Əsas Səhifə > Sosial, Manşet > HƏYATIMIZ TƏHLÜKƏ ALTINDADIR

HƏYATIMIZ TƏHLÜKƏ ALTINDADIR


2-11-2011, 12:49
HƏYATIMIZ TƏHLÜKƏ ALTINDADIR

TUM BAZARI NƏDƏN NƏZARƏTSİZ QALIB?

DİA.AZ: - Azərbaycanda ərzaq bazarının nəzarətsizlik altında olması faktdır. Və elə buna görə də bu gün ölkə əhalisinin taleyinin ipdən asılı olması haqda qənaətlər formalaşır. Yəni nə yediyimizdən xəbərsiz olduğumuzdan Azərbaycanda kütləvi şəkildə zəhərlənmə ehtimalları daha yüksək hesab olunur.

Dövlətin satışa çıxarılan, əhaliyə təqdim olunan ərzaq üzərə müvafiq nəzarət qurumları isə burada daha çox korrupsiya və inhisarçılıq maraqlarından çıxış etdiklərindən, onları insanlarımızın sağlıq durumunun heç ilgiləndirmədiyi də məlumdur. Təsəvvür edin, əgər bu gün ölkənin iqtisadi inkişaf nazirliyinin antiinhsar xidməti hansısa oliqarx-məmurun özəl biznes maraqlarının keşikçisi kimi çıxış edirsə, artıq bu qurumdan məhz vətəndaşların mənafeyinə xidmət edən hansısa addımı gözləmək absurddur.

Belə olan şəraitdə isə satışa təqdim olunan məhsulların keyfiyyət məsələsi arxa plana keçmiş olur. Bu gün hakimiyyətin tam olaraq çətiri altında milyonları həzm-rabedən keçirən «Azərsun» Holdinqin patronu Abdolbari Gozal cənabları istədiyi keyfiyyətdə ərzaq məhsulunu Azərbaycan xalqına yedirtməklə məşğuldur. Kimsə bunun əksini iddia edə bilməz. Belə nəzarətsizlik şəraitində isə Abdolbari Gozalın hansı mənada Azərbaycan üçün təhlükəli fiqur olduğunu təxmin etmək çətin deyil.

Elə redaksiyamıza daxil olan şikayət ərizəsində də ərzaq təhlüküsizliyi məsələsindən danışılır. Şikayətçinin hədəfində satışda olan «Semeçki» markalı tumlardır. Ərizədə bildirilir: «İki gün əvvəl azyaşlı uşağımın təkidi ilə evimizin yaxınlığında yerləşən ərzaq dükanında «Semeçki» tumları aldım. Və tumu yeyərkən uşaq onun içindən bir neçə ədəd şüşə qırıntıları taparaq mənə verdi. Bildirim ki, onlardan birini uşaq hətta tuma bənzədib yemək də istəyirmiş və bu zaman ağız nahiyəsinin ətrafı kəsilib. Xahiş edirəm, bu məsələni işıqlandırasınız və heç bir normativlərə uyğunlaşdırılmayan məhsulları satışa çıxaran şəxslərin məsuliyyətə cəlb olunmasına yardımçı olasınız».

Bildirək ki, şikayətçimiz eyni zamanda bizə həmin tumun qabını və «uduş olaraq əldə etdiyi» şüşə qırıntılarını da təqdim edib. Biz də araşdırma apararaq öyrənə bildik ki, «Semeçki» tumlarını Füzuli İlyas oğlu Usubov adlı istehsalçı «Bizim Ailə» brendi altında satışa çıxarır. İstehsalçının ünvanı kimi isə Samux rayonu İnstitut qəsəbəsi göstərilir.

Onu da bildirək ki, araşdırmalarımız zamanı «Semeçki» tumlarının tək qüsurunun içində vətəndaşlara şüşə qırıntılarını «uduş» olaraq təqdim etməsi olmadığını da müəyyən etdik. Məlum oldu ki, tum qablarında nə onun istehsal olunduğu tarix var, nə də istehlak müddəti. Yalnız bir xatırlatma qeyd olunub ki, tumlar istehsal olunduğu tarixdən 45 gün sonraya qədər yeyilə bilər. Hər halda, bu şəkildə vətəndaşların sağlamlığı ilə oynanılması artıq bütün limitlərin aşılması deməkdir.

Ümumiyyətlə, tum bazarının bu gün nəzarətsiz saxlanılması barədə yerli mətbuatda dəfələrlə yazılıb. Və hətta aşkarlanan faktların birində vurğulanırdı ki, alıcılara təmizlənmiş tumlar adı altında təqdim olunan tumlar əslində çox iyrənc üsulla əldə olunur. Bildirilir ki, ayrı-ayrı tum istehsalçıları bir kiloqram tümü bir manata ayrı-ayrı vətəndaşlara çırtlama yolu ilə təmizlətdirirlər. Yəni bir kiloqram tumun çırtlanaraq təmizlənməsi müqabilində bir manat pul verilir. Bu yolla əldə olunan təmizlənmiş tumlar isə heç bir gigiyenik qaydalara əməl olunmadan satışa çıxarılır.

Hər halda bekarçılığın rəmzi olan tum çırtlamağın Azərbaycanda çox məşhur bir vərdiş olduğunu xatırlamağımıza ehtiyac var. Həm də ona ehtiyac var ki, dövlətin müvafiq qurumlarının bu bazarı başlı-başına buraxması nəhayətdə ölkə insanlarının müxtəlif xəstəliklərə yoluxma ehtimallarını yüksəldir. Xüsusən də əgər tumların içindən yad əşyalar da çıxırsa…


Geri qayıt