Əsas Səhifə > Manşet, Gündəm > "İcranın işçisi məndən on min manat rüşvət istədi"
"İcranın işçisi məndən on min manat rüşvət istədi"Bu gün, 08:39 |
Yerli mətbuatda vəzifəsindən əvvəl "qoçları ilə məşhur olan" Adil Əliyev eyni səbəb və oxşar mövzularla yenidən gündəmə gəldi. "DogruXeber.az" xəbər verir ki, Suraxanı rayonu Yeni Suraxanı 14 iyul küçəsində yaşayan Aynur Nuriyeva adlı xanım agentliyimizin tabeliyində fəaliyyət göstərən "Kanal14" YouTube kanalı ilə canlı bağlantı yaradaraq sözügedən rayonun yeni icra başçısı Adil Əliyev və onun rəhbərlik etdiyi qurumun "qoçu" çalışanlarından gileylənib. Xanımın sözlərinə görə o, tənha anadır və himayəsində iki azyaşlı övladı var. Yaxınları ilə on ildən çoxdur yaşadığı evin həyətində övladları ilə ayrıca yaşamaq üçün balaca bir ev tikməyə qərar verib. Buna dair lazımi sənədləri əldə etmək məqsədilə yerli icra hakimiyyətinə müraciət edib. İcra hakimiyyətinin torpaq şöbəsindən adını təqdim etməyən səlahiyyətli bir şəxs ona bələdiyyə və icra nümayəndəliyinə müraciət etməyi məsləhət görüb. Aynur xanım bildirir ki, bələdiyyə binasında özünü sədrin oğlu kimi təqdim edən Əhməd adlı şəxs ondan bünövrə üçün 500 (beş yüz), icra nümayəndəliyində əyləşən Elməddin adlı şəxs isə tikinti apara bilməsi üçün 10.000 (on min) manat tələb edib. Xanım buna etiraz etdiyində və bu barədə aidiyyatı qurumlara şikayətçi olduğunda isə Elməddin adlı şəxs onu 14 yaşlı övladı ilə təhdid edib. Aynur xanım Nuriyeva canlı yayımda təhdidlərə məruz qaldığını, özünün və övladlarının həyatlarının təhlükə altında olduğundan qorxduğunu ifadə edib. P.S: Qeyd edək ki, Aynur Nuriyevanın müraciətilə bağlı aidiyyatı qurumlara göndərilməsi üçün tərəfimizdən rəsmi sorğular hazırlanıb. Qarşıdakı günlərdə məsələ ilə bağlı daha ətraflı məlumatları və aidiyyatı qurumların bu dəhşət saçan məsələyə reaksiyasını təqdim edəcəyik. Mövzunu davam etdirəcəyik. Redaksiamız hər kəsin söz haqqını tanıyır. DogruXeber.az Geri qayıt |