Əsas Səhifə > Güney Press, Araşdırma > SUMQAYITDA ABSURD TORPAQ DAVASI

SUMQAYITDA ABSURD TORPAQ DAVASI


29-09-2012, 10:58
SUMQAYITDA ABSURD TORPAQ DAVASI
VƏTƏNDAŞIN TORPAQ SAHƏSİNİ GÖZGÖRƏSİ ZƏBT EDİBLƏR...

Sumqayıt şəhəri, 20-ci məhəllə, ev 101-də yaşayan Gözəl Həsənova şəxsi mülk sahibi olmasına peşman olub. Buna səbəb isə naməlum şəxslərlə aralarına torpaq sahəsi üstündə düşən mübahisədir.

Şikayətçi yazır ki, qanuni sənədlərlə aldığı torpaq sahəsindəki sökdüyü qarajın yeri başqaları tərəfindən mənimsənilib, özü də əllərində heç bir sənəd olmadan. G,Həsənovanın yazdığına görə, şəxsi mülkü olan qarajının yerində ev tikmək istəyib. Ona görə də qarajı sökəndən sonra həmin yerə tikinti materialları - mişar daşı, sement, qum, çınqıl töküb: "Hətta 12 sıra hörgü işi aparılmışdı. Günlərin birində əraziyə dörd nəfər tanımadığım şəxs gəldi. Dedilər ki, bu torpaq sahəsini 50 min manata alıblar və mənə məxsus olan tikinti materiallarını tezliklə ərazidən yığışdırım. Onların bu xəbərdarlığından sonra mən məsələ ilə bağlı Sumqayıt şəhər İcra Hakimiyyətinə müraciət etdim. İcra başçısının müavini Sahib müəllim mənə dedi ki, narahat olmayım, heç kim başqasının şəxsi mülkiyyətinə toxuna bilməz. Sahib müəllimin bu sözləri narahatlığıma son qoydu. Çünki həmin torpaq sahəsi sənədlərə əsasən mənim şəxsi mülkümdür. Həmin torpaq "dəllal"larına bildirdim ki, bir daha məni narahat etməsinlər, yoxsa onlardan hüquq-mühafizə orqanlarına şikayət edəcəyəm. Onlar isə sözlərimə məhəl qoymadılar. Hətta gecənin birində gəlib tikdirdiyim divarları söküb, yerinə iki qaraj qoyublar".

Maddi və mənəvi zərər gördüyünü qeyd edən G.Həsənovanın yazdığına görə, bünövrəyə və hörgüyə 30 kisə sement işlətdiyi azmış kimi, 25 kisə sementi də oğurlanıb. Şikayətçinin sözlərinə görə, naməlum şəxslərin bu addımı atmasına səbəb isə onun kimsəsiz olması və əlinin heç yerə çatmamasıdır.

G.Həsənova bildirir ki, lazım gəlsə, həmin torpaq sahəsinin kimə məxsus olması yenidən araşdırıla bilər. O zaman məlum olar ki, həmin torpaq sahəsi qanuni sənədlərlə onun şəxsi mülküdür.

Məsələ ilə bağlı şikayət olunan tərəflə əlaqə saxlamaq cəhdimiz alınmadı.

Mövzuya qayıdacağıq.

Geri qayıt