cavab verilməməsinin səbəbini öyrənməyə cəhd etdik, amma bu cəhdlərimiz də nəticəsiz qaldı. Ümumi şöbədə telefonumuza cavab verəcək olan bir Allah bəndəsi tapılmadı ki, tapılmadı. Bəlkə onlar əlaqə yaratmağımızda kömək edə bilər deyə növbətçi hissəyə zəng etdik, onların da əlaqələndirmək cəhdləri bizimki kimi puça çıxdı. Biz Adil müəllimdən böyük ümidlə sorğumuza cavab, Səlminaz İsmayılovaya isə kömək gözləyirdik ki, digər tərəfdən onun barəsində daha bir narazılıq gəldi. Suraxanı Rayon Hövsan qəsəbəsi, Elman Qasımov döngə 2 ünvanında yaşayan şəhid ailəsi Şahmurov İlqar Əlihəsən oğlu iddia edir ki, 2016-cı ildə Suraxanı rayon icra nümayəndəsindən 18.000 (on səkkiz min) manat ödəməklə 6 sot torpaq sahəsi alıb, 2023-cü ilin sonuna qədər həmin torpağın vergisini ödəyib və bu müddət ərzində orada meyvə bağı salıb, tikinti aparmaq üçün 7.000 min ədəd tikinti daşı tökdürüb. Amma, Adil Əliyev bu rayona icra başçısı təyin olunduqdan sonra durumlar dəyişib. Birdən-birə həmin torpaq sahəsi ağır texnikalar vasitəsilə dağıdılıb, tikinti daşları isə icra başçısının tapşırığı əsasında aparılacaq olan abadlıq işləri üçün qəbristanlıq ərazisinə daşınıb. İlqar Şahmurov bildirir ki, ağzını açıb haqqını tələb etdiyində onu dövlətə xəyanətdə və narkotik ticarətlə məşğul olmaqda ittiham edərək, həbs etməklə təhdid ediblər. Adil Əliyevin Suraxanı rayonuna gələr-gəlməz Hövsan sakininin onun barəsindəki bu iddiaları bir zamanlar onun barəsindəki əvvəllər deputatı olduğu Nərmanov rayon sakininin iddialarını xatırlatdı. Hansı ki, Nərimanov sakini də Adil Əliyevin onun mənzilini sökdürərək, yerində dəbdəbəli restoran-şadlıq evi tikdirdiyini və bu restoranı da qaynanasının adına rəsmiləşdirdiyini iddia edirdi. Düzdür, bu və digər bu kimi məlumatlar çox saytlardan sildirilsə də bəzi saytlarda hələ də qalmaqdadır. Əlqərəz... Yazının əvvəlində də qeyd etdiyimiz kimi, bizim niyyətimiz qətiyyən bir zamanlar təqdir etdiyimiz məmur Adil Əliyevi tənqid etmək deyildi. Çünki, ən azından könüllərini oxşadığı qazilərin, şəhid ailələrinin xətri və dilindən düşməyən Allah adı onu bizə fərqli biri kimi təqdim edib. Amma, ya çalışanların məsuliyyətsizliyindən, ya da başqa bir səbəbdən cavabsız qalan sorğumuz, çarəsiz tənha qadın - Səlminaz İsmayılovanın bu gün də davam edən göz yaşları, şəhid ailəsi olduğunu deyən İlqar Şahmurovun əlindən zorla alınmış haqqı bizi bu barədə yazmağa vadar etdi. Mövzuya qayıdacağıq və ümid edirik ki, növbəti yazımızda Adil müəllimin qeyd etdiyimiz problemləri şəxsən nəzarətinə götürdüyü və məsələlərin müsbət həllini tapdığından bəhs edəcəyik. Amma, sonda təəssüflə onu da qeyd etməliyik ki, Suraxanı rayon icra hakimiyyəti barəsində narazılıq dolu məlumatlar redaksiyamıza gəlməkdə davam edir. Odur ki, növbəti günlərdə həmin məlumatları da aidiyyatı üzrə aydınlaşdıraraq, diqqətinizə çatdırmağa çalışacağıq. Redaksiamız hər kəsin söz haqqını tanıyır. DogruXeber.az Geri qayıt |