Əsas Səhifə > Partiya > ZAUR QURBANLININ EVİNDƏ AXTARIŞ APARILIB
ZAUR QURBANLININ EVİNDƏ AXTARIŞ APARILIB30-09-2012, 13:56 |
VƏKİLİ HƏLƏ DƏ ONU TAPA BİLMİR Sentyabrın 29-u səhər saatlarında saxlanılmış NİDA Vətəndaş Hərəkatının üzvü Zaur Qurbanlının hara aparılması məlum deyil. Zaur Qurbanlının vəkili Anar Qasımov AzadlıqRadiosuna bildirib ki, şənbə-bazar iş günləri olmadığından məsələni aydınlaşdırmaq olmur. «Dünən Yasamal məhkəməsinə də getdim. Məhkəmənin sədr əvəzi rayon prokuroru ilə əlaqə saxladı. Dedilər ki, ya Binəqədi, ya da Abşeron məhkəməsinə aparıla bilər. Onlarla da əlaqə saxladım. Qeyri-iş günü olduğu üçün heç bir məlumat ala bilmədim». Sentyabrın 29-u səhər saatlarında NİDA Vətəndaş Hərəkatının üzvü Zaur Qurbanlı yaşadığı evin önündə saxlanıb. Onu saxlayanların özlərini Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları kimi təqdim etdiyi bildirilir. Z. QURBANLININ EVİNDƏ AXTARIŞ APARILIB Paralel olaraq Müsbət Dəyişiklik Hərəkatının ofisində də axtarış aparılıb. MD Hərəkatının üzvü Məhəmməd İlyasoğlunun AzadlıqRadiosuna dediyinə görə, axtarış başlayandan az sonra Z.Qurbanlı ofisə gətirilib. Ofisdən NİDA Vətəndaş Hərəkatına məxsus çap materialları götürülüb: «Ofisdə oturmuşduq, mülkigeyimlilər gəldi. Dedilər Zaur Qurbanlıya nə isə vermişik, onun dostuyuq. İndi onun özü də gələcək. Zauru gətirdilər, sonra dedilər ki, biz Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşlarıyıq. Bütün kompüterləri söndürdülər. Müsbət Dəyişiklik Hərəkatı ilə NİDA-nın bütün sənədlərini ayırdılar. Hamımızın bir-bir şəkilini çəkdilər. Bizi aparmaq istəyəndə, onlara zəng gəldi ki, yalnız Zauru gətirin. Bir də NİDA-ya məxsus hələ yayılmamış bukletlər götürüldü. O bukletlərin üstündə İlham Əliyevin şəkli, bir də yazı var idi: «2013-cü ildə mən əgər gedərəmsə...»». Z.Qurbanlının Yasamal rayon Polis İdarəsinə aparıldığı deyilir. DİN-in mətbuat xidmətindən AzadlıqRadiosuna bildirdilər ki, yaxın saatlarda bu barədə məlumat verəcəklər. Yasamal rayon Polis İdarəsindən isə idarəyə Zaur Qurbanlı adlı şəxsin gətirilmədiyini deyiblər. Geri qayıt |