Əsas Səhifə > Güney Press, Üçüncü sektor > LƏNKƏRAN SAKİNİ QAYNATASINA HƏSRƏT QALIB

LƏNKƏRAN SAKİNİ QAYNATASINA HƏSRƏT QALIB


2-10-2012, 09:15
LƏNKƏRAN SAKİNİ QAYNATASINA HƏSRƏT QALIB
VƏTƏNDAŞIN ŞİKAYƏTİ MİQRASİYA XİDMƏTİNDƏNDİR

Redaksiyamıza Lənkəran rayonu Liman şəhərində yaşayan Şükürov Əkbər Musa oğlundan şikayət məktubu daxil olub.

Şikayətçi müraciətində Dövlət Miqrasiya Xidmətinin əməkdaşlarından gileylənir, onların rüşvət tələbetmə hərəkətlərindən bəhs edir.

Ə.Şükürov məktubda qeyd edir ki, o, milliyətcə rus olan bir xanımla ailə qurub, iki uşaqları: “Oğlum Ruslan 9-cu, qızım Mina isə 7-ci sinifdə oxuyurlar. Ailəmiz artıq 9 ildir ki, Azərbaycanda yaşayır və mən bu ölkənin vətəndaşıyam. Ötən ilin əvvəlində qayınatam, 66 yaşlı Boblikov Yuriy Qriqorevic nəvələrini görmək üçün Azərbaycana - qızıgilə gəlmişdi. O, burada müvəqqəti yaşamaq üçün Lənkəran rayonu Liman şəhəri icra nümayəndəliyindən yazılı icazə - arayış da aldı. Yuriy Qriqorevic ötən il may ayının 31 – də evinə - Aktau şəhərinə qayıdarkən miqrasiya xidmətinin işçiləri onu aeroportda xeyli incidiblər, yəni pul istəyiblər”.

Şikayətçi daha sonra bildirir ki, qayınatası ikinci dəfə avqust ayının 13 – də Azərbaycana gəlib, lakin bu dəfə onu elə aeroportdaca geri qaytarıblar və buna heç bir səbəb də göstərməyiblər.

Ə.Şükürov bu məsələ ilə bağlı Milli Məclisin sədri Oqtay Əsədova müraciət edib və qayınatasının ölkəmizə gəlməyinə şərait yaradılmasını xahiş edib: “O. Əsədov da öz növbəsində müraciətimi Dövlət Miqrasiya Xidmətinə göndərdi, oradan isə Səbuhi adlı birisi mənə zəng edib qayınatamın pasport göstəricilərini istədi (guya, kömək edəcəkdi) və biz lazımi məlumatları verdik. Bir müddətdən sonra isə Dövlət Miqrasiya Xidmətindən cavab gəldi ki, bəs, qayınatam qanunları pozduğuna görə 3 il ölkəmizə gələ bilməz. Halbuki, mən ilk dəfə Dövlət Miqrasiya Xidmətinə müraciət etdikdə, Nurlan adlı əməkdaş bu müddətin 1 il olduğunu bildirmiş və 400 manat cərimə ödənilməsini istəmişdi”.

Şikayətçi məktubunda deyir ki, bundan sonra onda belə təəssürat yaranıb ki, ardıcıl şikayətlərimdən sonra Dövlət Miqrasiya Xidmətində qayınatasıyla bağlı hansısa sənədlərə tələsik düzəliş ediblər: “Məgər, qayınatamın Lənkəran rayonu Liman şəhəri icra nümayəndəliyindən aldığı yazılı icazə - arayış sənəd deyildimi və ona hörmət edib güzəşt etmək olmazdımı? Axı, birinci dəfə olduğu üçün onu başa salıb xəbərdarlıq edə bilərdilər”.

Ə.Şükürov sonda xahiş edir ki, üzləşdiyi problemi işıqlandıraq və qaynatasının ölkəyə gəlməsinə yardımçı olaq.

Geri qayıt